EURO 1,9292 NEFT 57,09
USD 1,7 RUB 0,0255

Əbdül-Basit Məhəmməd Əbdüs-Səməd kimdir?

Əbdül-Basit Məhəmməd Əbdüs-Səməd kimdir?

Əbdül-Basit 1927-ci ildə Misirin cənubunda Qina əyalətinə bağlı olan, Ərmənt şəhərinin Məzaizə kəndində anadan olmuşdur. O, Qurani-kərimin hifzi və qiraətinə diqqət və maraq göstərilən bir yerdə dünyaya göz açır. Babası Əbdüs-Səməd quran hafizlərindən və təqvalı şəxslərdən sayılırdı. Qardaşları ilə birlikdə 6 yaşında quranı hifz etməyə başlayır.

Ustadı şeyx Əmir, onun fövqəladə istedadına və qiraət məharətinə heyran qalır. Çünki O, öz həmyaşıdlarından daha çox quranı öyrənib, ustadının tapşırıqlarını diqqətlə yerinə yetirməyə can atırdı.

Ustad Əbdül-Basit öz müsahibələrində belə deyir: 10 yaşımda qurani-kərimi əzbərlədim və quran axar bulaq kimi dilimdən cari olurdu. Atam nəqliyyat nazirliyinin işçisi idi. Babam isə böyük alimlərdən idi. Mən onlardan 7 növ qiraəti öyrənmək üçün kömək istədim. Onlarda mənə Misirin Tənta şəhərindəki ustad Məhəmməd Səlimin yanına getməyi məsləhət bildilər. Kəndimiz Misirin cənubunda yerləşirdi. Tənta şəhəri isə Misirin şimalında olduğuna görə bizə çox uzaq qalırdı. Amma buna baxmayaraq gələcək planlarıma və kariyerama görə bu səfərə hazırlaşdım. Təntaya getməyimə bir gün qalmışdı ki, ustad Məhəmməd Səlimin bizim kəndimizə quran və qiraət elmləri dərsi vermək üçün gəldiyini öyrəndik. Kənd camaatı ustadın hansı məqam sahibi olduğunu bilirdilər. Ona görədə ustadı böyük izzət və hörmətlə qarşılayıb onun ətrafında toplaşdılar. Allahın qəzavü-qədəri idi ki, ustad Təntadan bizim kəndə gəlmişdi. Məndə ustadın dərsinə gedib yenidən quran hifzimi təkrarlayıb, “Şatibiyyə” mətnini ki, bu mətn 7 növ qiraətə məxsus bir mətn sayılırdı ustadın yanında əzbərlədim.

Ustad Əbdül-Basit 12 yaşında ustadının hər yerdə onu tərifləməsi nəticəsində Qina əyalətinin hər şəhər və kəndindən tilavət üçün dəvət olunur. Çünki ustad Məhəmməd Səlimin tərifi camaat üçün möhkəm dəlil və sübut sayılırdı.

1950-ci ildə ustad Əbdül-Basit, xanım Zeynəbi-Kübranın(ə) ziyarətinə gedir. Bu ziyarətə səbəb, məşhur qarilərdən olan ustad Əbdül-Fəttah Şəşai, Mustafa İsmail, Əbdül-Əzim Zahir və Əbül-Əynəyn Şüeyşə kimi məşhur ustadların orada quran məclisi təşkil etməsi idi. Zeynəbiyyə məscidində gecənin yarısının keçməsinə baxmayaraq əhlibeyt(ə) aşiqlərilə dolub daşırdı. Bu vaxt ustad Əbdül-Basitin yaxınlarından biri məclisi təşkil edənlərdən ustad Əbdül-Basitin 10 dəqiqəlik tilavət etməsini xahiş etdi. Ustad Əbdül-Basit tilavət üçün minbərə çıxır. Bu zaman məscid sükuta qərq olur. Hamı bu gənc və cəsur qarinin tilavətini səbirsizliklə gözləyirdilər. Bir neçə dəqiqə keçmişdi ki, sükut öz yerini uca fəryad və dəstəklərlə əvəz etdi. Hamı ustada “Allah yəftəh ələyk”, “Allahu Əkbər” kimi kəlmələrlə dəstək verirdi. Məsciddə hazır olanlar elə hiss edirdilər ki, divarlar Allahı təsbih və tənzih edirlər. O gecə 10 dəqiqəlik tilavət, 1 saat yarıma qədər davam edir.

Radioyaya dəvət: Zeynəbiyyə məscidindəki tilavətinin bərəkətindən 1951-ci ilin sonlarında ustad Zəbbanın vasitəsilə Misir radiosuna dəvət alır. Ustad Zəbba Zeynəbiyyə məscidindəki tilavət kasetini radionun münsiflər heyətinə təqdim edir. Onlar ustad Əbdül-Basitin fövqəladə səsi və tilavət qaydalarını dəqiq yerinə yetirməsindən təəccüb edirlər. Elə həmin ildə ustad Əbdül-Basit Misir radiosunun parlayan və sevilən qarilərindən olur. Milyonlar insanın qəlbində öz yerini tapır və hamı tərəfdən onun ilahi bir nemət olduğu deyilirdi.

Xarici ölkələrə səfər: Ustad Əbdül-Basit quran qiraəti və təbliği üçün istər Ramazan ayında istərsədə digər aylarda dünyanın müxtəlif ölkələrinə səfər etmişdir. Hətta bəzi dəvətləri sırf məclis xatirinə deyildi. Çünki ustadı sevənlər və tərəfdarları onun vücudunun sevinc və şadlıq gətirdiyinə inanırdılar. Buna sübut olaraq ustadın rəsmi və dövlət tərəfindən qarşılanmağını göstərmək olar. Pakistana səfəri zamanı bu ölkənin başçısı tərəfindən havalimanında qarşılanır. İndoneziyanın paytaxtı Cakartada ən böyük məsciddə tilavət edərkən 1km fasilə məsafəsində və 250000 müsəlmanın səhərə kimi ayaq üstə ustadın tilavətini dinləməsi onun nə qədər sevilməsinə başqa bir sübutdur. Hindistana səfəridə böyük izdihamla qarşılanır. Ustad, təkcə müsəlman ölkələrinə səfər etməklə kifayətlənmir. Bəlkə dünyanın bütün nöqtələrində yerləşən və qəlbləri quran eşqilə döyünən müsəlmanlarla görüşür. Tilavət etdiyi məşhur məscidlərdən: Məscidul-həram, Məscidi-Nəbəvi, Qüdsdə Məscidul-Əqsa, Məscidi İbrahimi, Dəməşqdə Əməvi məscidi, Asiyanın məşhur məscidləri, Afrika, Amerika birləşmiş ştatları, Fransa, London və digər ölkələr olmuşdur.

Ustad Əbdül-Basitin tilavətlərinin həmişəyaşar və əbədiliyinin əsas səbəbi onun fövqəladə səsilə yanaşı, gözəl əxlaqa sahib olmasıdır. Buna nümunə olaraq ustadın Avropa ölkələrindən birinə səfər etdiyi vaxt göstərdiyi kəramət və səxavətidir. Misirin məşhur qarilərindən sayılan ustad şeyx Əhməd Ruzeyqi, İran İslam Respublikasına səfər edərkən bu səfərdəki təəssüratlarını belə bölüşür:

Mən ustad Əbdül-Basitlə birlikdə 1 ay müddətində quran oxumaq üçün səfərə çıxmışdıq. Daima ustadın yanında olub onun tilavətlərindən bəhrələnmək istəyirdim. Bu səfərimiz çox gözəl və bərəkətli oldu. Bir aylıq zəhmətimizə görə hərəmizə bir çanta vermişdilər. Ustadın çantasında bilmirəm bunu deyim ya yox?! Ustad Əbdül-Basitin çantasına yüz min dollar, mənim çantama isə on min dollar zəhmət haqqı qoymuşdular. Bu səfərdən qayıdan zaman təyyarədə ustad mənə belə dedi: Şeyx Əhməd ev işini nə etdin? Çünki vəziyyətimizi bilirdi. Məndə belə cavab verdim ki, ustad bilirsiz Qahirədə ev sahibi olmaq çətindir. Bu vaxt ustad Əbdül-Basit mənə belə dedi: Səndən bir xahiş etsəm yerinə yetirərsənmi? Məndə bir şagird kimi sözündən çıxmamağıma söz verdim. Ustad Əbdül-Basit şagirdi şeyx Əhməd Ruzeyqinin çantasını alıb, öz çantasını ona verir. Ustadın yüz min dolları rahatlıqla şagirdinə verməsi, onun nə qədər səxavətli və quran əxlaqına sahib olmasının nişanəsidir.

Vəfatı:Ustadınşəkər xəstəliyilə mübarizəsi şiddətlənir. O, müxtəlif qidalarla bu xəstəliyə qarşı mübarizə aparsada qaraciyər iltihabınında artması bu mübarizənin qarşısını alır. Nəhayət 1988-ci il 30 fevral tarixində ustad fani dünyayla vidalaşır. Ustadın cənazə mərasimində minlərlə quransevər və müxtəlif ölkələrdən gələn şəxsiyyət və səfirlər iştirak edirlər. Ustadı böyük hüzn və kədər içində son mənzilə yola salırlar.

Tilavətləri: Ustad Əbdül-Basitin şah əsərlərindən və tilavətlərindən olan Həşr,Təkvir və Fəcr surəsinin son ayələrini Bağdadda imam Kazım(ə) və imam Cavadın(ə) hərəmində yerinə yetirmişdir. Ustad bu tilavət haqqında belə deyir: Məclisdə qəribə bir mənəvi təsirə düşmüşdüm.Tilavətimdən öncə imam Kazım(ə) və imam Cavaddan(ə) icazə aldım.Ustadın digər məşhur qiraətlərinə, Əhzab, Yusif, Həcc, Qəmər- Ər-Rəhman, Furqan-Bələd-Nəsr, Məryəm-Tariq-Fəcr-Bələd-Zuha-İnşirah, Bəqərə-Fələq-Nas-Həmd-Nəsr və İxlas surələrini nümunə göstərmək olar. (Quranseverler.com)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ