1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:22.07.2019 17:28:20

Azərbaycanda tanınmış jurnalistlər bu gün ölkədə medianın vəziyyətini necə qiymətləndirirlər?

Bu gün Azərbaycanda Milli Mətbuat və jurnalistika günüdür. 144 il əvvəl bu gün maarifçi Həsən bəy Zərdabinin başçılığı ilə çap olunan "Əkinçi" qəzeti Azərbaycan mətbuatının başlanğıcı hesab olunur.

Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mətbuat azadlığının məhdudlaşdırılması, jurnalistlərin həbsi və onlara təzyiq edilməsi ilə bağlı tənqid edilib.

Hökumət bu tənqidləri əsassız hesab edir. Prezident İlham Əliyev Azərbaycanda mətbuat azadlığının qorunduğunu deyir.

Avropa Parlamenti 2018-ci ilin iyulunda qəbul etdiyi qətnamədə Avropa İttifaqına gələcəkdə Azərbaycanla bağladığı razılıqlarda siyasi məhbusların azad edilməsini ətraflı razılığın ratifikasiyası üçün şərt olduğunu Azərbaycan hökumətinə xatırlatmağı tövsiyə etmişdi.

Sənəddə hazırda həbsdə olan jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Elçin İsmayıllının dərhal azad edilməsinə nail olması tövsiyyə edilmişdi.

Qətnamədə həmçinin Aİ-yə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qoyulan qadağanın qaldırılmasına nail olunması tövsiyyə edilib.

Azərbaycanda həbs olunan jurnalistlərdən başqa, müxalifyönlü media ilə əməkdaşlıq edən bir sıra jurnalistə ölkədən çıxış məhdudiyyəti qoyulub.

Bəs Azərbaycanda tanınmış jurnalistlər bu gün ölkədə medianın vəziyyətini necə qiymətləndirirlər?

 

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev

 

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev

"Azərbaycan mətbuatının vəziyyəti kifayət qədər ağırdır və yaxşılığa doğru dəyişiklik yoxdur", Mehman Əliyev deyir.

BBC News Azərbaycancaya danışan cənab Əliyev söyləyir ki, "hökumətin mətbuat üzərində mənfi nəzarəti qalır və mətbuatın iqtisadi müstəqilliyi demək olar ki, əlindən alınıb".

"Bu gün informasiya əldə etmək problemi dərinləşib, mətbuat xidmətləri işləmir və dövlət orqanlarından informasiya almaq kifayət qədər çətindir. Mən şəxsən məhkəmələrdən bir informasiya sorğusuna aylarla cavab ala bilmirəm. Azərbaycanda informasiyalar gizlədilir. Məsələn, biz Gənclər və İdman Nazirliyindən məlumat ala bilmirik ki, bu günlərdə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalına nə qədər vəsait ayrılıb. Halbuki, bu informasiyalar açıqdır, vəsait dövlət büdcəsindən ayrılıb və cəmiyyət nə qədər vəsait ayrıldığını bilməlidir".

Mehman Əliyev hesab edir ki, informasiya əldə etmək problemi Azərbaycan mətbuatının yeganə problemi deyil. O deyir ki, "hökumət jurnalistlərin həbsini və səfər qadağasını onlara qarşı təzyiq vasitəsi kimi istifadə edir".

"Onlarla jurnalist həbsxanadadır, bir hissəsini azad edirlər, yenilərini həbs edirlər. Bütün bunlar jurnalistikaya təzyiq vasitəsidir, hakimiyyət deyir ki, jurnalisti həbs edə bilərik, ölkədən çıxışına qadağa qoya bilərik, nə istəsək edərik. Bu, medianın nəinki inkişafı, əksinə, qapadılması, çərçivələrə götürülməsi, idarə olunmasıdır.

Diffamasiya ilə bağlı məhkəmələrə başlayıblar, təzyiq edirlər, amma jurnalistlərin üzə çıxardığı oğurluq milyardlarla bağlı korrupsiya hallarını heç kim araşdırmır. Bu gün bununla bağlı kimsə cəzalandırılırmı? Elə sonuncu saat məsələsinə toxunaq, kim soruşur ki, vəzifəli şəxslərin uşaqlarında bu qiymətli saatlar haradandır?"

Cənab Əliyev deyir ki, cəmiyyətin sosial şəbəkələr vasitəsilə özünün informasiya məkanını yaratması müsbət məqamlardandır. Onun fikrincə, "hakimiyyətin nəzarət etdiyi medialar bu gün ictimai fikrə təsir edə bilmir və bu, cəmiyyətin uğurudur".

"Biz jurnalist olaraq itirmişik, vətəndaş olaraq qazanmışıq. Əslində, itirilən hər şeyi bərpa etmək olar, amma insanları qaytara bilmərik. Bu yolda həlak olanları qaytara bilmərik, onlara verilən işgəncələri sağlamlaşdıra bilmərik, həmin illəri qaytara bilmərik. Qalanlarını isə normal, sağlam siyasət çərçivəsində qaytarmaq olar".

 

"APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı

 

"APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı

Vüsalə Mahirqızının fikrincə, Azərbaycanda məlumat əldə etməklə bağlı problem var, amma düşünür ki, bu problemə müxtəlif tərəflərdən baxmaq lazımdır.

O hesab edir ki, məlumat verməli olan qurumların mətbuat xidmətlərinin strukturuna yeni baxış olmalıdır.

Media rəhbəri bildirir ki, "lazım olan yerdə reaksiyaların çevikliyinin təmin olunması, medianın sorğularına cavab verilməsində və məlumatların operativliyində problemlər var, amma müəyyən tənqidlərdən sonra müsbət istiqamətdə addımlar atılır".

Vüsalə Mahirqızı deyir ki, rəhbərlik etdiyi qurumun təzyiqlə üzləşdiyi hal olmayıb. O deyir ki, xırda insidentlərin olması mümkündür, amma bu, mətbuatla bağlı olmadıqda bunu mediaya təzyiq kimi qiymətləndirmir.

"İş prosesində müəyyən məsələlər ola bilər, məsələn, hansısa quruma yaxınlaşdıqda qapıdakı nəzarətçi sizi içəri buraxmaya bilər, amma burada media ilə əlaqəli və ya qurumun qərarverici insanları ilə problem yaşanmırsa, hesab etmirəm ki, bu, mediaya qarşı təzyiqdir".

Bəzi jurnalistlərə ölkədən çıxış məhdudiyyətinin qoyulması və ya onların həbsi ilə bağlı sualları cavablandıran qurum rəhbəri deyir ki, o, "qadağaları ləğv olunan digər jurnalistlər kimi qalan jurnalistlərin də ölkədən çıxış məhdudiyyətinin götürüləcəyinə ümid edir".

"Necə ki, məsələlər araşdırıldı və cinayət işləri ilə bağlı qərar veriləndən sonra onların üzərlərindən qadağalar götürüldü, ümid edirəm ki, üzərində hazırda ölkədən çıxış məhdudiyyəti olan digər həmkarlarımızın da üzərindən bu qadağalar götürülər.

O ki, qaldı həbsə, heç bir vəzifə və peşə fəaliyyəti ilə məşğul olmaq insanları məsuliyyətdən azad etmir. Hazırda həbsdə olan, bizim jurnalist kimi tanıdığımız və jurnalist həmkarımız dediyimiz insanların heç birinin üzərində faktiki olaraq jurnalist fəaliyyəti ilə məşğul olduğuna görə həbsdə olmaqları ilə bağlı ittiham yoxdur, yenə də hamısına həmkar kimi tezliklə azadlıq arzulayıram".

Mətbuat Şurasının idarə heyətində təmsil olunan Vüsalə Mahirqızı söyləyir ki, Şuranın reketliklə bağlı həyata keçirdiyi tədbirlər ictimai qınaq və medianın nüfuzunun qorunması xarakterini daşıyır.

"Biz göstəririk ki, media adından sui-istifadələr və onun nüfuzunu ləkələyənlər var. Reketlik dediyimiz - insanlardan hədə-qorxu yolu ilə rüşvət tələb etmək və digər məsələlər cinayət əməlidir və bu problemin həlli ilə məşğul olmaq hüquq-mühafizə orqanlarının işidir. Mətbuat Şurasının bu məsələdə işi ictimai qınaq təşkil etmək və duyurmaqdır ki, filankəslər jurnalist fəaliyyəti ilə məşğul deyillər".

Vüsalə Mahirqızı deyir ki, o, media qurumlarına hər hansı formada hədiyyə verilməsinin əleyhinədir, amma onun fikrincə, dövlətin jurnalistlərə verdiyi evlər "Azərbaycan prezidentinin humanist aksiyasıdır".

 

 

"Media qurumlarını diqqətdə saxlamaq, qurumun yubileyində açıqca və ya bir dəstə çiçək göndərmək olar, amma hədiyyə və rayon turları olmaz. Bir dəstəni Qubaya və ya başqa yerə aparmaq heç bir quruma xeyir gətirmir. Hansısa önəmli gündə, məsələn mətbuat günündə media ilə sosial layihələr, medianın peşəkarlığının artırılması yönündə təlimlər keçirmək olar.

Jurnalistlərə verilən evlər Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Reallığı nəzərə alaq ki, bu gün Azərbaycanda media qurumlarının böyük əksəriyyəti rentabelli biznes layihələri deyillər və onların biznes gəlirləri əməkdaşlarına o qədər maaş verməyə yetmir ki, həmin maaş hesabına adamlar gedib özlərinə ev alsınlar. Bəzi həmkarların evləri var, zamanında özlərinə müəyyən bizneslər qurublar və bu məsələlərə bir az eqoist yanaşmaları var, bunu doğru hesab etmirəm. APA qrupda olan təxminən 20-yə qədər əməkdaşa ev verilib. O adamların hansı birinə deyilib ki, bu yazını belə yaz, onu müdafiə et? Belə bir şey yoxdur".

 

Araşdırmaçı jurnalist Xədicə İsmayılova

 

Araşdırmaçı jurnalist Xədicə İsmayılova

Xədicə İsmayılova Azərbaycan mətbuatında müsbət dəyişiklik görmür, əksinə, o düşünür ki, problemlər çoxalmaqda davam edir.

O deyir ki, "2007-ci ildə repressiyaların sayı çox idi, amma onda mətbuat institusional şəkildə mövcud idi".

"Azərbaycanda elə dövr olub ki, indikindən daha çox jurnalist həbs olunub, amma həmin 2007-ci ildə mətbuat institusional şəkildə mövcud idi, indi isə yox. İndi qəzet yoxdur, jurnalistikaya dəstək verəcək QHT-lər məhv edilib, jurnalistin üz tutacağı vəkillər incidilir. Jurnalist üçün bu şəraitdə işləmək qat-qat çətindir. Mövcud olan ənənəvi müstəvilərin hamısından azad söz qovulub və sosial şəbəkələrə gedib. Ötən 10 il ərzində Azərbaycan mətbuatına qarşı institusional soyqırımın aparıldığı qənaətindəyəm və təəssüf ki, hökumətdən bu soyqırımın dayandırılması yönündə heç bir iradə görmürəm".

Xədicə İsmayılova söyləyir ki, Azərbaycan mətbuatının əsas problemlərindən biri "ölkədə müstəqil jurnalistin işləyə biləcəyi radio və televiziyaların olmamasıdır".

"Radio və televiziya kanallarının hamısı hökumətə bağlıdır, oliqarxiyanın nəzarəti altındadır. Bu, təkcə maliyyə nəzarəti deyil, həm də total senzuradır. Bu kanallarda heç bir tənqidi fikrə yol verilmir. Eyni şey qəzetlərlə bağlıdır, ölkədə çap olunan müstəqil qəzet yoxdur. Hətta XIX əsrdə belə kəndlərə qəzet gedib çıxırdı, indi gedib çıxmır".

Araşdırmaçı jurnalist deyir ki, "hökumətin qəzetlərə və jurnalistlərə mənzil və ya heç bir əsaslandırılması olmayan, hökumətin maliyyələşdirməsi şəklində pul verməsi reketliyin rəsmiləşdirilməsi idi".

"Ciddi problemlərdən biri "ələbaxımlı" jurnalistikanın formalaşmasıdır. Hökumət mənzil şəklində və ya qəzetlərin maliyyələşməsi vasitəsilə qəzetləri ələbaxımlı edib. Rəsmi və qeyri-rəsmi şəkildə rüşvət almaq normaya çevrilib və hökumət rüşvət və hədə qorxu yolu ilə kiminsə haqqında pis məlumatları yaymaq və ya yaymamaq təcrübəsi ilə pul qazanmağı leqallaşdırmağa nail oldu. Mən kimisə hədələyib həqiqəti gizlədən və ya yayan, eləcə də hədələyərək yaymayan insanları öz həmkarım hesab etmirəm, amma təəssüf ki, belələri bu gün jurnalist vəsiqəsi daşıyanlar arasında olduqca çoxdurlar".

Xədicə İsmayılova söyləyir ki, jurnalistlərə xüsusi imtiyaz verilməsinin əleyhinədir və əlavə edir ki, "jurnalistə imtiyaz yox, zəng edəndə ona məlumat vermək lazımdır".

"Jurnalist vəsiqəsindən istifadə edənlər və imtiyaz əldə etmək istəyənlər var, bu qanunsuzdur və cəzalandırılmalıdır. İkinci tərəf isə, jurnalist vəsiqəsindən qorxduğu üçün bu imtiyazları verənlər var. Həmin adamların pis işləri, qaranlıq işləri olmasa, onlar da vəsiqəsini yellədən adamın qarşısından geri çəkilməzlər. Bu hekayədə hər iki tərəf mənfi qəhrəmandır. Əgər jurnalist qaydanı pozursa, yol polisi vəsiqəyə görə imtiyaz verməsin və ya üzərində "press" yazılan avtomobilə əlavə parklama xidməti verilməsin".

Xədicə İsmayılova deyir ki, "ölkədə səfər qadağası olan və yazdığı məqalələrə görə məhkum edilənlər var, bu isə özünü demokratik adlandıran ölkədə mümkün deyil".

"Biz unutmamalıyıq ki, bizim jurnalistikanın və ölkənin üzərində çox böyük ləkə qalmaqdadır ki, qətlə yetirilən jurnalist Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb. Ölkədə jurnalistə qarşı olan hücum və cinayətlər hələ də cəzasız cinayətlər sırasındadır. Ölkə rəhbərliyi və hüquq-mühafizə orqanları cinayətlərin üstünün açılması statistikası ilə bağlı böyük rəqəmlər söyləyirlər, amma fakt ondan ibarətdir ki, jurnalistlərə qarşı törədilən cinayətlərin heç birinin üstü açılmayıb. Bircə iş belə nümunə gətirə bilmərik ki, jurnalisti öldürənlər, döyənlər, oğurlayanlar öz cəzasına çatmış olsun".

 

Yeni Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu

 

Yeni Müsavat media qrupunun rəhbəri Rauf Arifoğlu

Rauf Arifoğlunun fikrincə, media ilə bağlı dünya miqyasında məhdudlaşdırma prosesi gedir.

Onun fikrincə, "yeni media"nın meydana çıxması xəbər bolluğuna gətirib çıxarsa da, yazılı mətbuata tiraj problemi yaşadır.

"İndi xəbər qaynağından məlumat əldə etmək olduqca asandır. Bütün nazirliklərin, rəsmi idarələrin, şirkətlərin hamısının mətbuat xidmətləri var və gündə 4-5 bülleten yayılır. Əvvəllər biz xahiş edirdik, günlərlə gözləyirdik ki, qurumların strukturları barədə məlumat versinlər, indi onlar bizdən xahiş edirlər ki, məlumatı yayaq".

Cənab Arifoğlu deyir ki, "əslində bütün sahələrdə reketlik var, amma jurnalistika göz önündə olduğu üçün hamı bura baxır".

"Reketlik pul gətirən bütün sahələrdə var, maklerlikdə, hüquq-mühafizə orqanlarında, hər yerdə. Sadəcə jurnalistika müəyyən immunitet verir deyə ölkənin bir sıra dələduzları, asan yolla pul qazanmaq istəyənlər daha çox bu sektora üstünlük verirlər. Mətbuat Şurasında reket jurnalistikası ilə mübarizə aparan xüsusi komissiya yaradılıb, amma onların fəaliyyəti uzun müddət heç bir nəticə verməyəcək, çünki reket jurnalistləri bəsləyən, əyri yollarla para qazanan müəyyən kəsim var".

Media qrupunun rəhbəri söyləyir ki, jurnalistlərin həbsini və ölkədən çıxış qadağasını pisləyir və hesab edir ki, bu hallar artıq aradan qaldırılıb və jurnalistlərin əksəriyyətinin üzərindən səfər qadağası götürülüb.

Rauf Arifoğlu hökumətin jurnalistlərə verdiyi evlər barədə suala cavabında deyir ki, "bunu təqdir edir".

"Arzu edərdim ki, Azərbaycanın media sektoru elə bir hala gəlsin ki, hər bir qəzet öz əməkdaşına ev tikdirə bilsin. Azərbaycan jurnalistikasında hələ ki, böyük pullar qazanmaq, media qruplarının böyük vəsaitlər əldə etmək imkanı yoxdur. Əgər bu imkanlar yoxdursa, dövlət ev verirsə, onu da təqdir edirəm. Onsuz da bu insanlar çalışsalar da mövcud əmək haqları ilə ev almaları qeyri-mümkündür".


“Jurnalistə imtiyaz yox, zəng edəndə ona məlumat vermək lazımdır”, Azərbaycan jurnalistləri Mətbuat günündə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ