EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

İmam Səccad (ə) kimdir? (II hissə)

İmam Səccad (ə) kimdir?

 

 

Əvvəli burada

 

 

Ümmətin əxlaqının tənəzzülə uğraması


Əbdülməlik və oğlu Vəlidin hakimiyyəti dövründə camaatın əxlaqi səviyyəsinin tənəzzülə uğramasını və İslam tə’lim-tərbiyəsinin kölgədə qalmasını nəzərə aldıqda, İmam Səccad əleyhissəlamın bu nəsihət və moizələrinin əhəmiyyətini görərik.

Mə’lumdur ki, təxminən hicrətin otuzuncu ilindən (Osmanın hakimiyyət dövrünün ikinci yarısından) başlayaraq cəmiyyət arasında iqtisadi pozğunluq və əxlaq səviyyəsinin tənəzzülü genişlənməyə başlamış, dövlət xəzinəsindən çoxlu gəliri olan Qüreyş ə’yan-əşrafı dövrün hakimlərinin bəxşişlərindən istifadə edərək mal-dövlət yığmağa başlamışdılar. Beləliklə də, İslam cəmiyyətində rifahtələblik və sərvət yığımı adət oldu. Varlılar çoxlu mal-qara, arpa-buğda toplayıb, çoxlu qulam nökər və kənizlər, xüsusilə də, gözəlsəsli xanəndə və məclisi zinətləndirən kənizlər xalqın digər təbəqələri arasında da yayıldı. Bu əxlaqi tənəzzül Yezidin hakimiyyəti dövründə öz kuliminasiya nöqtəsinə çatdı. Belə ki, müqəddəs şəhərlər sayılan Məkkə və Mədinə də bu əxlaqi tənəzzüldən geri qalmadı. Məs’udi yazır: “Yezidin pozğunçuluğu onun hakimlərinə və ətrafındakılara da keçdi. Onun dövründə Məkkə və Mədinədə oxuyub-çalmaq meydana çıxdı, kef məclisləri quruldu və camaat açıq-açığına şərab içməyə başladılar.”[61] Bu vəziyyət Əbdülməlikin dövründə də davam etdi. Belə ki, Şövqi Dayf Məkkə və Mədinə şəhərlərində rifah və ə’yan-əşraflığın geniş yayılmasını qeyd etdikdən sonra əlavə edir: “Sanki Hicazın bu iki böyük şəhərini xanəndələr üçün yaratmışlar. İş o yerə çatmışdı ki, nə təkcə adi və avam adamlar, hətta zahid və alimlər də xanəndələrin məclisinə tələsirdilər.”[62]

Bir gün Dəhman adlı bir müğənni bir nəfər mədinəli ilə bir iraqlı arasında olan mübahisədə Mədinə qazısı Əbdüləziz Məxzuminin yanına gəlib mədinəlinin xeyrinə şahid durdu. Qazı onu adil şəxs kimi tanıyıb şahidliyini qəbul etdi. İraqlı şəxs qazıya dedi: “Bu ki Dəhmandır!” Əbdüləziz dedi: “Tanıyıram, tanımasaydım kim olduğunu soruşardım.” İraqlı şəxs dedi: “O, xanəndədir, mahnı ilə məşğul olur və kənizlərə mahnı öyrədir!” Qazı dedi: “Allah məni və sizi bağışlasın, bizdən hansı birimiz mahnı əhli deyilik? Get kişinin haqqını ver.”[65]

Mədinədə rəqs və mahnı məclisləri qadınlarla kişilər arasında heç bir pərdə olmadan qarışıq şəkildə qurulurdu.[66]

Təlhənin qızı Aişə kişili-arvadlı musiqi məclisləri təşkil edir və orada İzzətül-meyla adlı müğənni mahnı oxuyardı.[67]

İş o yerə çatmışdı ki, o dövrün ən tanınmış xanəndələrindən olan Cəmilə adlı bir qadın Məkkəyə səfər edərkən yol boyu onu qarşılamağa o qədər adam çıxmışdı ki, heç bir müfti, alim, hədisçi, təfsirçi, qazı və zahidi qarşılamağa o qədər adam çıxmazdı. Bu səfərin dastanını belə yazırlar: “Cəmilə həcc ziyarəti məqsədi ilə Məkkəyə hərəkət edərkən o dövrün tanınmış kişi xanəndələrindən Həyit, Tüvyes, Dəllal, Bərdulfuad, Nəvmətuz-zuha, Rəfnəd, Rəhmət, Hibətullah, Mu’bid, Malik, ibn Aişə, Nafi ibn Tunburə, Budeyhulməlih və Nafiul-xeyr (bə’ziləri onların sayını otuz nəfər qeyd etmişlər), xanəndə qadınlardan isə Fərihə, İzzətül-meyla, Həbbabə, Səllamə, Hulidə, Uqilə, Şummasiyə, Fir’ə, Bülbülə, Ləzzətül-eyş, Suidə və Zərqa onu müşaiyət etmişlər. Cəmilənin karvanı Məkkəyə yaxınlaşdıqda, onları bir dəstə Məkkə ə’yan-əşrafı və başqa adamlar böyük sevinc içərisində qarşıladılar. Mədinəyə qayıtdıqda da, şəhər əhalisi tərəfindən qarşılandı. Bu vaxt elə hay-küy düşmüşdü ki, Mədinə camaatı qapılarının ağzında dayanıb bu hadisəyə tamaşa edirdi.[68]

Bu dastan o dövrün Mədinə əhalisi arasında əxlaq tənəzzülünün bir hissəsinin göstəricisidir. Bu səfər zamanı Cəmiləni müşayiət etmiş şəxslər öz dövrlərinin məşhur müğənnilərindən olub bütün aləmə səs salmışdılar. İndi təsəvvür etsək ki, onların hər birinin bir neçə şagirdi olmuş və eləcə də, bə’zi xanəndə və rəqqasələrin Cəmiləni müşayiət etməyib şəhərdə qalma ehtimalını inkar etməsək, elə bir rəqəm alınacaq ki, ona inanmaq adama bir az çətin gəlir. Müsəlmanların qibləgahı və İslam hökumətinin tə’sisçisi olan şəhərdə vəziyyət belə olarsa, Dəməşq, Bəsrə və digər böyük şəhərlərin vəziyyətinin necə olduğunu təxmin etmək olar.[69]

 

Əhkamı bəyan etməyin və əsl İslam mədəniyyətini yaymağın labüdlüyü


Bu acınacaqlı vəziyyətlə yanaşı camaatın İslam tə’lim-tərbiyəsindən xəbərsiz olduğunu və bid’ətlərin yayılmasını nəzərə aldıqda, faciənin böyüklüyü daha da aydın olur. Bu zaman yaxşı başa düşəcəyik ki, İmam Səccad (əleyhissəlam) cəmiyyətin bu dərdini başa düşmüş və onları nəsihət və moizə yolu ilə oyadırdı. İndi isə sizin diqqətinizi İslam tə’lim-tərbiyəsinin kənarda qalmasına və camaatın İslami vəzifələrdən xəbərsiz qalıb bid’ətlərlə ünsiyyətdə olmasına dair nümunələrə cəlb edirik:

Bə’zi alimlərin dediyinə görə İmam Səccad əleyhissəlamın dövründə Bəni-Haşimdə elə şəxslər var idi ki, namaz qılmağın, həcc ziyarətinin əməllərini bilmirdilər. Ümumiyyətlə, şiələr dini əhkam sahəsində ancaq onun-bunun ağzından eşitdiklərini bilirdilər.[70]

İslamın əsası olan, hər müsəlmana gecə-gündüz qılınması beş dəfə vacib olan namaz kimi bir əməlin bu sahədə hamıdan çox bilməsi lazım olan Bəni-Haşim qəbiləsi bu vəziyyətdə idisə, indi gör başqa şəhər və məntəqələrin adi müsəlmanlarının dini agahlığı nə dərəcədə idi.

Tanınmış səhabələrdən olan Ənəs ibn Malik deyirdi: “Peyğəmbər zamanında icra olunan şeylərin heç birindən indi sorağ yoxdur.” Dedilər: “Bəs namaz nədir?” Dedi: “Bəs namazın başına gətirdiyiniz nə idi?”[71]

Hicrətin səksən yeddinci ilində Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Mədinə hakimi Ömər ibn Əbdüləziz hacıların dəstə rəhbəri kimi həccə getdi, ancaq Qurban bayramının qaydasını düzgün yerinə yetirə bilmədi.[72]

Məhəmməd ibn Müslim ibn Şəhab Zühəri deyir: “Dəməşqdə Ənəs ibn Malikin yanına gedəndə gördük ki, tək oturub ağlayır. Ağlamasının səbəbini soruşduqda, dedi: “İslam qayda-qanunlarından öyrəndiklərimdən təkcə bu namaz qalıbdır, onu da zay ediblər.”

Ənəs ibn Malikin dövründən bir az sonra Həsən Bəsri deyirdi: “Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) sizin aranıza qayıtsa, sizə öyrətdiyi şeylərin içindən qiblənizdən başqa heç bir şeyi tanımayacaq.”[73]

Ümmü Dərda deyir: Bir gün Əbu Dərda evə çox qəzəbli halda gəldi. Ondan soruşdum ki, niyə belə narahatsan? O dedi: Allaha and olsun, Məhəmmədin dinindən bu xalqın arasında namaz qılmaqdan başqa bir şey qalmayıbdır![74]

 

3. Dua qalibində maarifin bəyanı


İmam Səccad əleyhissəlamın təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Bildiyimiz kimi dua insanla Allah arasında çox mühüm və tərbiyəvi tə’sir bağışlayan bir vasitədir. Bu baxımdan duanın İslam nöqteyi-nəzərindən xüsusi yeri vardır. Peyğəmbər (səlləllahu əleyhi və alih) və mə’sum İmamlardan bizə yetişmiş duaları bir yerə yığsaq, böyük bir toplu (dua ensiklopediyası) əmələ gələr. Bu dualar böyük tərbiyə məktəbi olub insanın ruhi qidasında böyük rol oynayır.

 

Səhifeyi-Səccadiyyə


İmam Səccad əleyhissəlamın dövrü dikdatura mühitinə təsadüf etdiyi üçün o Həzrət öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Qur’an və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki, hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona “Uxtul-Qur’an”[75] (Qur’anın bacısı), “İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və “Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər.[76]

Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda islami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi, mədəni, ictimai, siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mər’əşi Nəcəfi “Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün müasiri olan, “Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mə’rəşi Nəcəfinin cavabında yazmışdı: “Bu bizim bədbəxtliyimizdəndir ki, bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram, onu bəşər kəlamından üstün, Tanrı kəlamından isə aşağı görürəm.”[77]

Səhifeyi-Səccadiyyənin misilsiz e’tibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.

Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli “Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir.[78] Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.

Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:

1. Allaha sitayiş;

2. Məhəmməd (səlləllahu əleyhi və alih) və onun ailəsinə salam;

3. Asimanı daşıyan mələklərə salam;

4. Peyğəmbərlərin ardıcılları üçün rəhmət istəmək;

5. İmam Səccad əleyhissəlamın özü və dostları üçün duası;

6. Səhər və axşam vaxtı dua;

7. O Həzrətin çətinliklər, mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;

8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;

9. Bağışlanmaq üçün dua;

10. Allah dərgahına pənah aparmaq üçün dua;

11. Aqibətin yaxşı nəticələnməsi üçün dua;

12. Günahlara e’tiraf və tövbə etmək üçün dua;

13. Hacətlərin istənilməsi üçün dua;

14. Zalımlardan şikayət, zülm olunan zaman, yaxud zalımlardan xoşuna gəlmədiyi iş gördüyü zaman oxuduğu dua;

15. Xəstəlik, çətinlik və kədər irəli çıxan zaman oxuduğu dua;

16. Günah və eyblərin bağışlanması üçün dua;

17. Şeytan şərrini dəf etmək və onun hiylə və düşmənçiliyindən Allaha pənah aparmaq üçün dua;

18. Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;

19. Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;

20. Gözəl və bəyənilmiş əxlaq üçün oxunan dua

21. Qəm-qüssə vaxtı oxunan dua;

22. Çətinlik və müşkülat zamanı oxunan dua;

23. Sağlamlıq (təmizlik) istəmək və onun üçün şükr etmək barədə dua;

24. O Həzrətin ata-anası üçün duası;

25. Öz övladları barədə dua;

26. Qonşu və dostları barədə dua;

27. İslam ölkəsinin sərhədçiləri üçün dua;

28. Allaha pənah aparmaq barədə dua;

29. Ruzinin azaldığı zaman oxunan dua;

30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;

31. Tövbə etmək və tövbə zikri barədə dua;

32. Gecə namazından sonra oxunan dua;

33. Xeyir istəmək barədə dua;

34. Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;

35. Dünya əhlini görən zaman razılıq etmək üçün dua;

36. Göy gurultusu eşitdikdə, bulud və şimşək gördükdə oxunan dua;

37. Allahın ne’mətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını e’tiraf etmək barədə dua;

38. Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;

39. Əfv və rəhmət istəyərkən oxunan dua;

40. Kiminsə ölümündən xəbərdar olduqda, yaxud ölümü yad edərkən oxunan dua;

41. Günah qarşısına pərdə çəkilməsini istəmək üçün dua;

42. Qur’anı xətm edərkən oxunan dua;

43. Təzə çıxmış ayı gördükdə və ona baxarkən oxunan dua;

44. Ramazan ayının əvvəlinin duası;

45. Ramazan ayı ilə vidalaşarkən oxunan dua;

46. Fitr bayramı və cümə günləri oxunan dua;

47. Ərəfə günü oxunan dua;

48. Qurban bayramı və cümə günləri oxunan dua;

49. Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;

50. Allahdan qorxmaq barədə oxunan dua;

51. Ağlamaq və sızıldamaq barədə oxunan dua;

52. Allahdan xahiş etməkdə israr barədə oxunan dua;

53. Allah qarşısında kiçiklik üçün oxunan dua;

54. Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.

 

Səhifeyi-Səccadiyyənin siyasi cəhətləri


Qeyd etdik ki, Səhifeyi-Səccadiyyə təkcə dua, münacat və Allahdan hacət istəməkdən ibarət deyil. Eyni zamanda, onda siyasi, ictimai, mədəni və əqidəvi məsələlər də vardır. İmam Səccad (əleyhissəlam) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə, xüsusilə də, İmamət və İslam cəmiyyətinin rəhbərliyi məsələsinə toxunmuşdur. İndi onlardan bə’zi nümunələri sizin nəzərinizə çatdırırıq:

1) İmam Səccad (əleyhissəlam) (Məkarimül-əxlaq duasının) iyirminci duasında buyurur: “İlahi, Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədə salam göndər, mənə mənə əl (qüvvə) ilə zülm edənə qarşı, mənimlə dil (sübut dili) ilə mübarizə aparana qarşı, mənimlə düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə və fırıldaqçılıq edənə qarşı mənə tədbir, mənə təzyiq edənə qarşı mənə qüvvə, məndə səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu təhlükəsi qarşısında əmniyyət əta et...”

İmam Səccad (əleyhissəlam) Əbdülməlikin Hişam ibn İsmayıl Məxzumi (Mədinənin hakimi) kimi nümayəndələrinin zülm, inad, bədgümanlıq, hədə-qorxu və təzyiqlərinə mə’ruz qalmamışdımı? Buna əsasən, İmam Səccad əleyhissəlamın bu duası öz dövrünün hökumətinin zülmlərinə qarşı bir şikayət olmuş və bu baxımdan da siyasi xarakter daşımışdır.

2) İmam Səccad əleyhissəlamın Qurban bayramı günü və eləcə də, hər cümə günləri oxuduğu duada deyilir: “...İlahi, bu məqam (Qurban bayramının, cümə gününün namazı və xütbələri, onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı) Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox yüksək mərtəbədə qərar verdiyin əmin bəndələrinə məxsus olub, ancaq zalımlar (zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki, Sənin xəlifələrin (biz İmamlar) məğlub olmuşlar. Onlar Sənin əhkamının dəyişilməsini, Sənin kitabının əməl meydanından uzaq düşdüyünü, vacib əməllərin təhriflərə mə’ruz qaldığını, Peyğəmbər sünnəsinin tərk olunduğunu öz gözləri ilə görürlər.

İlahi, Sənin seçilmiş bəndələrinin düşmənlərinə, əvvəldən axıra kimi, eləcə də onların ardıcılları və onların işlərinə razı olanlara lə’nət olsun, onları Öz rəhmətindən uzaqlaşdır...”

Bu duada İmam Səccad (əleyhissəlam) Peyğəmbər ailəsinə məxsus olan İmamət məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş, bununla da, Bəni-Üməyyə hökumətinin qeyri-şər’i hökumət olduğunu bəyan etmişdir.

İmam Səccad (əleyhissəlam) Ərəfə gününün duasında buyurur: “İlahi, camaata rəhbərlik etmək və Sənin əmrlərini yerinə yetirmək üçün seçdiyin, onları Sənin elm xəzinədarların və dininin gözətçiləri tə’yin etdiyin Peyğəmbər ailəsinin ən pak adamlarına salam göndər! Sən onları bəndələrə Öz hüccətin tə’yin edib onları Öz istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları Səninlə vasitə və Öz Cənnətinin yolu qərar verdin... İlahi, Sən hər bir vaxt Öz dinini bir İmam vasitəsi ilə qoruyub saxlamısan, O İmamı qeybi əlaqə vasitəsi ilə Özünlə əlaqədə saxladıqdan, onu Öz Rizayətinə vasitə qərar verdikdən, ona itaət etməyi vacib etdikdən, ona asi olmağı nəhy etdikdən, onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən, hamının ona itaət etməsini vacib bilib heç kəsi onun itaətindən çıxmamasını əmr etdikdən sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada hidayət məşəli qərar verdin...”

İmam Səccad (əleyhissəlam) bu duada da, Peyğəmbər ailəsindən olan İlahi rəhbər və İmamların xüsusi mövqe və üstünlüklərindən söhbət etmişdir. Bu da şübhəsiz ki, dövrün hakimiyyətinin qeyri-şər’i olduğunu bildirir.

 

4. Saray alimləri ilə mübarizə


İmamların həyatının ən maraqlı, ən əhəmiyyətli bölmələrindən biri onların öz dövrlərinin İslam cəmiyyəti arasındakı ləyaqətsiz, düşüncə və mədəniyyətdən uzaq olan başbilənlər, yə’ni, saray fəqihi, hədisçi, təfsirçi, qari və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini zalım hakimlərin xeyrinə cəlb edir, onları Bəni–Üməyyə və Bəni–Abbas xəlifələrinin cəmiyyətdə tə’yin etdikləri hakimiyyətə yönəldir, onları bu vəziyyətə tabe edərək zalım hakimlərin hakimiyyəti üçün fikri və zehni zəmin yaradırdılar. İmam Səccad əleyhissəlamın siyasi həyatındakı bu cür mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir.

 

Zühri kimdir?


Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O, öz dövründə yaşamış sünni məzhəbinin “yeddi fəqih”[79]indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki, böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şər’i məsələlər) rəvayət etmişlər.[80]

Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.”[81] Yaxud: “Məkhula dedilər ki, indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.”[82] Bununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm, zöhd, təqva əzmətinin heyranı, o Həzrətin mə’nəvi məqamının vurğunu idi. Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.)[83] Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi, ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.[84] O, İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş, ondan çoxlu hədis nəql etmişdir.[85]

Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o, bir nəfəri cəzalandırmış, həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: “Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”

Bir gün İmam Səccad (əleyhissəlam) Zührini görüb buyurdu: “Sənin (Allah rəhmətindən) mə’yus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər, özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O, sonralar deyirdi: “Əli ibn Hüseyn əleyhissəlama hamıdan çox mən borcluyam.”[86]

 

Zührinin İmam Səccad əleyhissəlamın hüzurunda şagirdliyi


Zührinin məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bə’ziləri onu şiə və İmam Səccad əleyhissəlamın dostlarından bilmiş və bunun üçün bə’zi sübutları şahid gətirmişlər. Bə’ziləri isə, onu İmamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. “Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki, Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş, ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccad əleyhissəlamın şagird və dostları sırasına qoşulmuşdur.[87] Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki, Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccad əleyhissəlamla əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bə’zi vaxtlar ona tə’nə edərək “sənin Peyğəmbərin İmam Səccad (əleyhissəlam) nə edir?” deməsi bu dövrə aiddir.[88]

İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.

 

Zühri Bəni-Üməyyə sarayında


İbn Əbil Hədid Zührini Əli əleyhissəlamın müxaliflərindən biri hesab edərək yazır: “Bir gün İmam Səccad (əleyhissəlam) eşitdi ki, Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (əleyhissəlam) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (əleyhissəlam) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı.[89]

Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş tə’yin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə, Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu.[90] İbn Sə’d yazır: “Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur.[91] Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O, Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid, Süleyman, Yezid, Hişamın sarayında, eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə tə’yin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş, hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi tə’yin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır.[92] Hişam onun səksən min dirhəm borcunu ödəmişdi.[93] İbn Sə’d yazır: “Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.”[94] Süfyan ibn Üyeynədən rəvayət olunur ki, hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı.[95] Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki, ömrünün sonlarında ona dedilər: “Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın, Peyğəmbər məscidində sütunların birinin kənarında oturub, biz də sənin dövrəndə yığışaydıq, sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki, əgər belə iş tutsam, dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki, mən dünyadan əl çəkib Axirətdən yapışam.[96]

 

Ardı burada


İstinadlar

 

[61] Mürucuz-zəhəb, c.3, səh.67.

[62] Tarixül-ədəbil-ərəbi, c.2, səh.347.

[63] Əl-Əqdül-fərid, c.6, səh.11.

[64] Əl-Əğani, c.8, səh.225.

[65] Əl-Əğani, c.6, səh.21.

[66] İmam Səccad əleyhissəlamın həyatı, c.2, səh.410.

[67] İmam Səccad əleyhissəlamın həyatı, c.2, səh.411.

[68] Əl-Əğani, c.8, səh. 208-210.

[69] İmam Səccad əleyhissəlamın həyatı.

[70] Dərasatun və bühusun fit-tarixi vəl-İslam, c.1, səh.56.

[71] Züha əl-İslam, c. 1, səh. 365. (Buxari və Tirmizidən nəql edərək)

[72] Tarixül-xüləfa, səh.224.

[73] Cameu bəyanil-elmi və fəzlihi (Qurtəbi), c. 2, səh. 200.

[74] Əl-e`tisam (İbrahim Şatibi), c. 1, səh. 26. O, buna oxşar əlavə nümunələr də gətirmişdir.

[75] Əz-Zəriətu ila təsanifiş-şiə, c.15,səh.18.

[76] Riyazus-salikin, səh.4-5.

[77] Səhifeyi-Səccadiyyənin tərcüməsi (Mütərcim: Seyyid Sədrəddin Sədr Bəlaği, Müqəddimə, səh.37)

[78] Əz-Zəriətu ila təsanifiş-şiə, c.13, səh.345-359.

[79] Məhəmməd ibn Sə`din qeydlərinə əsasən digər altı fəqih bunlardan ibarətdir: 1. Səid ibn Müsəyyib. 2. Süleyman ibn Yəsar. 3. Əkrəmə (ibn Abbasın azad etdiyi şəxs). 4. Əbu Bəkr ibn Əbdürrəhman. 5. Əta ibn Əli Ribah. 6. Ürvə ibn Zübeyr. “Təbəqatül-kübra”, c. 2, s. 379-387.

[80] Səfinətül-bihar, c.1, səh.573.

[81] Ət-Təbəqatül-kubra, c.2, səh.388.

[82] Əl-Bidayətu vən-nihayə.

[83] Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.159.

[84] Kəşfül-ğümmə, c.2, səh.288.

[85] Biharül-ənvar, c.46, səh.57; 64-65;73 və s. Ehticaci Təbərsi, c.2, səh.5.

[86] Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.59; Əl-Bidayətu vən-nihayə, c.9, səh.106.

[87] Rövzətül-Cənnət fi əhvalil üləmai vəs-sadat, c.7, səh.245.

[88] Mənaqibi-Ali-Əbu Talib, c.4,səh.159.

[89] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.4,səh.102.

[90] Əl-Bidayətu vən-nihayə, c.9, səh.346.

[91] Ət-Təbəqatül-kubra, c.7, səh.447.

[92] Əl-Bidayətu vən-nihayə, c.9,səh.341.

[93] Əl-Bidayətu vən-nihayə, c.9,səh.343.

[94] Ət-Təbəqatül-kubra, c.7,səh.474.

[95] Ət-Təbəqatül-kubra, c.5, səh.497.

[96] Əl-Bidayətu vən-nihayə, c.9,səh.348.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Zeynül-Abidin əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ