EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Bəhmənyar kimdir? (II hissə)

Bəhmənyar kimdir? (II hissə)

Əvvəli burada

İdrak nəzəriyyəsi


Şərqin başqa peripatetik filosofları kimi Əbülhəsən Bəhmənyar da idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərmişdir.
Orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəaliyyət göstərən digər fikir cərəyanlarının nümayəndələrinə nisbətən peripatetik filosoflar təbiətşünaslıq məsələləri ilə daha çox məşğul idilər. Onlar təbiətin sirlərinə daha dərindən bələd olmaq üçün ilk növbədə bilavasitə konkret maddi şeyləri və hadisələri qavramağa çalışırdılar. Bu səbəbdən Şərq peripatetizminin qnoseologiyasında idrakın hissi mərhələsi çox böyük əhəmiyyət daşıyırdı.
Şərq peripatetikləri digər mühüm fəlsəfi məsələlərin şərhində olduğu kimi, idrakda hissin, duyğuların rolunu müəyyənləşdirərkən də ardıcıl aristotelizm mövqeyində durmuşlar. Hisslər, duyğuları idrakın mənbəyi hesab etmək haqqında birinci müəllimin doktrinasını demək olar ki, onun Şərqdəki bütün tərəfdarları qəbul etmişlər.
Bəhmənyar İbn Sina təlimindən çıxış edərək göstərir ki, insan fitrətən məlumat toplamağa, elm öyrənməyə qabildir. Filosofun fikrincə, şeylər təbii surətdə diyğular vasitəsiylə, sonra onların nüsxəsi olan təxəyyül vasitəsiylə dərk edilir. Azərbaycan filosofu bu münasibətlə yazır: "İnsanda duyğu ilə dərk etmə, vəhmlə dərk etmə və əql ilə dərk etmə vardır."
Ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın fəlsəfəsində idrakın hissi mərhələsi öz növbəsində iki qismə bölünür.Birinci qismdə duyğulardan, onların təbirincə xarici hisslərdən, ikinci qismdə isə daxili hisslərdən bəhs edilir. "Təhsil" kitabında deyilir: "Xarici hisslər beşdir: toxunma, dadbilmə, iybilmə, eşitmə və görmə."
Bəhmənyarın fikrincə "duyğu fərdi ayrıcaları qavrayır." Duyğulardan birincisi toxunmadır, canlı varlıq onun sayəsində canlanır.
"Təhsil" kitabında göstərilir ki, idrakın hissi formaları konkret şeylərin dərk olunmasına yarayır, duyğu, xəyal və yaddaş ayrıca şeyləri mənimsəyir. Duyğu, çoxlular üçün deyilən "insanı" dərk etmir. Xəyal da elədir. Xəyala, yaxud, insani duyğuya hər hansı surəti gətirsən, sair fərdi surətlərin onda müştərəkliyi sənin üçün mümkün olmaz.
Əbülhəsən Bəhmənyar xarici və daxili hissi qüvvələri bir-birindən təcrid edilmiş şəkildə deyil, vəhdətdə, biri digərini tamamlayan idrak mərhələsi kimi götürürdü. O, "Təhsil" kitabında yazırdı: "Duyğu təkrarlandıqda yaddaş olur, yaddaş təkrarlandıqda təcrübəyə çevrilir." Bəhmənyar hissi idrak formalarının sadədədən mürəkkəbə doğru inkişafını izləmişdir: yaddaş qüvvəsi vəhmə xidmət edir. Bədəndə vəhmdən öncə olan qüvvələrin hamısı yadda saxlayan qüvvəyə və təxəyyül qüvvəsinə, beş duyğu isə müştərk hissə xidmət edir.
Şərq peripatetiklərinin idrak təlimində istər xarici, istərsə də daxili hissi qüvvələrin fəaliyyətinin bilavasitə orqanizmin fəaliyyəti ilə bağlı, hissi idrak qabiliyyətinin bədənin müvafiq üzvlərindən asılı olduğu göstərilir. "İzahat" kitabında deyilir: "Nəfs hissi və xəyala gətirilən şeyləri üzv vasitəsylə dərk edir". Bəhmənyarın fikrincə, hissi idrak müəyyən bir üzvə görə və onun təsirlənməsi sayəsində mümkün olur. O, bu baxımdan "Mövcudatın mərtəbələri" traktatında yazır: "Hər bir dərkedilən şey, dərkedəndə təzahür edir."
Şərq peripatetiklərinin idrak nəzəriyyəsində nəfsin xarici və daxili hissi qüvvələri içərisində təxəyyül qüvvəsi ilə təfəkkür qüvvəsi xüsusi əhəmiyyət daşıyır. İbn Sina və Bəhmənyar qeyd edirlər ki, təxəyyül qüvvəsi heyvani nəfsə, təfəkkür qüvvəsi isə insani nəfsə nisbətdədir.
Təfəkkür qüvvəsi əqli idrakın mümkün olmasını təmin edir. Beləliklə, ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın təliminə görə heyvani nəfs qüvvələri təxəyyül qüvvəsində sona vardığı halda, insani nəfs qüvvələri üstəlik təfəkkür qüvvəsinə, daha doğrusu, əqli idraka da malikdir.
Şərq peripatetiklərinin fəlsəfəsində əqli idrak məsələləri geniş işıqlandırılmışdır. Aristotelçi filosofların əqidəsinə görə, hisslər, duyğular, qavrayışlar vasitəsiylə şeylərin zahiri cəhətləri barədə məlumat əldə edilə bilir, şeylərin mahiyyətinin idrakına gəldikdə, o, yalnız əqlin sayəsində mümkündür. Əbülhəsən Bəhmənyar yazır: "Şeylərin mahiyyətlərinin dərk olunması hisslərin işi deyil. Belə ki, onlar dəyişə bilən zahiri cəhətləri qavrayır, əql isə şeylərdə sabit olan mahiyyətlər və həqiqətləri dərk edir". Əbülhəsən Bəhmənyar əqli idrakı hissi idrakın bilavasitə davamı, sonrakı mərhələsi kimi şərh etmişdir. Filosofun təlimində drak prosesinin hər bir mərhələsi özündən sonrakı mərhələ üçün şərt olub, onu hazırlayır.
Hissi idrak formaları tərəfindən spesifik tərzdə əldə edilən məlumat əqlin sərəncamına verildikdən sonra yeni bir keyfiyyət qazanır. "Duyğu qatışıq şeyləri xəyala ərz edir, xəyal onları əqlə ərz edir. Sonra əql həmin şeylərdə ayrı-seçkilik və abstraksiya edib, mənalardan hər birini bir fərd olaraq götürərək, ən xüsusini, ən ümumini, substansionalı və aksidentalı müəyyənləşdirir. Bu zaman əqldə birinci mənalar, yəni təsəvvür üçün ilkin şeylər rəsm olunur. Bundan sonra əql onlardan təriflər düzəldir."
Əbülhəsən Bəhmənyar İbn Sina mövqeyindən çıxış edərək, idrakın əqli mərhələsini onun hissi mərhələsindən nəinki mütəq surətdə ayırmır, əksinə əqli məlumatların hissi məlumatlar əsasında meydana çıxdığnı söyləyir.
Əqli məlumatlar hissi məlumatların sayəsində əldə edilməklə bərabər, məzmunca onlara uyğundur. "Hər bir ayrıca şəxsin əqllə dərk etdiyi onun hiss ilə dərk etdiyinə mütabiqdir." Lakin əqli idrak inikas üsuluna və xarakterinə görə hissi idrakdan fərqlənir. Belə ki, əql müəyyən şey haqqındakı mövcud hissi - konkret biliyi abstraksiya yolu ilə ümumiləşdirir, nəticədə, əqllə dərk edilən şey ümumi olur: "Fərddən əqllə dərk edilən şey ilə ondan hiss ilə dərk edilən şey varlıqda hiss ilə dərk edilən şeyə mütabiq olsa da onun əqldə özünü ümumi təsəvvür edilməsi üçün ümumi olması qeyri-mümkün deyildir." Buna görə də "Təhsil" kitabında deyildiyi kimi əqli düşüncə universaliləri mücərrəd surətdə əldə edir. Nəticədə o, eyniylə Zeydi deyil, ümumi insanı dərk edir.
İdrak fəaliyyətində hissi mərhələ ilə əqli mərhələnin bağlılığını izləyən Bəhmənyar "Təhsil" kitabında yazırdı: "Şeylər duyulur. Bu duyğu əsasında duyulanın olması ilədir. Duyulan sonrakı xəyala gətirilir. Bu, bəzən şeyin qeyb olması ilə birlikdə baş verir. Şey haqqındakı təsəvvür şeyin özündən heç də fərqli deyildir. Bundan sonra əqli idrak cari olur. Əqllə dərk olunan eynən duyulana uyğun gəlmir, əksinə, o, duyulan qəbilindən olan hər bir fərdə mütabiqdir. Məsələn, əqllə dərk olunan insan həm Zeydə, həm Əmrə, həm də Xalidə mütabiqdir. "Zeyd" təsəvvürü isə Əmrə mütabiq deyildir, duyğu ilə mənimsənilən də elədir."
Filosof idrakda ayrıca və ümumi anlayışlarının münasibətini təyin edərək yazır: "Bundan sonra bil ki, ayrıcanı qavrayan kəs, bir cəhətdən ümumini də qavrayır. Belə ki, sokratı qavrayan kəs, deməli insanı qavramışdır. Duyğu nəfsə Sokratı "insan" təqdim edir.Lakin o, insanın aksidensiyaları ilə qatışmış məlum "insan"dır. Sonra əql onu mücərrədləşdirir və aksidensiyaları, yəni əlaqəsi olmayan aksidensiyaları ondan kənar edir. Nəticədə onun üçün Sikrat ilə Platonun fərqlənmədiyi mücərrəd insan qalır."
Əqlin fəaliyyətini idrak qabiliyyəti baxımından qiymətləndirən Şərq peripatetikləri, o cümlədən Bəhmənyar, onun əhəmiyyətini elmi və əməli bilik qazanılması üçün vasitə olmasında görürdülər. Əbülhəsən Bəhmənyarın idrak nəzəriyyəsi öz məzmunu etibariylə təkcə orta əsr peripatetizmində deyil, ümumiyyətlə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir. Azərbaycan filosofu obyektiv gerçəkliyin dərk olunmasında idrakın həm hissi, həm də əqli mərhələlərini şərh etməklə, onlar arasında üzvi bağlılığı elmi əsaslarla aydınlaşdırmışdır.


Məntiq təlimi


Əbülhəsən Bəhmənyar məntiqin mövzusu və vəzifələri barədə yazır:
"Məntiq nəzəri sənətdir ki, həqiqi tərif adlanan düzgün tərifin və sübut adlanan sillogizmin hansı formalardan və materiyalardan, qüvvətli olub, yəqinliyinə bənzər təsdiq bildirdikdə topik, zərif olub daha çox güman bildirdikdə ritorik adlanan inandrıcı sillogizmin hansı formalardan və materiyalardan olduğunu müəyyən edir. O, müəyyən edir ki, düzgün olmayan tərif hansı formadan və materiyadan, yanılmaya aoarıb çıxaran və sofistik adlanan düzgün olmayan sillogizm hansı formadan və materiyadan, əsla təsdiq bildirməyən, lakin bir şeyə qarşı nəfsin ya rəğbətini oyatmaq, yaxud, nifrətini, ikrahını qazandırmaq, ya da, onu açmaq, yaxd sıxmaq məqsədi ilə xəyala gətirilən sillogizm - poetik sillogizm hansı formadan və materiyadan düzəlir."
Filosofun fikrincə, məchul olan, sonra isə düşünməklə məluma çevrilən axtarılanlar tərifin və sillogizmin sayəsində tapılır. O, ikisindən hər biri ya həqiqidir, ya da həqiqətdən kənardır (ancaq özünə görə faydası vardır), ya batildir, ya da həqiqətə bənzərdir. İnsanın fitri qabiliyyəti bu təsnifatda çox vaxt kifayət qədər fərq qoya bilmir. Əgər belə olmasaydı nə alimlər arasında fikir ayrılığı, nə də birisinin baxışında ziddiyyət özünü göstərərdi.


Sillogizm və tərif


Sillogizm və tərifdən hər biri müəyyən tərtib üzrə anlaşılan mənalardan əmələ gəlir və düzəlir. Deməli, o ikisinin düzəldiyi bir materiya və düzəlmə üçün bir forma olur. Hər hansı materiya ev, yaxud kürsü üçün yaramadığı, hər hansı formaya görə ev materiyasından bir ev, kürsü materiyasından bir kürsü başa gəlmədiyi, əksinə, hər bir şeyin özünəməxsus eynilə bir forması olduğu kimi, düşünməklə bilinən hər bir məlumatın da özünəməxsus bir materiyası və özünəməxsus eynilə bir forması vardır, o bu ikisinin sayəsində həqiqət olur. Evi tikdikdə forma düzgün olsa da, bəzən materiya cəhətdən, materiya düzgün olsa da bəzən forma cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən fəsad baş verdiyi kimi, tərifdə və sillogizmdə baş verən fəsad bəzən forma cəhətdən, bəzən materiya cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən baş verir.
"İnsan yalnız duyğudan gələn, yaxud duyğunun təsdiqlədiyi şeyə inanır" deyən Əbülhəsən Bəhmənyarın təlimində hissi qavrayışın verdiyi bilik məlumdur, nəzəri elmlərin hələ dərk edilməmiş müddəaları isə məchuldur. Öz sələfləri kimi, Azərbaycani də məntiqin faydasını, məlumdan məchula keçmək yollarını göstərməklə insanı təfəkkür xətalarından qorumaqda görürdü.
Əbülhəsən Bəhmənyar nəzəri söhbətlərin sözlərdən, əqli düşüncələrin əqli nitqlərdən düzəldiyini nəzərə alaraq ilk şərhi, sözdən və onun anlayışa münasibətindən başlayır. Filosofun fikrincə, sözlər nəfsdəki əsərin (inikasın) yalnız uyğunluq və şərtilik yolu ilə ifadəsidir, çünki adlarda hər hansı şeyə məxsus heç nə yoxdur. Bəhmənyar tərəfindən söz fikrin ifadəsi, yazı isə, sözün işarəsi kimi səciyyələndirilir. O, qeyd edir ki, nəfsdəki hər bir əsər üçün məxsusi bir yazı işarəsi mümkün idi. Lakin bu, uzun işdir. Ona görə də sözlərlə qənaətlənmək tədbiri görülmüş və uzunçuluqdan qaçmaqla yazılar tərtib edilmişdir. Bəhmənyar bildirir ki, yazı və sözlər nəfsdəki şeyə məxsus təbiilik deyil, əksinə şərtilik yolu ilədir. Nəfsdəki əsər isə xarici aləmdə mövcud olan şeylərin təbii ifadəsidir (hekayətidir). Deməli yazı, sözün hərflərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir (işarədir). Sözlər isə nəfsin təsəvvürlərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir. Nəfsin təsəvvürləri əyani şeyləri qeyri-iradi göstərmədir. Bunun üçün əyani şeylər göstərilir, lakin göstərmir, yazı isə göstərir, lakin göstərilmir. Nəfsin təsəvvürlərindən və sözlərdən hər biri həm göstərən, həm də göstəriləndir.
Şərq peripatetiklərinin o cümlədən Əbülhəsən Bəmənyarın tərif haqqındakı təlimində, həm sözün xüsusi mənasında tərifdən, onun tam və natamam növlərindən, həm də onu əvəz edən üsulardan, bənzətmən və nominal təriflərdən söhbət gedir.
Əbülhəsən Bəhmənyar düzgün tərif almaq üçün riayət edilməsi zəruri olan qaydaları göstərmişdir:
"Tərif mütənasib olmalıdır, yəni tərif verilənlə tərif verən eyni həcmdə götürülməlidir. Məsələn, "Şər insanların zülmüdür" tərifində "şər" anlayışı "insanların zülmü" anlayışına nisbətdə cinsdir, daha geniş həcmə malik olduğu üçün mütənasib deyildir. Tərif dövr etməməlidir. Məsələn, "ədəd vahidlərdən yığılmış çoxluqdur" tərifində, "ədəd" ilə "çoxluq" idrak üçün eyni bir şeydir. Bir şeyə öz ziddinə görə tərif vermək də bu qəbildəndir. Məsələn, "cüt tək üzərinə bir gəlinən saydır", yaxud, "tək cütdən bir çıxılan saydır". Tərif inkarı olmamalıdır, çünki, varlıq öz-özlüyündə məlumdur, yoxluq isə varlığa görə tanınır. Tərif verən, tərif veriləndən aydın olmalıdır. Məsələn, "Od nəfsə bənzəyən cisimdir" dedikdə, nəfs anlayışı "od" anlayışından daha artıq dərəcədə qeyri - müəyyəndir. "Günəş gündüz çıxan ulduzdur" tərifində isə "gündüz" anlayışı yalnız Günəşə görə bəlli olduğu üçün onun məzmununu aça bilməz."


Hökm


Əbülhəsən Bəhmənyar, hökm və onun müxtəlif növlərini əsaslı surətdə araşdırmışdır. Burada hökm, Aristotelin məntiq təliminə uyğun olaraq, bir şey haqqında nəyisə iqrar, yaxud inkar edən fikir kimi səciyyələndirilir. Hökmlərin qəti və şərti formalarını nəzərdən keçirən Bəhmənyar öz şərhinə qəti hökmdən başlayır. O, göstərir ki, qəti hökm üç şey ilə - subyekt mənası, predikat mənası və o ikisi arasındakı münasibət ilə tamamlanır.
Azərbaycani hökmləri məzmn etibarilə nəzərdən keçirərkən onların müqəddəm müddəalar, bənzər müddəalar və təxəyyülə əsaslanan müddəalar kimi növlərini araşdırmışdır. Müqəddəm müddəalar ya inamlardır, ya da əxz edilmiş müddəalardır. İnamlar üç cür olur, yəni qəbulu vacib, məlum və vəhmə əsaslanan müddəalardan təşəkkül tapır.
Qəbulu vacib müddəalar ilkin məlumatlar olub, müşahidədən və təcrübədən əldə dilir. İntuisiyaya və camaatın verdiyi xəbərlərə əsaslanan biliklər də bu qəbildəndir. İlkin məlumatlar aydın əqlin xarici səbəblərdən heç birinə görə deyil, özünə görə, özünün fitri təbiətinə görə vacib bildiyi hökmlərdir.
Müşahidədən əldə edilmiş məlumatlar hissi məlumatlardır. Onlar duyğudan aldığımız şeylərə nisbətdə istifadə etdiymiz hökmlərdir. Günəşin varlığına, onun işıqsaçan olmasına görə müddəa, odun yandırıcı olması müddəası bu qəbildəndir. Qeyri - hissi nəfsi qüvvələrin müşahidəsinə görə olan hökmlər də belədir, məsələn, özümüzdə bir fikir, habelə bir qorxu, bir qəzəb olduğunu bilirik, özümüzü və öz əməllərimizi dərk edirik.
Təcrübə vasitəsiylə qazanılmış məlumatlar təkrar olunan müşahidələrimizin doğurduğu hökmlər və müddəalardır. Bunun nəticəsində heç bir şübhə doğurmadan güclü rəy möhkəmlənir. Təcrübə hökləri əksəriyyət etibarilə, yaxud qəti surətdə vacib edə bilər. O, müşahidələrlə çulğalaşmış gizli sillogistik bir qüvvədən xali deyildir.
İntuisiyaya əsaslanan biliklər həmçinin təcrübə vasitəsiylə qazanılmış məlumatlara oxşardır. Öz sələfləri kimi Əbülhəsən Bəhmənyar da hökmə, ancaq istidlalın bir növü kimi baxmışdır.
Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran istiqamət" adlandırır. O qeyd edir ki, hər bir sənət müəyyən materiya və forma ilə bağlıdır. Materiya və formanın müxtəlifliyi ilə sənət məhsulu müxtəlif olduğu kimi, istidlal da təşəkkül tapdığı şeyin müxtəlifliyinə görə, yada düzgün və ya yanlış qurulmasının müxtəlifliyinə görə müxtəlif olur. Bəhmənyarın fikrincə istidlalda məqsəd kəsb etmə yolu ilə müəyyən bir biliyin, yaxud zənnin qazanılmasıdır.


İstidlal


Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, məntiqin əsasını istidlallar haqqında təlim təşkil edir. Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran sənət" adlandırmışdır.
Azərbaycan filosofu yazır ki, məchul barəsindəki bilik hər hansı mövcud bilikdən deyil, əksinə, məchula xüsusi nisbəti olan bir biliyin, eləcə də məxsusi bir quruluşun köməyi ilə əldə edilir. Bir sözlə, düşüncə vasitəsiylə, hələ kəsb edilməmiş ilkin təsdiqi şeylərin olması labüddür, zira, sonrakı anlayış və hökmlər onların sayəsində qazanılır.
İstidlal bir və ya bir neçə hökmün qarşılaşdırılmasından alınır. Hər hansı bir hökmdən başqa bir hökmün çıxarıldığı bilavasitə istidlal Şərq peripatetiklərinin məntiq təlimində adətən hökm bəhsində nəzərdən keçirilir.
Şərq peripatetiklərinin məntiq təlimində induksiya və anologiya da müəyyən yer tutur. İnduksiyanı istidlalın xüsusi forması kimi nəzərdən keçirən Bəhmənyar yazır: "İnduksiya çoxlu ayrıcalarda mövcud olan hallara görə ümumi haqqında irəli sürülən müddəadır."
Analogiyaya gəldikdə - "Təhsil" kitabında qeyd edilir kimi, "o, müşahidə edilən şeyin timsalında mövcud olana görə qaib şey haqqında irəli sürülən müddəadır." Məsələn cismi ev timsalında götürüb, evin sonradan yaradıldığı cəhətə nəzərən cismin də sonradan yaradıldığını deyirlər. Bəhmənyar və İbn Sina bu istidlal formasını etibarsız saymışdır. "Təhsil" kitabında qeyd edildiyi kimi, burada müqəddimlər üçüncü fiqur üzrə qurula bildiyi halda xüsusi hökm əvəzinə, ümumi hökm nəticə çıxarılır.
Ərəbdilli filosoflar müqəddimədə faktik məzmunun yəqinliyi baxımından istidlalın beş növünü fərqləndirmişlər: 1) sübut (əl-bürhan), 2) dialektika (əl-cədəl), 3) ritorika (əl- xitabə), 4) poetika (əş-şir) və 5) sofistika (əl-müğalətə). Bunların içərsində sübut mühüm yer tutur. Bəhmənyar yazır ki, sübut yəqin nəticə çıxarmaq üçün yəqin müqəddimlərdən düzəlmiş istidlaldır. Yəqin müqəddimələr ilkin məlumatlardan, ya təcrübə vasitəsiylə qazanılmış məlumatlardan, ya da camaatın verdiyi məlumatlardan ibarət olur.
Fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşan Bəhmənyarın fikrincə, qazanılmış hər bir bilik insanın mənəviyyatını zəngnləşdirməyə, onda gözəl məziyyətlər aşılamağa xidmət edir, əks halda həmin bilik faydasızdır. Mütəfəkkirin nəzərində var - dövlətə həris bir kəsin ikmət elmi olsa da hikmət zövqü yoxdur. Belə ki, kamil insanda əql həzz hissi həzzdən güclüdür, daha doğrusu, "həqiqi həzz əqli həzzdir". Zira, "əqli həzzlər dərdin tərtib etmədiyi şəfadır, xəstəliyin yaxın düşmədiyi sağlamlıqdır".
Əqli ən böyük vardat hesab edən Bəhmənyar bütün sərvətlərlə müqayisədə ona üstünlük verirdi, çünki, "sərvət qorunur, əql isə insanı qoruyur". Əql filosofun əqidəsincə, təkcə nəzəri idrakı təmin etməklə kifayətlənmir, eyni zamanda həyati fəaliyyətin amili olur: "Əql qürbətdə münisdir"; "Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaq və xilas olmaq üçün əqli səfərbər et"; "Baş vermiş işə görə qüsslənmə, onu aradan qaldırmağa, dəf etməyə çalış..."


Şagirdləri və davamçıları


Azərbaycanda akademik Heydər Hüseynov, akademik A.O.Makovelski, professor Ə.K.Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.
Akademik A.O.Makovelski ərəbdilli peripatetizmin yalnız üç əsr (IX-XI əsrlər) ərzində inkişaf etdiyini və Bəhmənyarın fəlsəfəsinin Şərqdə bu cərəyanın qürubunda meydana çıxdığını yazmışdır. Professor Ə. K. Zəkuyev bu fikir üzərində daha çox dayanmışdır: "İbn Sina və onun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün dar və adi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin soz sözü adlandırsaq səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son görkəmli peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir".
AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı.
Bununla da, müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır.
Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048-1131) da Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.
Zakir Məmmədov müəllim-şagird əlaqələrini ardıcıl izlədikdə bir neçə yolla gəlib Nəsirəddin Tusiyə çıxdığını yazmışdır. Tədqiqatçı qeyd edir ki, Əbülhəsən Bəhmənyarın Ömər Xəyyama görə müəllim-şagird silsiləsi şaxəsinə mənsub alimlərdən bəziləri Əbülabbas Ləvkəridən təhsil almış alimlər şaxəsində də vardır.


1000 illik yubileyinin keçirilməsi


Prof. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 1 iyul 1992-ci ildə (Qərar â„– 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti 5 noyabr 1992-ci ildə (Qərar â„– 607) qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Yubiley münasibətilə Əbülhəsən Bəhmənyarın portretinin yaradılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müsabiqə elan edilmiş, 3 fevral 1994-cü ildə isə müsabiqəyə yekun vurulmuşdu. Münəvvər Rzayevanın yaratdığı büst müsabiqədə birinci mükafata layiq görülmüşdür. Zakir Məmmədov bu barədə "Filosofun real surəti necə olub?" məqaləsində ətraflı şəkildə bəhs etmişdir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ