EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024

İmam Baqir (ə) kimdir? (I hissə)

İmam Baqir (ə) kimdir?

*-Böyük elmi inqilabın banisi

*-İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri

*-Elmləri kəşf edən, bilik qapılarını açan

*-Xəlifələr tərəfindən hədis yazmağın qadağan olunma tarixçəsi

 

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat


İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cə’fər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

 

İmam Baqir əleyhissəlamın müasiri olmuş xəlifələr
Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhissəlamın İmaməti dövründə onun müasiri olmuşlar:

Vəlid ibn Əbdülməlik (86-96 h.q);

Süleyman ibn Əbdülməlik (96-99 h.q);

Ömər ibn Əbdüləziz (99-101 h.q);

Yezid ibn Əbdülməlik (101-105 h.q);

Hişam ibn Əbdülməlik (105-125 h.q);

 

Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o, nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqir əleyhissəlama çox zülm etmişlər.

 

Elmi inqilabın banisi


İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cə’fər Sadiq əleyhissəlamın İmaməti dövründə tə’sis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tə’rifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (əleyhissəlam), İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.[3] O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cü’fi, Kisan Sicistani,[4] həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.

Sünni məzhəbinin ən mö’təbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mö’təbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mə’nalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.[5]

Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.

 

İmam Baqir (əleyhissəlam) alimlər baxımından


İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”[6]

İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əli əleyhissəlamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqir əleyhissəlamın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”[7]

İmam Baqir (əleyhissəlam) öz sözlərində adətən Qur’an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Qur’anın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”[8]

 

İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri


İmam Baqir (əleyhissəlam) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Ə’yün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Ə’yun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissəlamın yetirmələri olmuşlar. İmam Sadiq (əleyhissəlam) buyurardı: “Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din tə’limatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”[9]

İmam Baqir əleyhissəlamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər.

 

Elmləri fəth edən, bilik qapılarını açan


İmam Baqir əleyhissəlamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (əleyhissəlam) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqir əleyhissəlama sataşdı. Gördü ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (əleyhissəlam) buyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən e’tibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir əleyhissəlamın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqir əleyhissəlamın işlərinə irad tutan bə’zi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini rəvayət edirdi.[10]

 

Bir incəlik


Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (əleyhissəlam) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alih) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir:

1) Bu rəvayətlərin bir qisminin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı İmam Zeynül-abidin əleyhissəlamın (yə’ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (əleyhissəlam) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır.

2) Bu rəvayətlərin bə’zisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bə’zilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissəlamı nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir.

Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bə’zi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənlik və İmam Baqir (əleyhissəlam) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissəlamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var?

İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissəlamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhissəlamdan rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: “Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur.[11] Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.[12]

 

İctimai-siyasi durum


Qeyd etdik ki, İmam Baqir (əleyhissəlam) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.

 

Vəlid ibn Əbdülməlik

 

Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.[13]

 

Süleyman ibn Əbdülməlik

 

Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır.[14] Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə tə’yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.

 

İntiqam alovu


Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların tə’siri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə mə’ruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi.[15] O, həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bə’zilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.[16]

“İslamın siyasi tarixi” kitabının müəllifi yazır: “Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bə’zilərinə məhəbbətlə yanaşır, bə’zilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”[17] Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil.

 

Hökumət sarayının özbaşınalığı və fəsad işləri


Süleyman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O, bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, lə’l-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı, Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.[18]

 

Ömər ibn Əbdüləziz


(Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümünün çatmasını bildikdə, bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi tə’yin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi e’lan olunduqda, camaat bunu çox təntənə ilə qarşılayıb ona bey’ət etdi.[19] Ömər ibn Əbdüləziz camaatın narahatçılığını, Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı:

“Camaat zülm, haqsızlıq və çətinliklərə mə’ruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bid’ətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə e’dam etməyə ixtiyarınız yoxdur.”[20]

 

Özbaşınalıq, fəsad və ayrıseçkiliyə qarşı mübarizə


Ömər ibn Əbdüləziz bundan əlavə, öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu beytül-malın hesabına köçürtdü və öz arvadı - Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki, atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə isə onun evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı.[21]

Ömər ibn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda-qanunları ilə tanış etdi, hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı.[22]

İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişləndirib Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki, ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini mümkün qədər camaatın yaxasından çəkdi.[23] Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə çox pis tə’sir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı mübarizəyə başladılar. Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər: “Qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi: “Mən Qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla qorxudursunuz?)”[24]

 

Əli əleyhissəlamı söymək qadağandır!


Qeyd etdiyimiz kimi Ömər ibn Əbdüləziz digər Əməvi xəlifələri ilə müqayisədə nisbətən ədalətli şəxs olmuşdur. Onun hakimiyyətinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) mə’sum canişinləri tərəfindən rəsmən tanınmadığı üçün onun da zalımlar cərgəsinə daxil olmasına baxmayaraq, o, özündən qabaqkı xəlifələrin zülmlərinə qarşı çıxaraq hakimiyyətini xalqa xidmət etməyə həsr etdi. Bu xidmətlər arasında onun İslama, bəlkə də bəşəriyyət aləminə göstərdiyi, həyat və hakimiyyət dövrünün xüsusi parlaq xidməti Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamı söymək adətini aradan götürərək qadağan etməsidir. O, bu işi ilə altımış doqquz illik rişə atmış çirkin bir bid’əti aradan götürməklə, şiə aləminə, bəlkə də, bütün bəşəriyyət aləminə xidmət etmiş oldu. Bu bid’ət Müaviyənin qoyduğu çirkin miras idi. Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ili) bütün mövqeyi ələ keçirən Müaviyə qərara gəldi ki, əks təbliğat və müxalif şüarlar vasitəsilə Əli əleyhissəlamı İslam aləminin “ən nankor” adamı kimi tanıtdırsın. O, bu məqsədini həyata keçirmək üçün bir tərəfdən Əli əleyhissəlamın dost və şiələrini təzyiqlərə mə’ruz qoymaqla qılınc gücü ilə Əli əleyhissəlamın fəzilətlərinin söylənilməsinin qarşısını alaraq bir hədis, hekayə və şe’r belə, o Həzrətin mədhi barədə deyilməsinə icazə vermir, digər tərəfdən də, o Həzrətin parlaq simasını əksinə göstərmək üçün Əməvi hökumətinin hədisçi və yaltaqlarını Əli əleyhissəlamın əleyhinə hədis quraşdırmağa məcbur edirdi. Bu yolla saysız hədislər söylənilib camaatın arasında yayıldı. Müaviyə bununla da, kifayətlənməyib əmr etdi ki, bütün xilafət ərazisində cümə günləri minbərə çıxıb xütbə oxuyarkən Əli əleyhissəlamı söymək də xütbəyə əlavə edilsin. Bu çirkin bid’ət icra olunaraq adət halını aldı. Ümumi fikirlərdə öz tə’sirini qoyaraq rişə atmış bir iş halına çevrildi. Belə ki, uşaqlar Əli əleyhissəlama qarşı kin-küdurətlə böyüdülər, böyüklər isə Əli əleyhissəlama qarşı zidd fikirlərlə dünyadan getdilər.

Müaviyədən sonra digər Əməvi xəlifələri də bu adəti davam etdirmiş və bu iş Ömər ibn Əbdüləzizin hakimiyyətə yetişdiyi – təxminən hicrətin birinci yüzilliyinədək icra olunurdu.1

 

Bir müəllimin tə’sir şüası


Burada belə bir sual irəli çıxır ki, Ömər ibn Əbdüləzizin bu işdən (Həzrət Əli əleyhissəlamı söyməyi qadağan etməkdən) məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır?

Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir.

Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli əleyhissəlamı lə’nətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhissəlamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əli əleyhissəlamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı. Ömər bir qədər oturub gözlədi ki, müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən bir az çox uzatdı. Azyaşlı şagird başa düşdü ki, müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: “Haradan bilirsən ki, Allah Bədr döyüşündə və Hüdeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lə’nətə layiq olmuşlar?”

Ömər: “Bu barədə mən bir şey eşitməmişəm.”

- “Bəs nəyə görə Əli əleyhissəlamı lə’nətləyirsən?”

- Tutduğum işdən üzr istəyir, Allah dərgahına tövbə edib söz verirəm ki, bir də belə iş görməyəcəyəm.

Müəllimin məntiqli və tə’sirli sözləri öz işini görərək Ömər ibn Əbdüləzizə çox böyük tə’sir bağışladı. Ömər o gündən e’tibarən söz verdi ki, bir daha Əli (əleyhissəlam) üçün nalayiq sözlər deməyəcək. Ancaq o, küçə və bazarda, uşaqlarla oynayanda, eşidirdi ki, camaat çəkinmədən Əli əleyhissəlamı lə’nətləyir.

İkinci hadisə Öməri öz sözünün üstündə durmağa daha da vadar etdi.

 

Böyük bir e’tiraf


İkinci hadisə belə olmuşdur:

Ömər: “Bəli, ata.”

Atası: “Oğlum, bizim ətrafımıza yığışıb minbərimizin kənarında oturan bu camaat mənim Əli əleyhissəlamın fəzilətləri barədə bildiyimi bilsələr, bizim ətrafımızdan dağılıb Əli əleyhissəlamın övladlarının ardınca gedəcəklər.”

Müəlliminin sözləri hələ də qulağında səslənən Ömər elə ki, bu e’tirafı öz atasından eşitdi, başdan-ayağa dəyişib özünə söz verdi ki, əgər bir gün hakimiyyətə gələrsə, bu bid’əti aradan götürəcək. Buna görə də, hicrətin doxsan doqquzuncu ilində hakimiyyətə gəlcək öz keçmiş arzusunu həyata keçirtdi və bir bəyannamə dərc etdirərək əmr verdi ki, bundan sonra minbərlərdə Əli əleyhissəlamı lə’nətləməyin əvəzinə “Həqiqətən, Allah [Qur’anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. [Allah] sizə, bəlkə, düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir.”[25] ayəsi oxunulsun! Bu iş camaat tərəfindən xoş ruhiyyə ilə qarşılandı və şairlər bu işi mədh etdilər.[26]

 

Fədəyin xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarılması


Peyğəmbər ailəsindən zülmün götürülməsi məqsədilə Ömər ibn Əbdüləzizin gördüyü böyük və əsaslı tədbirlərdən biri də, Fədəyin Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarması olmuşdur. Fədəyin İslam tarixində çox acı və uzun bir macərası vardır. Bu kitabda ondan bəhs etməyə imkan olmadığından qısaca olaraq onun tarixi faktlarını qeyd edirik. Peyğəmbər (səlləllahu əleyhi və alih) Fədəyi öz sağlığında qızı xanım Zəhraya (səlamullahi əleyha) bağışlamış, Peyğəmbər (səlləllahu əleyhi və alih) vəfat etdikdən sonra isə Əbu Bəkr onu güclə xanım Zəhradan (səlamullahi əleyha) alıb beytül-malın torpaqları sırasına qatmışdır. O vaxtdan sonra xəlifələr bu bağı bir-birinə ötürmüş və nəhayət, Müaviyə öz hakimiyyəti dövründə onu Mərvana, Mərvan da öz oğlu Əbdüləzizə bağışlamışdır. Əbdüləziz öldükdən sonra Fədək Ömər ibn Əbdüləzizə çatır. Ömər ibn Əbdüləziz onu xanım Zəhranın (səlamullahi əleyha) övladlarına qaytarıb deyir: “Fədək onlarındır və Bəni-Üməyyənin onda heç bir haqqı yoxdur. Ancaq təəssüflər olsun ki, Ömər öldükdən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlib Fədəyi xanım Zəhranın (səlamullahi əleyha) övladlarından alıb Bəni-Üməyyə nümayəndələrinin tiyulu (mülkü) qərar verir.[27]

Şeyx Səduq “Əl-Xisal” kitabında nəql edir ki, Ömər ibn Əbdüləziz Mədinəyə səfəri zamanı İmam Baqir əleyhissəlamla görüşüb Fədəyi o Həzrətə qaytardı.[28]

İmam Baqir (əleyhissəlam) sanki Ömər ibn Əbdüləzizin Peyğəmbər ailəsindən bə’zi zülmləri götürməsini nəzərə alıb buyurmuşdur: “Ömər ibn Əbdüləziz Bəni-Üməyyənin ən nəcib adamıdır.”[29]

Ömər ibn Əbdüləziz iki il hakimiyyətdə olmuş və deyilənə görə Bəni-Üməyyə nümayəndələri onu zəhərləyərək öldürmüşlər.[30]

 

Hədis yazmağın qadağan edilməsi


Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra İslam cəmiyyətində ortaya çıxmış azğınlıqların ardınca çox təəssüfləndirici başqa bir hadisə meydana gəlmiş, onun acınacaqlı və ziyanverici nəticələri uzun müddət İslam aləminə zərbə vurmuşdur. O hadisə hədis söyləmək, yazmaq və toplamağın qadağan edilməsi olmuşdur.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədis və buyurduqlarının Qur’andan sonra ikinci yerdə durduğuna, asimani kitabdan (Qur’andan) sonra İslam mədəniyyətinin ən böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Qur’anla hədisin) bir-birindən ayrılmasının qeyri-mümkün olmasına baxmayaraq, birinci və ikinci xəlifə hədis yazıb toplamağın əleyhinə çıxıb puç və əsassız bəhanələrlə, həqiqətdə isə siyasi məqsədlərlə müsəlmanlara hədis yazıb söyləməyi qadağan etdilər. Əbu Bəkr dedi: “Allah Peyğəmbərindən heç bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona deyin ki, Allahın kitabı (Qur’an) bizim və sizin aranızdadır, onun halalını halal, haramını haram sayın.”[31] İkinci xəlifə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin yazılmasına qadağa qoymaq məqsədilə İslam dövlətinin bütün ərazilərinə bir bəyannamə nəşr etdirərək yazdı: “Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir hədis belə yazıbsa, onu məhv etsin.”[32] Ömər təkcə bu bəyannamə ilə kifayətlənməyib Peyğəmbərin (səlləllahu əleyhi və alih) bütün səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) tanınmış səhabələrindən olan Qərzə ibn Kə’b deyir: “Ömər bizi İraqa göndərərkən özü də bizimlə bir az yol gəlib dedi: “Bilirsiniz sizi nəyə görə yola salıram?” Dedik ki, yəqin Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri olduğumuz üçün xəlifə bu əziyyətə qatlaşır. Dedi: “Sizin hörmətinizdən əlavə, ona görə sizi şəxsən yola salıram ki, sizə bir məsələni tövsiyə edəm və sizinlə piyada gəlib sizi ötürməyim xatirinə onu yerinə yetirəsiniz.” Sonra əlavə edib dedi: “Siz elə bir yerə gedirsiniz ki, oranın əhalisi öz məscid və məclislərini Qur’an zümzüməsi ilə doldurmuşlar. Mənim sizə tövsiyəm budur ki, onlarla işiniz olmasın və camaatın başını hədislə qatıb onları Qur’andan ayırmayın! Camaat üçün Qur’anı ona hədis qatmadan oxuyun, Peyğəmbərdən (səlləllahu əleyhi və alih) çox az hədis söyləyin. Biz də bu işdə sizinlə həmkarlıq edəcəyik.”

Qərzə göndərildiyi yerə çatanda ona dedilər ki, bizim üçün hədis söylə. O isə cavab verdi ki, xəlifə hədis söyləməyi bizə qadağan etmişdir.[33]

Ömər öz xəlifəlik dövründə belə qərara gəldi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini yazsın. Sonra cəmiyyət arasında bu məsələnin (hədis yazmağın) azad olmasını göstərmək məqsədilə bu söhbəti camaat arasına çıxartdı. O, bir ay fikirləşdikdən sonra həll yolu tapıb camaata dedi: “Keçmiş ümmətləri yadıma saldım, onlar bə’zi kitabları yazıb toplayaraq onlara çox diqqət etdiklərinə görə öz asimani kitablarından uzaq düşdülər. Buna görə də, mən Allah kitabını (Qur’anı) heç bir şeylə qarışdırmaram.”[34]

Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, eyni zamanda hədis söyləyən şəxsi möhkəmcə cəzalandırırdı. Belə ki, bir gün o üçü də İslamın ilkin çağlarının böyük şəxsiyyətlərindən olan ibn Məs’ud, Əbu Dərda və Əbuzərə demişdir: “Nədir, Peyğəmbərdən söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər ölənə qədər həbsdə qalmışdı.[35]

Bu cür cəzalandırmalar üzündən digər müsəlmanlar da hədis yazıb söyləməyə cür’ət etmədilər.

 

Siyasi məqsəd


Əldə olan faktlar sübut edir ki, bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bundan ibarət idi ki, bunun simasında o günlər Həzrət Əli əleyhissəlama nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki Həzrət Əli (əleyhissəlam) Peyğəmbərin sağlığında bə’zi kitablar yazaraq orada Peyğəmbərin hədislərini və o Həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdi.

 

Əvəzi çıxılmaz bir ziyan


Bu məhdudiyyətlər bais oldu ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki, Şə’bi deyirdi: “Bir il Ömərin oğlu ilə bir yerdə oldum, ondan nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.”[36]

Saib ibn Yezid deyir: “Mədinədən Məkkəyədək Sə’d ibn Maliklə yol yoldaşı oldum, o, səfər boyunca Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun, hədis söyləmədi.”[37] Deməsək də, mə’lumdur ki, bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş, o mə’nalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bə’zi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii ki, hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki, nə bir kitab var idi, nə bir dəftər, nə də bir hesabat. Mə’lumdur ki, belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr[38] meydana gəlib qeyri-şər’i məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi, yə’ni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bid’əti aradan götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: “Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.”[39] Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı.[40] Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq, Peyğəmbər hədislərini dirçəltmək, yaddaşlarda qalıb böyük, ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sür’ətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.

Bə’ziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur.[41] Nəzərə almaq lazımdır ki, düzdür, Ömər ibn Əbdüləzizin dövründən e’tibarən hədis söyləyib yazmaq azad buraxılmışdı, ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.

 

Ardı burada

 

[1] “Üsuli-kafi”, c. 1, səh. 469; “İrşad”, Şeyx Müfid, səh. 262; “E`lamül Vəra”, Təbərsi, səh. 264.

[2] Həmin mənbələr.

[3] Əl-İrşad, səh.261.

[4] Bu iki nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) şəxsən görməmiş, lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrini görmüşdülər. Yəni tabeinlərdən idilər.

[5] Mənaqibi Ali-Əbu Talib, c.4, səh.195.

[6] Əs-Səvaiqül-mühriqə, səh.201.

[7] Təzkirətül-xəvas, səh.337; Əl-Bidayətu vən-nihayə, c.9, səh.311.

[8] Ehticac, səh.176.

[9] İxtiyari-mə’rifətir-rical, səh.136-137.

[10] Biharül-ənvar, c.46, səh.226.

[11] Əl-İrşad, səh.262.

[12] Təzkirətül-xəvass, səh.337.

[13] İspaniya, yaxud müsəlmanların Avropada hakimiyyəti, səh. 17-18.

[14] Əl-Kamilu fit-tarix, c.5, səh.11 və 37.

[15] Tarixi-sədril-İslam vəd-dövlətül-Əməviyyə, səh.197.

[16] Müxtəsəri-tarixil-ərəb, səh.125.

[17] İslamın siyasi tarixi (Doktor İbrahim Həsən), c.1, səh.401.

[18] Mürucuz-zəhəb, c.3, səh.175.

[19] Mürucuz-zəhəb, c.3, səh.183.

[20] Tarixi-Yə’qubi, c.3, səh.50.

[21] Tarixül-xüləfa, səh.232.

[22] Əl-İmamətu vəs-siyasət, c.2, səh.116.

[23] Tarixül-xüləfa, səh.232.

[24] Əl-Əxbarut-təval, səh.331.

1 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid) c.3,səh.57.

[25] “Nəhl” surəsi, ayə 90.

[26] Əl-Kamilu fit-tarix, c.5, səh.42.

[27] Tarixi-Yə’qubi, c.3, səh.50.

[28] Əl-Xisal, 3-cü bölmə.

[29] Tarixül-xüləfa, səh.230.

[30] Əqdül-fərid, c.4, səh.432.

[31] Təzkirətül-huffaz, c.1, səh.3.

[32] Əzvaun ələs-sünnətil-Mühəmmədiyyə, səh.43.

[33] Təzkirətül-huffaz, c.1, səh.7.

[34] Əzvaun ələs-sünnətil-Mühəmmədiyyə, səh.43.

[35] Əl-Müstədrəku ələs-səhihəyn, c.1, səh.110.

[36] Sünəni-ibn Macə, c.1, səh.11.

[37] Sünəni-ibn Macə, c.1, səh.12.

[38] Əbu Hüreyrə yalançı hədis söyləmək üzrə məşhur olmuş bir şəxsdir.

[39] Əs-Sünnətu qəblət-tədvin, səh.309.

[40] Səhihi-Buxari, c.2, səh.6.

[41] Elmül-hədis və dirayətül-hədis, səh.30.

[42] “Nəcm” surəsi, ayə 3-4.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı"

 

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ