EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272

Kərim xan İrəvanski kimdir?

Kərim xan İrəvanski kimdir?

Həyatı və təhsili


Kərim xan 1883-cü ildə İrəvan şəhərində doğulmuşdur. Yelizavetqrad süvari məktəbini bitirdikdən sonra 1907-ci ildə kornet hərbi rütbəsini alıb və 44-cü Nijeqorod draqun polkunda hərbi xidmətini davam etdirib.

 

Hərbi xidməti


1909-cu ilin may ayından 1912-ci ilin avqustuna kimi çarın leyb-qvardiya polkunda xidmət edib. Birinci Dünya müharibəsi başlayanda Kərim xan İrəvanski poruçik hərbi rütbəsində idi. Hərbi nazirliyin 30 sentyabr 1914-cü il əmri ilə o, Qafqaz süvari diviziyasının tərkibində olan Kabardin süvari polkuna dəyişdirilir. 27 iyul 1917-ci ildə Kərim xana rotmistr hərbi rütbəsi verilir. Həmin ilin 29 sentyabrında Kərim xan İrəvanskini yenidən Kabardin süvari polkuna hərbi xidmətə göndərirlər. 1917-ci ildə Kabardin polkunun 4-cü yüzlüyünün komandiri olub. Kabardin süvari polku ilə 1917-ci ilin oktyabr ayında Şimali Qafqaza gəlib. Həmin ilin noyabrında Kərim xan Kiçik Kabardanın Axlovo (indiki Nijniy Kurp) kəndində yerli əhalini quldur hücumlarından qoruyurdu. Sonradan "Azad Kabarda" partiyasının üzvlərinin yaratdığı ikipolklu Kabardın süvari briqadasının tərkibində bolşeviklərə qarşı döyüşüb.

 

AXC dövründə fəaliyyəti


Kərim xan 1918-ci ilin sonlarında Naxçıvana gəlib. 28 yanvar 1919-cu ildə verilən 364 nömrəli əmrdə olan qeydlərdən məlum olur ki, Kərim xan polkovnik rütbəsindədir və onun komandiri olduğu könüllü döyüşçülərin sayı 1000 nəfərdən çoxdur. Bu əmrdə qeyd edilib ki, onun rəhbərlik etdiyi döyüş dəstəsi podpolkovnik Kalbalı xan Naxçıvanskinin rəislik etdiyi qərargaha tabedir. Hətta onun döyüşçülərinin iki döyüş topunun olduğu da yazılıb. Qeyd olunub ki, Kərim xanın komandirlik etdiyi dəstə ermənilərlə döyüşdə böyük şücaətlər göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin 28 fevral 1919-cu il sərəncamı ilə Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu yaradılıb və Kərim xan İrəvanski general-qubernatorun hərbi işlər üzrə köməkçisi təyin edilib.

 

Ailəsi

 

Atası Abbasqulu xan İrəvan xanlığının əsasını qoyan məşhur Hüseynəli xan Sərdarın varislərindəndir. Abbasqulu xanın atası Möhübəli (Mehbalı) xan Sərdarın nəvəsidir. 1886-1899-cu illərdə şəhər dumasının qlasnısı, 1904-1906-cı illərdə İrəvandakı rus-tatar məktəbinin nəzarətçisi vəzifəsində işləmişdi.

Anası Tərlan xanım isə naxçıvanlı general İsmayıl xan Naxçıvanskinin-Kəngərlinin qızıdır.

Nalçik dairə­sində milliyyətcə balkar olan bir əsilzadə ailəsindən çıxmış Şənudə Kumukerovna Aydabulova (qız familiyası Şamşita Qazıməhəmmədovna idi) evlənmişdir.

 

Mükafatları


Birinci Dünya müharibəsində Kərim xanın göstərdiyi igidliklər Rusiya çarı tərəfindən yüksək qiymətləndirilib.

1914-cü il dekabrın 17-18-də Kərim xanın xidmət etdiyi Kabardin polku Vetlino kəndinin ətrafında gedən döyüşlərdə fərqləndiyinə görə ona əlahəzrətin 9 yanvar 1915-ci il tarixli əmri ilə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni verilir.
26 avqust 1915-ci ildə üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə), 2 aprel 1916-cı ildə isə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub.
Cənub-Qərb cəbhəsi ordusunun 19 mart 1917-ci il tarixli əmri ilə Kərim xana dördüncü dərəcəli Müqəddəs Vladimir ordeni (qılınclarla və bantla birlikdə) verilib.
Dördüncü ordunun əmri ilə 25 mart 1917-ci ildə Kərim xan ikinci dərəcəli Müqəddəs Anna (qılınclarla birlikdə) ordeni ilə də mükafatlandırılıb.
1917-ci ilin iyun ayında Rumın kralı I Ferdinand tərəfindən Rumıniyanın ulduzları ordeni ilə təltif edilib.
Ordunun və hərbi dəniz donanmasının əmri ilə 8 oktyabr 1917-ci ildə rotmistr Kərim xan İrəvanski məşhur hərbi mükafat - Georgi silahı ilə təltif olunub.


Ölümü


Polkovnik Kərim xan İrəvanski 1919-cu il oktyabr ayının 9-da Volqaboyunda Saritsın cəbhəsində gedən döyüşlərdən birində həlak olmuşdur.Cəbhə komandanlığının təşkiltçılığı ilə Kərim xanın nəşi Nalçik şəhərinə gətirilərək oradakı Volnıy Aul qəbristanlığında dəfn olunmuşdu

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ