Bilal Həbəşi kimdir?

Bilal Həbəşi kimdir?

Bilal


“Bilal” adı həm də iman, əqidə, məqsədə çatmaq yolunda mətanət mənalarını daşıyır. Bilalın xatırlanması səbrin, düşmən qarşısında müqavimətin, sabitqədəmliyin, Allah yolunda işgəncələrə dözümün xatırlanmasıdır.

Bir sözlə, Bilal islami bərabərliyi, Kəbə və Məkkənin fəthini, təqvanın üstünlük ölçüsü olmasını, möminin insani dəyərini və bir çox digər məsələləri yada salan bir addır.

Məkkənin fəthi zamanı İslam peyğəmbəri Həbəş Bilala əmr edir ki, Kəbə üzərinə qalxıb, uca səslə azan desin. Bu əməl həm müsəlmanların qibləgahında tövhid nidası, həm də müsəlmanların bərabərliyinin elanı və ağaların qəbilə, irq, sərvət, dil kimi ayrıseçkiliklərinin üzərindən xətt çəkilməsi idi.

Təbii ki, Kəbə üzərindən Bilalın azan deməsi müşriklərə çox ağır gəlirdi. Dünənin təhqir olunmuş qara bir qulu bu gün İslam hərəkatının natiqi, Peyğəmbərin azançısı olmuş və İslamda xüsusi bir məqam qazanmışdı.

Qurani-kərimdə bəzi müşriklərin bu məsələ ilə bağlı istehzalarına cavab verilir: “Ey iman gətirənlər biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə sizi dəstə-dəstə, müxtəlif qəbilələr şəklində qərar verdik. Allah yanında ən hörmətliniz ən təqvalınız, Allahdan daha çox qorxanınızdır. Həqiqətən, Allah alim və agahdır.”[1]

Bu ayə Bilalın şənində nazil olmuşdur. Ayə kafirlərin təsəvvüründəki yanlış ölçü və meyarları puça çıxararaq, Bilalın məqamını qat-qat yüksəldir. Dünən işgəncələr altında əzilən Bilal İslam sayəsində əziz və girami olmuşdur. Cəhalət dövrünün əzablarından keçmiş qul dinin pənahında möhtərəm sayılır. Bilal həzrət Peyğəmbərin (s) həyatı boyu onun azançısı oldu, öz həyatverici fəryadı ilə insanları namaza dəvət etdi. Bu səs Peyğəmbərin (s) həyatının son gününədək eşidildi. Amma həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Bilal bir daha azan demədi. Çünki Bilalın Peyğəmbərdən (s) sonra müsəlmanlara rəhbər saydığı kəs onlarla birgə namaz qılmırdı. Həmin şəxsin haqqını, məqamını başqaları qəsb etdiyindən, Bilal onların azançısı olmaq istəmirdi. Ona görə də Bilal həzrət Peyğəmbərin vəfatından sonra Şama üz tutub, ömrünün sonunadək orada yaşadı. Müsəlman ümmət isə daim Bilalın azanı intizarında qaldı.

Bu kitabçada Bilalın insana ruh verən şəxsiyyəti ilə tanış olacaqsınız. Olsun ki, bu tanışlıq daha bir ideal və nümunəyə yol açsın və İslam ağuşunda tərbiyə almış başqa bir şəxsdən də ilham alaq.

Bilal din, iman və etimad yolunda əzəmətli dağ kimi dayanmış bir insan nümunəsidir! O, yardımçı və yaradıcı Allahdan savay kimsəyə səcdə etməmişdir! Bəli, Bilal iman və həyat nümunəsidir! Bilalın adı, vəfası, eşqi, fədakarlığı, səbri, himməti əbədi və diridir! Salam olsun bizdən o səbr qəhrəmanına!

 

İslam astanasında


Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Fil ilinin tarixi başlanğıc kimi götürülməsi Əbrəhənin Kəbəyə fillərlə yürüşü hadisəsi ilə bağlıdır. Həzrət Peyğəmbər (s) də həmin il anadan olmuşdur. Bilalın ata-anası qul olmuşdur. Bilalın yeniyetmə və gənclik dövrü Qüreyş fəsadının tüğyan etdiyi illərə təsadüf edir. Qüreyşilər zülm, fitnə-fəsad əhli idilər. Onlar bəzən öz eyş-işrət məclislərini Allah evinin kənarında qurardılar.

Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiy-yətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı. İllər ötdükcə onun əyyaş, mənfəətpərəst, zalım quldarlara nifrəti şiddətlənirdi. O öz pak ruhunu ilahiləşdirmək üçün fürsət axtarır və şəhvət, qüdrət, zər-ziba bəndələrinin əsarətindən qurtulmağa çalışır-dı.

İslam günəşi Məkkədə parladığı və həzrət Məhəmməd (s) insanların qurtuluşu üçün peyğəmbərliyə seçildiyi vaxt Bilalın otuza yaxın yaşı vardı. O, Məkkəyə gedib-gəldiyindən həzrət Məhəmmədin (s) dəvəti haqqında eşitdi. Onun təşnə ruhu yeni xəbər, Peyğəmbər (s) haqqında daha dəqiq məlumat sorağında idi. Az-çox Quran ayələrindən də eşitmişdi.

Bir gecə işlərini yerinə yetirdikdən sonra fürsət tapıb, özünü həzrət Peyğəmbərə (s) yetirdi və onun mübarək dilindən Quran ayələrini eşitdi. Bilalın gözləri sevinc yaşları ilə dolmuşdu. O uzun illərdən sonra öz axtardığını tapmışdı. Təvazökar şəkildə özünü Peyğəmbərin qədəmlərinə atdı və İslamı qəbul etdi. Bilal bilirdi ki, İslamı qəbul etməsi ona baha başa gələcək. Lakin həqiqətə olan sevgi, Peyğəmbərə və onun ayinlərinə məftunluq Bilalı istənilən bir işgəncənin qəbuluna hazırlamışdı.

Ağalarının gözündən yayınıb, hər gecə məxfi şəkildə Peyğəmbərin (s) görüşünə gedər və ruhunu Peyğəmbərin (s) kəlamları zümzüməsində təravətləndirərdi. Peyğəmbərlə görüşlər yavaş-yavaş bəllənirdi. Bir gün Məscidül-həramda Kəbəni təvaf edirdi. Bütlərin yanına çatarkən onları nifrətlə süzdü və bir bütü təhqir etdi. Bu vaxt müşriklərdən biri məxfi şəkildə Bilalı izləyirdi. Həmin şəxs gördükləri haqqında Bilalın sahibi Üməyyə ibn Xələfə xəbər verdi.[2]

Üməyyə, İslamın və Peyğəmbərin (s) qatı düşmənlərindən olan bu şəxs heç cür inana bilmirdi ki, onun qullarından biri müsəlman olub. O çox qəzəbləndi və dedi: “Ona bir divan tutaram ki, bir daha kimsə müsəlman olmaq fikrinə düşməz.”

Bilal işgəncələrə dözməyə hazır idi. Üməyyənin onunla söhbətləri Bilalı qane etmədi və Bilal Peyğəmbərdən, Peyğəmbərin dinindən uzaqlaşmadı. Ona görə də Üməyyə Bilalla sərt rəftar etmək qərarına gəldi.

 

Allah yolunda işgəncə


Məkkəni götürmüş təzə xəbərlər,

Allahpərəst quldan danışır hamı.

İşgəncə altında əzilir Bilal,

Qızmar günəş altda qovrulur canı.

* * *

Göyərmiş əzalar yaralı, qanlı,

Əqidə yolunda içilir zəhər,

Qamçılar ilan tək çalır Bilalı.

Gücsüz əzalarda qalmamış təpər.

* * *

Amma gecə karvan təki ötəsi,

Sabahkı işığa qəlbdə ümid çox.

Çox keçməz, Bilalın azan səsindən

Xain bəbəklərə batar acı ox.

* * *

 

Gün ötür, Kəbədən ucalır azan,

Müşrik könüllərdə qəzəb, titrəyiş.

Bilalın təkbiri ruhlara dərman,

Nəhayət, soraqda ilahi görüş.

 

Başqalarının gözünün odunu almaq, onları qorxutmaq üçün şirk başçıları onlara itaət etməyənlərə cəmiyyətin gözü qarşısında işgəncə verərdilər. İşgəncə mərasimləri onlar üçün həm də bir əyləncə idi.

İndi də şəhərdə verilmiş elan əsasında bir çoxları Üməyyənin qulu Bilalın cəzalandırıl-ması səhnəsinin tamaşasına toplaşmışdılar. Həm Üməyyənin İslamla düşmənçiliyini, həm Bilalın İslam dininə vəsfəgəlməz bağlılı-ğını bilən xalq bu qara qulun başına nə gələcəyini maraqla izləyirdilər.

Üməyyənin gözlədiyinin əksinə olaraq, Bilala işgəncə verilməsi nəinki İslama meyli azaltmadı, əksinə müsəlmanların müqavimət və möhkəmliyini bir qədər də artırdı. Bilalın ağır işgəncələrə mətanətlə dözməsi bir çoxlarını İslama sövq etdi. Bilal müsəlman-lığını ilkin olaraq açıqlayan yeddi nəfərdən biri idi.

Yasirin də ailəsi (Yasir, Süməyyə, oğlu Əmmar) öz dini yolunda ağır işgəncələrə məruz qalanlardan idi. Yasir və Süməyyə İslam yolunun ilk şəhidləri oldular. Onların möhkəm qəddi qırılsa da, şəhadətə yetişsələr də, iman və iradələri sarsılmadı.

Bilal da bu zümrədən olduğu üçün ağır işgəncələrə düçar oldu. Üməyyənin göstərişi ilə onu xalqın gözü qarşısında əl-ayağı bağlı vəziyyətdə Hicazın yandırıcı günəşi altda qaynar qumun üzərinə uzadıb, sinəsinə böyük bir daş qoydular. Bu daş Bilalı isti quma sıxır, dərisini yandırıb, bədənini qovururdu.[3]

Bilal öz qəlbini Allaha tapşırmışdı və səsini çıxarmadan dözürdü. Yalnız “əhəd, əhəd” pıçıldayırdı.

 

İşgəncə altında eşidilən səs

Yalnız “əhəd” idi - zəif, müqəddəs!

 

Üməyyə tələb edirdi ki, Bilal Məhəmmədin (s) dinindən üz döndərsin, yoxsa onu bu haldaca öldürəsidir. Bilal Üməyyənin təklifinə belə cavab verdi: “Ey Üməyyə! Əvvəl dediyim kimi, Məhəmmədin (s) peyğəmbərliyinə imanım sadəcə bir həvəs deyil ki, gah ona bağlanım, gah da ondan uzaqlaşım. Məni əzablamı qorxudursan?! Əmin ol ki, ən ağır işgəncələrin altında da məndən Allah və Onun rəsuluna şəhadətdən başqa bir söz eşitməyəcəksən!”[4]

İşgəncələr davam edirdi. Qızdırılmış daşlar Bilalın bədəninə yapışdırılırdı. Bu daşlar onun dərisini yandırıb, parça-parça qoparırdı. Bu səhnəni seyr edənlərin çoxu dözməyib, üzünü yana çevirir, gözlərini yumurdular. Amma Əbu-Cəhl, Üməyyə və onlar kimi digər İslam düşmənləri Bilalın əzabəziy-yətindən ləzzət alır, şadlanırdılar.

Bilal öz iman qüvvəsi və dəmir iradəsi ilə misilsiz dözüm göstərirdi. Üməyyə elə düşünürdü ki, Bilal bir daha Peyğəmbərə (s) yaxın gedəsi deyil. Amma ona yaxınlaşdıqda zəif, üzülən bir səslə “əhəd, əhəd” pıçıldadı-ğını eşitdi. Bilal Allahın birliyinə şəhadət verirdi. Üməyyə bu vəziyyəti görüb daha da qəzəbləndi və təkrar işgəncəyə başladı.

Bilalın qəlbi təvəkkül və səbr dəryasına bağlanmışdı. O, Allahı zikr etməklə öz yaralarına məlhəm qoyur və öz heyrətamiz dözümü ilə inqilab yaradırdı. Bilalın səbr və dözümü, həqiqətən də, onun ağalarını dizə çökdürdü. Onlar böyük imkanlarına baxmayaraq, Bilalın qarşısında aciz qaldılar. Onu yaraları sağalanadək işgəncə məqsədi ilə azad etdilər.

Üməyyə səhəri gün Bilala dedi: “Dünən səni çox incitmədim. Düşündüm ki, tutduğun yoldan geri dönəcəksən. Amma əqidəndən dönməsən, bu gün sənə bir işgəncə verəcəyəm ki, dünənki onun yanında heç olsun.” Bilal dedi: “Üməyyə, düşünmə ki, işgəncə və hədələrlə əqidəmi sındıra bilərsən. İslam yolunda ölmək mənim üçün çox şirindir.”

Həmin günün səhəri xalq yenidən Bilalın işgəncələrini seyr etmək üçün meydana toplaşdı. Üməyyənin göstərişi ilə Bilalı gətirdilər. Ötən günkü yarları hələ də sağalmamışdı. Onun ayaqları bağlanmışdı. Əllərini də uzun bir iplə bağlayıb ipin ucunu bir neçə nəfərə verdilər. Onlar var qüvvələri ilə qaçaraq, Bilalı arxalarınca sürüməyə başladılar.[5] Daş-kəsək üstü ilə sürünən Bilalın sağ qalmasına ümid yox idi. Bununla belə, o, müqəddəs tövhid şüarını, “əhəd-əhəd” kəlmələrini təkrarlayırdı.

Bəzən də onun yaralı bədəninə dəmirdən hazırlanmış geyim geyindirir, günəşin qabağında saxlayırdılar. Amma bu işkən-cələrin təkrarı onun əzmini qırmır, əksinə, imanını daha da artırır, möhkəmləndirirdi. Bilalın böyük səbr və dözümü ətrafdakılara təsir edir, dost da, düşmən də ona əhsən deyirdi. Hətta hamının hörmətlə yanaşdığı məsihi alim Bilalın dözümünü görüb dedi: “Bilalın dözümü və onun bir Allaha inamı məni heyran qoymuşdur. And olsun Allaha, əgər bu qul bu yolda şəhid olarsa, mən onun qəbrini ziyarətgah qərar verib, ziyarətindən bəhrələnəcəyəm.[6]

Bəziləri Bilalı sevdiklərindən ona məsləhət görürdülər ki, təqiyyə etsin, yəni əqidəsini gizlətsin. Amma Allaha və Onun rəsuluna eşq bu yolda işgəncələri də Bilala sevdirmişdi.

Bir çox tanınmış şairlər Bilalın işgəncə səhnəsini nəzmə çəkmiş, öz əsərlərində onu yad etmişlər. Bu şerlərdən birində deyilir:

 

Əlbət, eşq yolunun keşməkeşi var,

Tikanlı, zəhərli, acı suallar!

Nədən Məhəmmədə iman gətirdin?

Ağanın dinindən çevrildi qəlbin.

Qızmar günəş altda, tikanlar üstə

Can əzabda, könül eşqə həvəsdə.

Bilalı tövbəyə çəksə də ağa,

Eşq tövbədən qabaq durur ayağa.

Yaman çətin olmuş onun tövbəsi,

Qırılır ağanın son iradəsi.

Sevgi həvəsiylə candan keçilmiş,

Döyüləcək qapı artıq seçilmiş.

Damarlardan axan ilahi sevgi

Bir belə əzabı duymadı sanki.

“Tövbə, tövbə” deyir zalım sorğuçu,

Haqqa qul olanın nə imiş suçu?!

Eşq mənə qalibdir, mən ona məğlub,

Artıq könül onun ləzzətin duyub,

Küləklər qoynunda yarpaq kimiyəm,

Gedəcəyim yeri hardan bilim mən?!

Gah bulud üstəyəm, gah yağış altda,

Eşq ardınca gözlər dönür saatda.

Sel üstə şütüyən yarpaqdır aşiq,

Son mənzili məşuq biləsi dəqiq.

Qızmar daşlar altda yansa da bədən,

Yenə məşuquna çatası hökmən.

Yaralardan axan laləli qanlar,

Gülşənə dönəsi nə vaxtsa naçar.

Nə qədər başda var eşqin havası,

Can daş altda, könül eşqdə yanası

Çarmıxa çəkilir gün doğmamış can.

Çılpaq əzaları qucaqlır tikan.

Ağır işgəncədən əyilsə də qədd,

Dil bir kəlmə söylər: “əhəd” ki, “əhəd”!

 

Bilalın azadlığı


Xalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.

Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.

Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.[7]

Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal “Şibe-Əbu-Talib” mühasirəsi dövründə də müsəlmanlarla oldu.

Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.

 

Mədinəyə hicrət


Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq Mədinəyə, Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.

Peyğəmbərin Mədinəyə gəlişi ilə bir çox yeni işlərə, tədbirlərə, eləcə də, İslam əsasında yeni hökumətin təşkilinə başlanıldı. İslam Peyğəmbəri (s) Mədinəyə gəlişinin əvvəlində müsəlmanlarla birlikdə ibadət və yığıncaqlar üçün bir məscid tikdi. Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu. Übeydə fədakar müsəlmanlardan idi. O sonralar Bədr döyüşündə həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) ilə çiyin-çiyinə cihad etdi və yaralandı. Bir neçə gün sonra Bədr döyüşündən qayıdarkən yolda vəfat etdi.[8]

 

İlk azançı (müəzzin)


Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin.[9] Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.

Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.

Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: “Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.[10]

Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: “Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.”[11] Həzrət Peyğəmbər (s) Bilala deyərdi: “Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”

Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir.

 

Həm ruhu kamildir, həm də nidası,

Könüllər oxşayır onun sədası.

Peyğəmbər buyurmuş: “Oxu, ey Bilal,

Azanınla eylə qəlbləri xoşhal...”

Oxu, ey bağların aşiq bülbülü,

Gül bülbülü gözlər, bülbülsə gülü.

Səsin çıxarası huşları başdan,

Sənə əhsən deyir əhle-asiman

 

Bilalın ailə qurması


Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: “Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür.”

Qız adamları Bilala qəti cavab verməzdən öncə həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar əhvalatı danışıb, həzrətin (s) rəyini öyrənmək istədilər. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: “Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır...”[12]

Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.

 

Bilal döyüş meydanlarında


Bilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir.[13] İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: “Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!”

Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu.[14]

Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı.

Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələn-miş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstəri-şini elan etdi.[15] Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü.[16] Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: “Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!”[17]

Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.

 

Peyğəmbərin (s) xəzinədarı


Müsəlmanların beytül-malını, büdcəsini öhdəyə götürmək və xətaya yol verməmək, ondan sui-istifadə etməmək insanın maddi cəhətdən təqvasının, vəfadarlıq və allahpərəstliyinin dəlilidir. Bilal Mədinədə həm də peyğəmbərin xəzinədarı idi.[18] Peyğəmbərin (s) ixtiyarına verilən malların xümsü, döyüş qənimətləri və digər pullar Bilala tapşırılırdı. Həzrət (s) ona müraciət edən fəqir və ehtiyaclıları Bilala tapşırırdı ki, onlar üçün yemək və geyim tədarük etsin.

Bilal heç vaxt möhtacları rədd etmirdi. Hətta xəzinədə pul olmadıqda başqalarından borc olıb, fəqirləri yola salırdı. Bilal heç vaxt bir fəqirə “yox” deməmişdi.[19]

Peyğəmbərin (s) evi üçün bazarlıq Bilala tapşırıldığından o tez-tez həzrətin evinə gedib-gələrdi. Bilalın Peyğəmbərin qızı həzrət Zəhraya (s) (Fatimə (s)) xüsusi ehtiramı vardı. Bir dəfə Peyğəmbər (s) və namaza toplaşmış müsəlmanlar Bilalın azanı intizarında olduqları vaxt Bilal yubanır. Bilal məscidə daxil olduqda həzrət (s) ondan yubanmasının səbəbini soruşur. Bilal cavab verir: “Fatimənin (s) evinə getmişdim. O, buğda üyüdür, Həsən isə ağlayırdı. Dedim ki, ey Peyğəmbər qızı, icazə ver, ya buğdanı üyüdüm, ya da Həsəni saxlayım. Zəhra (s) buyurdu ki, övladımı saxlamaq üçün mən daha münasibəm. O, Həsəni götürdü, mən isə buğda üyütməyə məşğul oldum. Bu səbəbdən də yubandım.” Həzrət Peyğəmbər (s) buyurdu: “Sən onunla mehribanlıq etdin, Allah da sənə mehriban olsun.”[21]

 

Məkkənin fəthi


Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə Məkkənin, bu tövhid mərkəzinin şirk və bütpərəstlikdən təmizlənməsi üçün səfərbər olurdular. Minlərlə silahlı müsəlman Mədinədən Məkkəyədək olan yolu bir neçə gündə qət etdilər. Onların qibləsi həmin bu şəhərdə idi. Bu şəhərdə müşriklər onlara hansı işgəncəni verməmişdilər! Bu şəhər İslamın ilkin dövrləri ilə bağlı xatirələrlə zəngin idi. İşgəncələr, müqavimətlər, çətinliklər!

Mühacirlər məkkəli olduqlarından vətəni görməyə daha iştiyaqlı idilər. Onlar hicrət etdikləri vaxt son dərəcə zəif idilərsə, bu gün böyük əzəmətlə Məkkəyə dönmək əzmindəydilər.

Bu karvana yolda qoşulanlar da çox oldu. Nəhayət, müsəlmanlar Peyğəmbərin rəhbərliyi altda qalib halda Məkkəyə daxil oldular. Məkkə heç bir qan axıdılmadan təslim edildi. Müsəlmanlar təsadüf hallarda müqavimətlə rastlaşdılar. Bu, İslam qüvvələri üçün çox böyük bir qələbə idi.

Müsəlmanlar Kəbə ətrafında toplandılar. Bilal həzrət Peyğəmbərin (s) göstərişi ilə Kəbənin açarlarını Osman ibn Təlhədən aldı və Kəbənin qapısı açıldı. Peyğəmbər (s) və Əli (ə) Kəbəyə daxil olub, bütləri birbəbir aşırmağa başladılar. Bütlərin bu vəziyyətə düşdüyünü görən müşriklər heyrətlənib, qorxuya düşdülər. Onlar bütlərin acizliyini seyr edirdilər... La ilahə illəllah... Əllahu əkbər...

Böyük fəth şüarı Məkkəni ağuşuna aldı. Allahın qüdrəti bütün qüdrətləri üstələdi. Allahın rəsulu (s) Bilala buyurdu: “Kəbəyə qalx və azan de.” Bilal bir anda Kəbənin üstünə qalxdı.[22] Müşriklər Bilalın cürətindən heyrətə gəlmişdilər. Bilalın könül oxşayan “Əllahu əkbər” fəryadı göyə ucaldıqca nigaran-çılıqlara son qoyulurdu. “Allah” adı və İslam azanı məkkəlilər üçün yeni bir şey idi. Bu ilahi çağırışın cazibəsi onları sehrləmişdi. Bilal, bu qara qul Peyğəmbər və ümmət tərəfindən bir nümayəndə olaraq, Kəbənin üstündən boylanırdı. “Əllahu əkbər, əşhədu ənnə muhəmmədər-rəsulillah”

 

Peyğəmbərin (s) vəfatı astanasında


Məkkə fəth olundu və müsəlmanlar Mədinəyə qayıtdılar. Peyğəmbər (s) həyatının son ilində yüz mindən artıq müsəlmanla Allah evinin ziyarətinə getdi. “Vida həcci” adlanan bu həcdən qayıdarkən Peyğəmbərə əmr olundu ki, xəlifəlik, imamlıq məsələsini bəyan etsin və həzrət Əlinin (ə) canişinliyini xalqa çatdırsın.

Sözsüz ki, xilafət və canişinlik məsələsi təzə bir məsələ deyildi. Həzrət (s) öz peyğəmbər-liyinin ilk illərindən başlayaraq müxtəlif münasibətlərlə ümmətə öz canişini Həzrət Əli (ə) haqqında məlumat vermişdi. Amma bu dəfə Allahın təkidli fərmanı aşkar şəkildə bəyan olunmalı idi.[23]

Bilalın sədası həmin vadidə hamının diqqətini özünə cəlb etdi. Məlum oldu ki, Peyğəmbər (s) öz ümmətinə hansısa mühüm bir xəbəri çatdırmaq istəyir. Bilal peyğəmbərin göstərişi ilə nida etdi və hamı toplandı. “Qədire-Xum” adlanan vadidə saysız-hesabsız, müxtəlif ölkələrdən gəlmiş müsəlmanlar Peyğəmbərin (s) elanı intizarındadılar. Həzrət (s) onların intizarına son qoyaraq, Əlini (ə) öz xəlifəsi və canişini kimi xalqa təqdim etdi.

Həcc səfərindən qayıtdıqdan sonra Peyğəmbər (s) Mədinədə xəstələndi və yatağa düşdü. Onun vəziyyəti gündən-günə ağırlaşırdı. Eyni zamanda Bilalın azanı və Peyğəmbərin (s) camaat namazında iştirakı Mədinəni isidir, məscidə səfa verirdi.

Bilal, adətən, azan dedikdən sonra həzrət Peyğəmbərin (s) hüzuruna tələsir və onunla birlikdə namaza gələrdi. Həzrətin (s) xəstəlik dövründə də bu qayda davam edirdi.

Bir gün Bilal adəti üzrə azan verdikdən sonra həzrətin (s) mənzilinə tələsdi. Amma məlum oldu ki, Peyğəmbərin (s) vəziyyəti ağırdır və o, namazda iştirak edə bilməyəcək. Bu vaxt Əbu Bəkr peyğəmbərdən xəbərsiz məscidə gedib, Peyğəmbərin (s) yerində imam durdu. Bu məsələdən xəbərdar olan Peyğəmbər (s) vəziyyətinin ağırlığına baxmayaraq, yataqdan qalxıb, məscidə gəldi. Həzrət (s) Əbu-Bəkri kənarlaşdırıb, namaza durdu. Sünnə əhlinin bəzi alimləri Əbu-Bəkrin belə bir hərəkət etmədiyini bildirsələr də, əksər alimlər uzun tədqiqatlardan sonra belə bir nəticəyə gəlmişlər ki, belə bir hadisə baş vermişdir.

 

Peyğəmbər (s) müəzzini peyğəmbərdən sonra


İmam Sadiq (ə) buyurmuşdur: “Allah Bilala rəhmət etsin, o Əhli-beyt (ə) dostu və saleh bir bəndə idi. Peyğəmbərdən sonra Bilal kimsə üçün azan demədi.[24]

Bilal o zaman azan verirdi ki, müsəlmanların rəhbəri həzrət Peyğəmbər (s) idi və xalq camaat namazında ona iqtida edirdi. Bilal Peyğəmbər məqamının paklığı keşiyində durdu, peyğəmbərin azançısı olmaq iftixarını dünya-tələblərin siyasi hakimiyyətində çirkləndir-mədi.

Bəli, bu səbəbdən də Peyğəmbərin (s) vəfatından sonra Bilal bir daha azan demədi. Ümmət Bilalın könül oxşayan tövhid avazının intizarında qaldı.

 

Ey Məhəmməd, səndən sonra gözümüz

İntizarda qaldı gecə və gündüz.

Bilal o vəfalı, fədakar əskər

Bir daha demədi “əllahu əkbər”.

Səndən sonra hamı qüssəli, qəmli,

Aşiq ümmətinin gözləri nəmli.

 

Həzrət Peyğəmbərin (s) vəfatından sonra bir gün həzrət Zəhra (s) atasının azançısının səsini eşitmək istədi. Bundan xəbər tutan Bilal məscidin damına çıxıb azan dedi: “Əllahu əkbər, əllahu əkbər”.. Bilalın səsini eşidən camaat həzrət Peyğəmbərin dövrünü xatırladı. Onlar o şirin dövrü yada salaraq ağladılar. Atasını xatırlayan həzrət Fatimə (s) də ağlamağa başladı.: “Əşhədu ənnə Muhəmmədər-rəsulullah...” Azanın bu sözləri Mədinəni qəm-qüssəyə batırdı. Hələ ki, Mədinədə bu sayaq ah-nalə eşidilməmişdi.

Atasının əziz xatirəsindən həyəcanlanan Zəhra bihuş olub yerə yıxıldı. Bilala dedilər: “Bilal sus, Peyğəmbərin qızı dünyasını dəyişdi.” Zəhraya görə narahat olan Bilal azanı yarımçıq saxladı və məscidin damından düşüb ona yaxın-laşdı. Həzrət Zəhra (s) özünə gəlib buyurur: “Azanı tamamla.” Bilal dedi: “Ey Peyğəmbər qızı, məni üzürlü bil. Sənin həlak olmağından qorxuram.”[25]

 

Bilalın sürgünü


Peyğəmbərin vəfatından sonra Bilalın azan deməməsi növbəti xilafəti rəsmi şəkildə tanımaması kimi qəbul olundu. Bilal mövcud hakimiyyəti öz azanı ilə təsdiq etmək istəmədi. O, əhd etmişdi ki, yalnız Peyğəmbər üçün və əgər canişin olarsa həzrət Əli (ə) üçün azan deyəcək.

Bilalın azan deməkdən imtina etməsi xəlifəyə baha başa gəldi. Beləcə, Bilal Şam şəhərinə sürgün olundu və ömrünün sonunadək orada qaldı.[26] Bilal Şamda olduğu dövrdə bir dəfə həzrət Peyğəmbəri (s) yuxuda gördü. Peyğəmbər (s) Bilala buyurdu: “Bilal! Mənə münasibətdə necə də cəfa edirsən! Nə üçün mənim ziyarətimə gəlmirsən?” Bilal yuxudan oyanıb, çox qəmgin oldu. Qərara gəldi ki, həzrət Peyğəmbərin ziyarətinə getsin. Mədinəyə yola düşdü. Şəhərə daxil olan kimi Peyğəmbərin (s) qəbrinə üz tutdu. Ağlar halda həzrətin (s) məzarına sarıldı. İmam Həsən (ə) və imam Hüseyn Bilalın gəlməsini eşidib, xoşhal oldular, onun görüşünə gəldilər. Bilal həzrət Peyğəmbərin bu iki yadigarını görüb, onları ağuşuna aldı və öpdü. Peyğəmbərin bu iki körpəni qucağına alması səhnəsini xatırladı. Bilal Peyğəmbərdən sonra onun Əhli-beytinin (ə) necə tənha qaldığına şahid oldu. Əhli-beyt (ə) ümmətin biganəliyi ilə qarşılaşmışdı.

Bilal Mədinədə bir neçə gün qaldı. Peyğəmbərin qəbrini ziyarət etdikdən sonra Əhli-beyt (ə) ilə görüşə getdi və təkrar öz sürgün yerinə, Şama qayıtdı.

 

Peyğəmbər buyuruqlarının rəvayətçisi Bilal


Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.

Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal, həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: “Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum. Camaat başımıza toplandı və hamı ağladı. Bilal məndən hansı şəhərdən gəldiyimi soruşdu. İraq əhli olduğumu bildirdim. Dedi: Bəh, bəh, afərin - bir qədər susub sözünə davam etdi - ey iraqlı qardaş yaz:

“Rəhman və Rəhim Allahın adı ilə!

Azançılar möminlərin etimad etdiyi şəxslərdir. Möminlər namaz və oruclarını, cisim və canlarını azançıya etibar etmişlər. Onlar əta ediləndən savay bir şey istəməzlər. Bir şey haqqında şəfaət edərlərsə, qəbul olunar.”

Dedim: Allah sənə rəhmət buyursun, yenə də de.

Dedi: “Yaz, Allahın adı ilə! Peyğəmbərdən (s) belə bir buyuruğunu eşitdim: “Hər kəs qırx il Allah və Onun mükafatı üçün azan desə, Allah qiyamət günü ona qırx pak siddiqin əməl mükafatını əta edərək qaldırar.”

Dedim: Yenə de.

Dedi: “Allahın adı ilə! Peyğəmbərdən (s) eşitdim ki, hər kəs iyirmi il azan desə, Allah qiyamətdə onu səmanın nuru kimi parlaq halda gətirər.”

 

Haqq eşqinin nuru damsa qəlbinə,

Günəş də həsrətlə boylanar sənə.

 

Dedim: Allah sənə rəhmət etsin, yenə de.

Dedi: “Peyğəmbər (s) buyurdu: “Hər kəs on il azan desə, Allah onu öz dərgahında İbrahim dərəcəsində məşhur edər.”

Dedim: Yenə də desənə.

Dedi: “Peyğəmbər (s) buyurdu: “Hər kəs bir il azan desə, Allah onu qiyamətdə Ühüd dağı qədərincə günahı olsa da, bağışlanmış halda gətirər.”

Dedim: Yenə de.

Dedi: “Dediyimi yadda saxla, ona əməl et və Allaha ümidvar ol. Peyğəmbər (s) buyurdu: “ Hər kəs Allah yolunda, imanla ilahi mükafat üçün, Allaha yaxınlıq məqsədi ilə bir namazın azanını desə, Allah onun ötən günahlarını bağışlayar, gələcək xətalardan qoruyar, behiştdə şəhidlərlə qonşu edər.”

Dedim: Eşitdiklərinin ən yaxşısını de.

Dedi: “Vay olsun sənə, ey cavan! Könlümün telini qırdın! - Sonra ağladı. Mən də ağladım, qəlbim yandı. O davam etdi - yaz, Allahın adı ilə. Peyğəmbər (s) buyurdu: “Allah qiyamət günü hamını bir yerə toplayacağı vaxt mələkləri bayraqlar və nur nişanələrlə azançılara doğru göndərəcək. Azançılar qiymətli daşlarla bəzədilmiş atlara süvar olub, azan deyərlər.”

Bilalı yenidən ağlamaq tutdu. Mən də ona qoşuldum. Sakitləşdikdən sonra ağlamağının səbəbini soruşdum. Dedi:

“Həbibim Məhəmməddən (s) azan, azançının savabı, onun behiştdəki yeri haqqında eşitdiyim sözləri yadıma saldın. Sonra mənə baxıb dedi: “Əgər azançı ola bilsən, ölənədək bu işi davam etdirə bilsən, bu vəsflə dünyadan gedə bilsən, işə başla...”[27]

 

Bilalın vəfatı və əbədi həyatın başlanğıcı


Hilal tək nazilib, soluxdu Bilal,

Nurlu çöhrəsinə ölüm saldı xal.

 

Bilal Şama hicrət etdikdən sonra hər il Mədinəyə gəlib, Peyğəmbərin qəbrini, onun qızı Zəhranı (s) ziyarət edər, Peyğəmbər Əhli-beyti (ə) ilə görüşərdi.

Hicri 19-cu ildə Bilal taun xəstəliyindən dünyasını dəyişdi. O, 63 il yaşadı. Bilal Dəməşq yaxınlığındakı “Babus-səğir” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu.[28]

Hazırda onun məzarı üzərində qübbə tikilmişdir və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın qəbrini ziyarət edirlər.

Allah pak yaşamış, vəzifəsinə əməl etmiş, ölüm gününədək Allahın dini yolunda möhkəm dayanmış bu böyük insana rəhmət etsin!

Bu gün onun adından ilham alırıq. Allah yolunda qədəm götürən iman və təqva istəkli insanlar üçün Bilalın həyatı gözəl bir nümunədir.

Bütün yer üzündə “Əllahu əkbər” sədasının ucalacağı, Həzrət Mehdinin (ə) ədalət bayrağı altında Allah dininin dünyaya hakim olacağı gün ümidi ilə! Belə bir gün uzaqda deyil!

 

Qeydlər


[1] “Hucurat”, 13.

[2] “Əyanüş-şiə”, c. 14, s. 106

[3] “Sireye ibn-Hişam”, c. 1, s. 381; “Əl-əsabə”, c. 1, s. 165.

[4] “Əyanüş-şiə”, c. 14, s. 106.

[5] “Əsədul-ğabə”, c. 1, s. 207.

[6] “Əsədul-ğabə”, c. 1, s. 207.

[7] “Əs-səhih”, c. 2, s 34.

[8] “Təbəqat”, c. 3.

[9] “Vəsailüş-şiə", c. 4, s. 612.

[10] “Təbəqat”, c. 3, s. 234.

[11] “Biharül-ənvar”, c. 22, s. 264.

[12] “Əyanüş-şiə”, c.14, s. 101, 102.

[13] “Təbəqat”, c. 3, s. 239.

[14] “Əyanüş-şiə”, c. 14, s. 108.

[15] “Təbəqat”, c. 2, s. 49.

[16] Həmin mənbə, s. 74.

[17] “Əsirətəl-nəbəviyyə”, c. 2, s. 336.

[18] “Üsədul-ğabə”, c. 1, s. 206.

[19] “Əl-vəfa biəhvalil-mustəfa”, c. 2, s. 477.

[20] “Həyatus-səhabə”, c. 2, s. 133.

[21] “Biharül-ənvar”, c. 43, s. 76.

[22] Həmin mənbə, c. 3, s.232.

[23] Bax: “Maidə”, 67.

[24] Səfinətül-bihar, c. 1, s. 104.

[25] “Biharül-ənvar”, c. 43, s. 157.

[26] “Əyanüş-şiə”, c. 14, s. 103.

[27] “Biharül-ənvar”, c. 81, s. 123.

[28] “Əyanüş-şiə”, c. 14, s. 100.

 

Mənbə: Cavad Mühəddisi, Bilal Həbəşi (İdeallarla tanışlıq), Tərcümə edən: Məhəmməd Turan.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ