EURO 1,9292 NEFT 56
USD 1,7 RUB 0,0255

İmam Səccad (ə) kimdir? (III hissə)

İmam Səccad (ə) kimdir?

 

Əvvəli burada

 

Zalım xəlifələrin saray alimlərinə ehtiyacı

 

Ömər ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: “Hədis yazıb söyləməkdə Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs qalmamışdır.”[101]

İndi gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki, bu dəftərlərdə bir dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis yoxdur. Əksinə, bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə bəraət qazandırır, bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə aparan rəqiblərinin, yə’ni, Bəni-Haşimin parlaq mövqeyini zəiflədir.

Aşağıda qeyd olunan tarixi sənəddən çox gözəl mə`lum olur ki, Hişam ibn Əbdülməliki hədis və rəvayətlə bağlı hansı mövzular daha çox maraqlandırırmış. Hişam Ə`məşə[102] yazdığı məktubunda ona belə müraciət etmişdir: “Mənə Osmanın fəzilətli və Əlinin pis və nalayiq işlərindən yaz göndər.” Ə`məş məktubu alandan sonra onu kənarındakı qoyuna verdi və qoyun da onu çeynədi. Sonra üzünü qasidə tutub dedi: “Bu da sənin cavabın!” Qasid vahimə içində ətrafındakıların fikrini özünə cəlb edərək dedi: “Axı Hişam and içib ki, əgər əliboş qayıtsam məni öldürəcək!” Bundan sonra Ə`məş məktubu “Bismillahir-rəhmanir-rəhim”lə başlayaraq belə yazdı: “Əgər yer üzünün insanlarının bütün yaxşı əməlləri Osmanın olsa belə sənə bir xeyiri yetişməyəcək və əgər onların bütün pislikləri də Əlinin olsa sənə bir zərəri dəyməyəcək. Sən öz qeydinə qal, vəssalam!”[103]

 

Zührinin saxta hədisləri


Zühri Bəni-Üməyyənin xeyrinə, onların küframiz siyasətlərinə bəhanə gətirmək üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin nəzərinizə çatdırırıq:

Zühri Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verib deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kə’bə), mənim məscidim (Mədinə şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa (Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kə’bə) hökmündədir.”[104] Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim, Əbu Davud və Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram, mənim məscidim və Məscidül-əqsa.”[105] Bu üç hədisçinin heç biri bu hədisdə “Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər.

Mə’lum olur ki, bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə, Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə qalmalı olur, bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki, nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik dedi: “İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki, “ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kə’bə), mənim məscidim və Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir və Peyğəmbərin me’rac gecəsi ayağını üzərinə qoyduğu daş da Kə’bənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı, oradan ipək pərdələr asıldı, oraya xadimlər tə’yin edildi. Beləliklə, camaat oranı təvaf etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti dövründə davam etmişdir.[106]

Beləliklə də, mə’lum olur ki, Zührinin bu hədisin axırına özündən əlavə etməsindən məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kə’bə ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin mövqeyinin möhkəmlənməsi üçün çalışırdı.

Zühri guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccad əleyhissəlamın İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o Həzrəti belə xatırlayırdı: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) öz ailəsinin ən mülayim adamı, Mərvan və Əbdülməlikə nisbət isə ən itaətkar və ən sevimli şəxsdir.”[107] Halbuki, Mərvan ailəsinin Əli əleyhissəlamın ailəsi ilə olan düşmənçiliyi heç kəsə gizli deyil və Əli əleyhissəlamın ailəsinin də Mərvan ailəsinə olan nifrəti hamıya mə’lumdur. Buna görə də, heç kim İmam Səccad əleyhissəlamın Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz.

Zühri Aişənin dilindən rəvayət edərək deyir: “Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında idim. Bu zaman gördüm ki, Abbas ilə Əli gəlirlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Aişə, bu iki nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər.”[108]

Mə’lum məsələdir ki, bu hədis Həzrət Əli əleyhissəlamın əzəmətli və parlaq mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur. Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki, Zühri bu hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir, hamı da Aişənin Həzrət Əli əleyhissəlama qarşı nə qədər kin-küdurət bəslədiyini yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki, Ürvə ibn Zübeyr də Müaviyənin Əbu Hüreyrə, Əmr ibn As və Müğeyrə ibn Şü’bə kimi Əli əleyhissəlamın əleyhinə hədis düzəldənlərindən olmuşdur.[109]

Zühri rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün gecə vaxtı Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) evinə gəlib buyurdu: “Namaz qılmırsınız?” Əli (əleyhissəlam) buyurdu: “Bizim ixtiyarımız Allahın əlindədir, əgər O, istəsə, bizi (bu işə) vadar edər.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü eşitdikdə, daha heç bir söz deməyib geri döndü. Elə bu vaxt Həzrət Əli (əleyhissəlam) eşitdi ki, Peyğəmbər dizinə vuraraq bu ayəni oxuyur: “İnsan isə [bütün məxluqat içərisində] ən çox mübahisə edəndir. [Haqqa boyun əyməz, öyüd-nəsihət qəbul etməyib batilə uyar.][110]” Zühri belə əsassız bir hadisəni rəvayət etməklə Əli əleyhissəlamı Cəbriyyə (məcburiyyət) əqidəsinə inanan və mübahisə edən bir şəxs kimi qələmə verir. Bu hədisin yalan olması o qədər aşkardır ki, daha heç bir araşdırmaya ehtiyac yoxdur. Əcəba! Kə’bədə doğulub namaz mehrabında şəhid olan şəxs namaz barədə Peyğəmbərlə mübahisə edərmi?

Zühri Həzrət Əli əleyhissəlamın dilindən belə bir hadisə nəql edir: “Mənim qoca bir dəvəm var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bədr döyüşündə ələ keçmiş qənimətləri bölərkən onu mənə vermişdi. Peyğəmbərin qızı Fatimə (səlamullahi əleyha) ilə evlənmək istəyərkən Bəni-Qəynüqa tayfasından olan boyaqçı bir kişi ilə qərara gəldim ki, çölə gedib onun köməkliyi ilə izxir otu yığıb onu boyaqçılara sataraq toy məclisi üçün tədarük görüm. Bu məqsədlə dəvələrin yükünü, ip və kisə yığmağa hazırlaşdım. Dəvələri ənsardan (Peyğəmbərin Mədinədəki silahdaşlarından) birinin evinin kənarında yatızdırmışdım. Birdən gördüm ki, dəvələrin küyünləri kəsilmiş, bellərinin üstü parçalanmış və ciyərləri çıxarılmışdır. Bu hadisəni görüb bərk narahat oldum və dedim: “Bu işi kim görmüşdür?” Dedilər ki, bu iş Həmzə ibn Əbdülmüttəlibin işidir. O, bir dəstə ənsarla oturub şərab içir, xanəndə bir kəniz də onlar üçün mahnı oxuyur. Həmzə o məclisdən ayağa qalxıb qılıncını götürərək dəvələrin küyünlərini kəsdi, bellərinin üstünü parçalayıb ciyərlərini çıxartdı. Əli (əleyhissəlam) deyir: “Peyğəmbərin yanına getdim. Gördüm ki, Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzurundadır. Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim narahatçılığımı görüb buyurdu: “Nə olub?” Dedim: “Heç bu cür pis iş görməmişdim. Həmzə mənim dəvələrimin başına belə oyun açıb, indi də bir dəstə ilə bir evdə oturub şərab içir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) paltarını dəyişib yola düşdü. Mən və Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ardınca getdik. Peyğəmbər (səlləllahu əleyhi və alih) Həmzə oturan evə girib onu danlamağa başladı. Gördüm ki, Həmzə məstdir və gözləri qızarmışdır. O, öz baxışı ilə Peyğəmbəri (səlləllahu əleyhi və alih) başdan-ayağadək süzüb dedi: “Məgər siz mənim atamın nökərləri deyilsiniz?” Peyğəmbər (səlləllahu əleyhi və alih) gördü ki, Həmzə məstdir, geri dönüb evdən çıxdı. Biz də onunla birgə eşiyə çıxdıq.[111]”

Zühri belə istehzalı bir hadisəni nəql etməklə Peyğəmbərin (səlləllahu əleyhi və alih) Ühüd döyüşündə qanlı cənazəsinə yetmiş dəfə meyit namazı qıldığı böyük və parlaq simalı Həmzə kimi bir şəxsiyyəti laqeyd, şərabxor, təcavüzkar, zalım bir şəxs kimi qələmə verir. Belə ki, onun bu işləri heç bir əxlaqi və dini ölçülərə uyğun gəlmir. Mə’lumdur ki, bu nalayiq və kişilikdən uzaq olan töhmətlər Zühri tərəfindən bu məqsədlə deyilmişdir ki, Həmzəni də belə çirkinliklərə qərq olmuş Bəni-Üməyyə nümayəndələri tək pozğun bir şəxs kimi qələmə verib bu yolla öz Əməvi ağalarına günahda şərik tapmış olsun.[112]

 

İmam Səccad əleyhissəlamın Zühriyə kəskin məktubu[113]


Zührinin bu cür səriştəsiz sabiqəsini nəzərə alaraq İmam Səccad (əleyhissəlam) ona kəskin, eyni zamanda xeyirxah və nəsihətamiz bir məktub yazdı. İndi həmin məktubun tərcüməsini oxucuların nəzərinə çatdırırıq:

“Allah bizi və səni fitnələrdən, səni (Cəhənnəm) odundan qorusun! Sən elə vəziyyətə düşmüsən ki, kim sənin bu halını başa düşsə, sənə rəhmi gəlməyə haqqı var. Allahın müxtəlif ne’mətləri sənə ağırlıq etmişdir. Allah sənin bədənini sağlam, ömrünü uzun etmişdir. Sən Qur’an, fiqh, din əhkamından və Peyğəmbər sünnəsindən xəbərdar olduğun üçün daha Allahın hüccəti sənə tamamlanmışdır...

Allah-taala “Əgər [ne’mətlərimin müqabilində] şükr etsəniz, yəqin bilin ki, ne’mətlərimi sizə daha da artıracağam, ancaq naşükürlük etsəniz, bilin ki, Mənim əzabım çox şiddətlidir”[114] buyurmaqla sənə verdiyi bu ne’mətlərin müqabilində şükr etməyi vacib bilmiş və bu yolla səni sınağa çəkmişdir. İndi bax gör, sabah Allahın hüzurunda dayanıb Allah səndən soruşanda ki, Onun ne’mətlərinin şükrünü necə yerinə yetirdin və Onun hüccətləri qarşısında öz vəzifələrinə necə əməl etdin, onda sənin vəziyyətin necə olacaq? Belə fikirləşmə ki, Allah sənin üzrünü qəbul edib günahından keçəcək. Əsla, Allah Öz kitabında “Onu [Qur’anı] camaata bə’yan edin və onun heç bir şeyini gizlətməyin”[115] buyurmaqla həqiqəti camaata demələri barədə (alimlərdən) söz (əhd-peyman) almışdır.

Bunu bil, gizlətdiyin ən kiçik və boynuna götürdüyün ən yüngül şey budur ki, zalımın vəhşət və qorxusunu rahatlığa çevirdin, ona yaxınlaşaraq hər də’vətini qəbul etməklə azğınlıq yolunu onun üçün hamar etdin. Günahların nəticəsində sabah xainlərlə bir yerdə olacağından, zalımlarla əlbir olduğun üçün ələ gətirdiyin şeylər üçün sorğu-sual olunacağından çox qorxuram.

Sənin haqqın olmayan şeyləri sənə verəndə aldın, elə bir şəxsin yanına getdin ki, heç kəsin haqqını qaytarmamışdır. O, səni özünə yaxınlaşdıranda, sən heç bir batili inkar etmədin və Allahla düşmən olan bir şəxsi özünə dost tutdun. O, səni də’vət edib özünə tərəf çəkəndə (hakimlər) səni dəyirman mehvərinə çevirərək öz zülm dəyirmanını sənin ətrafında fırlatmadımı? Səni körpü qərar verib öz qanunsuz işlərinə tərəf bu körpünün üzərindən keçmədilərmi? Səni nərdivan qərar verməklə öz azğınlıq damlarına qalxmadılarmı? Sən camaatı azğınlığa də’vət edir, onların getdiyi yolu gedirsən. Onlar sənin vasitənlə alimlərdə (qəlblərində) şəkk-şübhə yaradıb cahillərin (nadanların) qəlblərini özlərinə cəlb etdilər. (Sən din pərdəsi altında onlara o qədər kömək etdin ki,) onların güclü vəzirləri və ən yaxın dostları belə sənin onları düzgün qələmə verdiyin qədər onlara xidmət göstərə bilməmiş, sənin qədər camaatın onlarla əlaqə yaratmasına səbəb ola bilməmişlər.

Sənə verdikləri (maaş, var-dövlət) səndən aldıqları (əməllərini düzgün qələmə vermək barədəki) şeyin müqabilində nə qədər dəyərsiz və ucuzdur! Sənin üçün (dünyada) abad etdikləri şey nə qədər azdır! Ancaq gör (sənin axirətini) nə qədər bərbad ediblər?!

Bax gör, nə iş görürsən, özündən muğayat ol, bunu bil ki, özündən başqa heç bir şəxs səndən muğayat olmayacaq. Öz nəfsinlə məs’uliyyət daşıyan bir şəxs kimi hesab çək. Gör bu qoca vaxtında Öz ne’mətlərini sənin ixtiyarında qoyan Allahın şükrünü necə yerinə yetirmisən? Qorxuram ki, Allahın buyurduğu “onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz [Allah tərəfindən] bağışlanacağıq!”[116] ayəsi sənə də aid olsun.

Sən əbədi həyatda deyilsən, əksinə, köçməsini qabaqcadan e’lan etmiş bir həyatdasan. Məgər insan öz yaşıdlarından sonra bu dünyada nə qədər yaşayır? Xoş o şəxsin halına ki, dünyada (öz günahları üçün) qorxusu olsun və vay o şəxsin halına ki, özü ölür, ancaq günahları ondan sonra qalır.

Diqqətli və ayıq ol, bu yolla sənə təhlükə xətəri e’lan olundu. (Özünü islah etmək məqsədilə) addım at, (hələ ki) sənə möhlət verilib. Sənin tərəf müqabilin (qarşında duran) nadan deyil, sənin əməllərinin hesabını çəkən (Allah) heç vaxt (sənin bu tərəddüdlərindən) qafil olmaz. Səfərə hazırlaş, qabaqda səni uzaq bir səfər gözləyir. Qəlbin bərk xəstələnmişdir, günahlarına bir əlac et!

Elə bilmə ki, mən səni danlayıb tə’nə etmək istəyirəm, xeyr, istəyirəm Allah sənin keçmiş səhvlərini aradan qaldırsın, əlindən çıxmış dinini özünə qaytarsın. Burada Allahın buyurduğu “Sən [onlara Qur’anla] öyüd-nəsihət ver. Çünki, öyüd-nəsihət mö’minlərə fayda verir”[117] ayəsi yadıma düşür.

Məgər öz yaşıdlarının ölüb getdiyini və indi tək qaldığını unutmusan? Gör, sənin düçar olduğun kimi onlar da düçar olmuşdularmı? Sənin bədbəxt olduğun kimi onlar da bədbəxt olmuşdularmı? Onların unutduqları yaxşı şeyləri sən xatırlayırsanmı? Onların bilmədiyi şeyi sən bilirsənmi? Xeyr, belə deyil, əldə etdiyin nüfuz nəticəsində avam camaatın yanında hörmət qazandın. Sənin bu vəziyyətin camaatı zəhmətə saldı. Çünki onlar sənin nəzərinə əsasən, rəftar edir, sənin əmrinə qulaq asır, halal saydığın şeyi halal, haram saydığını isə haram bilirlər. Düzdür, sənin (halal-haram məsələsində) heç bir səlahiyyətin yoxdur, ancaq onların marağını sənə cəlb edən şey onların səndə olan şeyə tamahları, alimlərinin əllərindən getmələri, nadanlığın sənə və onlara qalib gəlməsi, sənin və onların mal-dövlət fikrində olmanızdır.

Bu qədər nadanlıq və təkəbbürə qərq olduğunu və camaatın fitnə-fəsad içində yaşadığını görmürsənmi? Onları bu müsibətə salan sənsən. Camaat sənin vəziyyət və mövqeyini görməklə öz qazandıqları nəticələri unudub sənin şöhrətinin vurğunu oldular. Onlar sənin elm rütbənə, ya da sənin şöhrət və məqamına nail olmağa can atırlar. Bu yolla da sənin hərəkətlərin nəticəsində dərinliyi bilinməyən (azğınlıq) dənizində boğulub cəhətləri mə’lum olmayan bir bəlaya düçar oldular. Allah bizim və sənin köməyinə çatsın, həqiqətən O, (ehtiyacı olanların) köməyinə çatandır.

Keçmiş saleh bəndələrə birləşmək üçün indi bütün bu şan-şöhrətdən əl çək. Elə saleh bəndələr ki, kəfənlərə bürünüb torpağın qucağında yatmışlar, qarınları kürəklərinə yapışıb, onlarla Allah arasında heç bir maneə yoxdur, dünya onları aldatmır, onlar dünya vurğunu olmurlar. Onlar (Allahın görüşünə) ürək bağladılar, sonra da öz mə’buduna (mə’budun və’dəsinə) də’vət olundular. Çox çəkmədi ki, (öz ölülərinə) birləşdilər. Dünya səni bu qoca yaşında, bu elmi məqamınla, bu ölüm ayağında bu cür yoldan çıxarıb öz vurğunu edirsə, bəs onda azyaşlı, nadan və zəif ruhiyyəli gənclərdən nə gözləmək olar? Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Kimə pənah aparmalı, kimdən kömək istəməliyik? Öz müsibətimizdən və səndə müşahidə etdiklərimizdən Allaha şikayət edir, sənin vasitənlə başımıza gəlmiş bu müsibətdə Allah dərgahından əcr və savab gözləyirik.

Sənə uşaqlıqda və böyüklükdə ruzi vermiş Allahın şükrünü gör necə yerinə yetirdin? Dini sayəsində səni camaat arasında həyalı etmiş Allah qarşısında necə baş əyirsən? Səni camaat arasında bükdüyü İlahi libasın hörmətini necə saxlayırsan? Ona yaxın olub əmrlərinə tabe olmağı əmr etmiş Allaha yaxınlıq, ya uzaqlıq həddin nə qədərdir? Sənə nə olub ki, qəflət yuxusundan oyanmır, günahlarından tövbə etmirsən və “Allaha and olsun, indiyədək Allaha görə heç bir hərəkət etməmişəm ki, onda Allah dinini dirçəldib, ya bir batili aradan aparmış olam” deyirsən?! Səni din elmlərinin alimi etmiş Allahın ne’mətlərinin şükrü budur?

Qorxuram ki, Allahın buyurduğu “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar”[118] ayəsi sənə də aid olsun.

Allah sənə Qur’an (elmlərini) öyrətməklə elm və dini sənin yanında əmanət qoydu, sən isə ona xəyanət etdin. Allaha şükr edirəm ki, bizi sənin azğınlığından qorudu. Vəssalam.”[119]

 

Pak və təqvalı olmaq dərsi


Elə bilməyin ki, Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad (əleyhissəlam) üçün hazırlamırdılar. Xeyr, onlar bu cür planlardan çox çəkirdilər, ancaq İmam Səccad (əleyhissəlam) onların bu kələklərinə uymur, hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmayaraq onlara qarşı e’tinasızlıq edirdi. Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə, İmam Səccad (əleyhissəlam) onlara rədd cavabı verirdi. Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir:

Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf[120] edirdi. İmam Səccad (əleyhissəlam) da, onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir e’tina etmirdi. İmam Səccad əleyhissəlamı yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: “Bu kimdir ki, bizdən qabaqda təvaf edir və bizə heç e’tina etmir?” Dedilər ki, o, Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır). Əbdülməlik bir qırağda oturub dedi: “Onu mənim yanıma gətirin!” İmam Səccad (əleyhissəlam) onun yanına gələndə Əbdülməlik dedi: “Ey Əli ibn Hüseyn (əleyhissəlam)! Mən ki, sənin atanın qatili deyiləm, niyə mənim yanıma gəlmirsən?” İmam Səccad (əleyhissəlam) buyurdu: “Atamın qatili onun dünyasını puç etdi, atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə, onda ol!” Əbdülməlik dedi: “Yox, məqsədim budur ki, bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən.” Bu vaxt İmam Səccad (əleyhissəlam) yerə oturub paltarının ətəyini açaraq buyurdu: “İlahi, Öz övliyalarının qədir-qiymətini ona göstər.” Birdən gördülər ki, o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad (əleyhissəlam) buyurdu: “İlahi, bunları götür, bizim onlara ehtiyacımız yoxdur.“[121]

Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin qılıncı Əli ibn Hüseyn əleyhissəlamdadır. (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı olduğuna görə fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi. Bundan da əlavə, o qılıncın İmam Səccad əleyhissəlamda olması Əbdülməliki narahat edirdi. Çünki İmam (əleyhissəlam) bununla camaatı öz ətrafına yığa bilərdi. Buna görə də, Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi. Hələ İmam Səccad əleyhissəlama bir məktub da yazıb bildirdi ki, əgər bir işi olsa, xəlifə onu yerinə yetirməyə hazırdır. İmam Səccad (əleyhissəlam) qasidə rədd cavabı verdi. Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki, əgər qılıncı verməsən, sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad (əleyhissəlam) da beytül-maldan pay alırdı.) İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür. Allah Qur’anda buyurur ki, “Allah, həqiqətən heç bir xaini, nankoru sevməz.”[122]

 

5. Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri


İmam Səccad əleyhissəlamın öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də, İslam hökmlərinin nəşri, əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad (əleyhissəlam) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki, İmam əleyhissəlamın bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Şiə məzhəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: “Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr, dualar, Qur’an fəzilətləri, halal-haramlar qeyd etmişlər ki, bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək, söhbət çox uzanar...”[123]

İmam Səccad əleyhissəlamdan yadigar qalmış əxlaqi-tərbiyəvi tə’limlərdən bir nümunəsi “Risalətül-hüquq” adlı bir topludur. İmam burada insanın müxtəlif, istər Allah qarşısında, istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (əleyhissəlam) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.

İmam Səccad əleyhissəlamın bəyan etdiyi vəzifələr, insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir:

1) Allahın haqqı; 2) İnsanın nəfsinin haqqı; 3) Dilin haqqı; 4) Qulağın haqqı; 5) Gözün haqqı; 6) Əlin haqqı; 7) Ayağın haqqı; 8) Qarının haqqı; 9) Övrətin haqqı; 10) Namazın haqqı; 11) Həccin haqqı; 12) Orucun haqqı; 13) Sədəqənin haqqı; 14) Qurbanlığın haqqı; 15) Hökmdarın haqqı; 16) Müəllimin haqqı; 17) Qul sahibinin haqqı; 18) Rəiyyətin haqqı; 19) Şagirdlərin haqqı; 20) Həyat yoldaşının haqqı; 21) Qulun haqqı; 22) Ananın haqqı; 23) Atanın haqqı; 24) Övladın haqqı; 25) Qardaşın haqqı; 26) Qulu azad edənin haqqı; 27) Azad olmuş qulun haqqı; 28) Yaxşı iş görənin haqqı; 29)Azançının haqqı; 30) Pişnamazın haqqı; 31) Həmnişinin haqqı; 32) Qonşunun haqqı; 33) Dostun haqqı; 34) Şərikin haqqı; 35) Malın haqqı; 36) Borc sahibinin haqqı; 37) Həmsöhbətin haqqı; 38) Düşmənin insana olan haqqı; 39) İnsanın düşmənə olan haqqı; 40) Müşavirə edənin haqqı; 41) Müşavirəçinin haqqı; 42) Nəsihət istəyənin haqqı; 43) Nəsihət edənin haqqı; 44) Böyüyün haqqı; 45) Kiçiyin haqqı; 46) Dilənçinin haqqı; 47) Kömək istəyənin haqqı; 48) İnsanı sevindirənin haqqı; 49) İnsanı qəmləndirənin haqqı; 50) Həmdinlilərin haqqı; 51) Zimmilərin haqqı.

 

6. Kimsəsizlərə yardım


İmam Səccad əleyhissəlamın həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarmaqarışıq günlərində, istərsə də, kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə, o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccad əleyhissəlamın bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir:

İmam Səccad (əleyhissəlam) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.[124]

Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn (əleyhissəlam) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq.[127]

İmam Səccad (əleyhissəlam) şəxsən un və digər əRizaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki, onun çiyni əzilərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş, onun səbəbini soruşduqda, “bu, yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir” cavabı eşitmişdilər.[128]

 

7. Tərbiyə ocağı


İslam dininin meydana çıxdığı bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olmuş Yunanıstan və Romada da quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini yavaş-yavaş onu aradan qaldırmağa zəminə yaratdı. Bir tərəfdən qul saxlamağı azaldaraq quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi (cəzası) qərar verməklə, qulların azadlığı üçün şərait yaratdı. Üçüncü tərəfdən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) müsəlmanlara tövsiyə edirdi ki, qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etsinlər və onlara əmr etdi ki, qullara da öz yedikləri yeməkdən, öz geydikləri paltarlardan versinlər.

Bundan əlavə, Peyğəmbər (səlləllahu əleyhi və alih) qul azad etməyi o qədər dəyərli, qiymətli, savablı bir iş kimi qələmə verdi ki, rəvayətlərdə bir çox yaxşı əməllər savab və fəzilət çoxluğu baxımından qul azad etməyə bənzədilmiş, bu yolla müsəlmanlar bu işə (qul azad etməyə) cəlb olunmuşlar. Bunlar hamısı bir yerə toplanıb İslamın quldarlıq haqqında fikrini müəyyən edir.

İslamın və onun liderlərinin qul və quldarlığa nisbət incə və özünəməxsus rəftarını bu baxımdan təhlil etmək lazımdır. İmam Səccad əleyhissəlamın həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq bu işin səviyyəsi o qədər genişdir ki, onu təkcə böyük hesablamalarla izah etmək olmaz və belə nəzərə çatır ki, İmam Səccad əleyhissəlamın bu işdə ali məqsədləri olmuşdur. Bu sahədə bir az diqqətli olsaq görərik ki, o Həzrətin bu işdə tərbiyəvi–insani məqsədi olmuşdur. Yə’ni, qulları alaraq onları bir müddət tə’lim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyət göstərir və azad olduqdan sonra da, İmam əleyhissəlamla əlaqələrini kəsmirdilər. Əli ibn Tavus ramazan ayının əməlləri əsnasında yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) ramazan ayının son gecəsi iyirmi nəfər (ya bir az çox, ya bir az da az) qul azad edib buyurardı: «Allah-taala ramazan ayının hər gecəsi iftar zamanı olanda Cəhənnəm əhlindən yetmiş min nəfəri, ramazan ayının son gecəsi isə bu ayın bütün gecələrində azad etdiyi qədər qul azad edir. Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim, bəlkə Qiyamət günü O da məni Cəhənnəm odundan azad etdi.» İmam Səccad (əleyhissəlam) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli, ya ortasında evə gətirdiyi xadimi Fitr (orucluq) bayramı gecəsi azad edər, sonrakı il onun yerinə bir başqasını gətirib onu da növbəti ramazan ayında azad edərdi. Bu iş o Həzrətin ömrünün axırınadək davam etmişdir.

İmam Səccad (əleyhissəlam) qaradərili qulları (onlara heç bir ehtiyacı olmadığı halda) alıb həcc mərasimində Ərəfata gətirir, sonra da Məş’ərə[129] tərəf gedirdi. Onları azad edərək üstəlik hədiyyələr də verirdi.”[130] Yazıçılardan birinin dediyinə görə elə ki, qullar bu məsələdən xəbər tuturdular, ə’yan-əşrafın qulluqçuluğundan çıxıb gəlib İmam Səccad əleyhissəlama xidmət edirdilər. Zaman keçir, günlər ötür, İmam Səccad (əleyhissəlam) yenə də azad etməyə məşğul olurdu. O, hər il hər ay və hər gün müxtəlif hadisələr münasibəti ilə bu işi təkrar edirdi. İş o yerə çatmışdı ki, Mədinə şəhərində o Həzrətin azad etdiyi qul və kənizlərdən təşkil olunmuş bir dəstə əmələ gəlmişdi.[131]

Qeyd etdiyimiz kimi bunlardan belə nəticə çıxarmaq olar ki, İmam Səccad (əleyhissəlam) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdır. Qulları alıb bir az onlara tə’lim-tərbiyə keçir, onları azad etdikdən sonra da hər biri tərbiyə olunmuş və başqalarına örnək ola bilən şəxsə çevrilir. Onlar azad olduqdan sonra İmam əleyhissəlamla mə’nəvi əlaqəni kəsmir, hərə öz növbəsində başqalarına tə’lim-tərbiyə keçirdi. İmam Səccad əleyhissəlamın o dövrün cəmiyyətini birbaşa tə’lim-tərbiyə etmək məhdudiyyətlərini nəzərə almaqla o Həzrətin bu təqdirəlayiq işini geniş şəkildə araşdırmaq lazımdır.

 

İstinadlar

 

[97] İmam Səccad əleyhissəlamın həyatının araşdırılması, səh.56.

[98] Əl-Bidayətu vən-nihayə, c.9, səh.346; Ət-Təbəqatül-kubra, c.2, səh.388.

[99] Ət-Təbəqatül-kubra, c.2, səh.389.

[100] Əl-Bidayətu vən-nihayə, c.9, səh.341.

3 Təhzibüt-təhzib, c.9, səh.449; Əlbidayətu vən-nihayə, c.9, səh.343.

[101] İbn Kəsir, Əlbidayətu vən-nihayə, c.9, səh.343.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra hədis nəql etmək və yazmaq Ömər ibn Xəttabın xəlifəlik dövründə onun hökmü ilə qadağan edildi və 1-ci əsrin (hicri ili) axırına qədər davam etdi. Bu hökm Ömər ibn Əbdüləzizin əmri ilə ləğv olundu.

[102] Əbu Məhəmməd Süleyman ibn Mehran Əsədi Kufi (Ə`məş) İmam Sadiqin (ə) yaxın səhabələrindən olmuş və 148-ci ildə vəfat etmişdir. “Qamusür Rical”, c. 5, səh. 297; “Mö`cəmi Ricalil Hədis”, c. 9, səh. 294.

[103] Əbul Fəlah Əbdül Həyy ibn İmad Hənbəli, “Şüzuratuz Zəhəb”, c. 1, səh. 221; İbn Xəlkan, “Vəfəyatül Ə`yan və Ənbau Əbnaiz-zaman”ın təhqiq olunmuş çapı, c. 2. səh. 336. Kəmaləddin Dəmiri, “Həyatül Həyəvanil Kubra” c. 2, səh. 42.

[104] Tarixi-Yə’qubi, c.3, səh.8.

[105] Səhihi-Müslim, c.4, səh.126; Sünəni Əbu Davud (təshih və tə`liq forması), səh. 216; Sünəni Nisai (Siyutinin şərhi ilə), c. 2, səh. 37-38. Bu hədisi elə olduğu kimi Tirmizi də Əbu Səid Xidridən nəql etmişdir: “Camiüs səhih-sünəni Tirmizi”, c. 2, bab 243, hədis, 324 səh. 1048.

[106] Tarixi-Yə’qubi, c.3, səh.8.

[107] Ət-Təbəqatul kubra, c.5, səh.215.

[108] Nəhcül-bəlağənin şərhi (İbn Əbil Hədid), c.4, səh.63.

[109] Nəhcül-bəlağənin şərhi, c.4, səh.63.

[110] “Kəhf” surəsi, ayə 54.

[111] Səhihi-Buxari, c.5, səh.83.

[112] Bu hədisin saxta olduğunu bildirən nişanə və dəlilləri mülahizə etmək üçün “Əs-səhih min siyrətil-Nəbiyyil-Ə`zəm” kitabının c. 4, səh. 40-48-ə müraciət edin.

[113] Əbu Nəim İsfahaninin “Hilyətül Övliya” kitabının c. 3, səh. 246-da “müsnəd” formada nəql olunmuş eynilə buna oxşar hədisin Əbu Hazimə (Sələmə ibn Dinar) ünvanlandığı qeyd olunmuşdur. Mənə elə gəlir ki, bu şübhəni araşdırmaq lazımdır. Çünki “Əl fikrül İslami” jurnalının 27-ci sayının 179-cu səhifəsində bu məktuba istinad edilmişdir. Həmçinin müəllif “Hilyətül Övliya”nın c. 3, səh. 202-də İmam Səccadın (ə) Zührini qoca adlandırması ehtimalını qəbul etməmişdir.

[114] “İbrahim” surəsi, ayə 7.

[115] “Ali-İmran” surəsi, ayə 187.

[116] “Ə’raf” surəsi, ayə 169.

[117] “Zariyat” surəsi, ayə 56.

[118] “Məryəm” surəsi, ayə 59.

[119] Tühəfül-üqul, səh.274-277.

[120] Kə’bə evinin ətrafına dövr vurmaq təvaf adlanır.

[121] Əl-Xəraicu vəl-cəraih, səh.232.

[122] “Həcc” surəsi, ayə 38. Ə’yanuş-şiə, c.1, səh.365.

[123] Əl-İrşad, səh.260.

[124] Hilyətül-övliya, c.3, səh.136.

[125] Kəşfül-ğümmə, c.2, səh.289; Nurul-Əbsar, səh.140.

[126] Kəşfül-ğümmə, c.2, səh.289; Təzkirətul-Xəvas, səh.327.

[127] Hilyətül-övliya, c.3, səh.136.

[128] Hilyətül-övliya, c.2, səh.136.

[129] Ərəfat və Məş’ər Məkkədə çöl adıdır.

[130] İqbalul-ə’mal, səh.261.

[131] İmam Səccad əleyhissəlamın həyatı, səh.55.

 

Mənbə: Mehdi Pişvayi, "İmam Zeynül-Abidin əleyhissəlamın həyatı"

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ