Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimə olunub.

Daxili İşlər Nazirliyindən İslamazeri.com-a bildirilib ki, Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən təkcə Bakı şəhərinin mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirilir.
Qeyd olunub ki, növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.
Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və həmin şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.
Həmçinin Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.
Nazirlikdən bildirilib ki, bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.
Bakıda REYD: 175 nəfər cərimə olundu