EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273

Meysəm Təmmar kimdir?

Meysəm Təmmar kimdir?

Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. O, Kufədə xurma satdığı üçün ona “təmmar”, yəni “xurma satan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-Beyt (ə)yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar İmamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər.

Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-Beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: “Adın nədir? Meysəm cavab verir: “Salim.” Həzrət buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: “Allah, onun Rəsulu (s) və Əmirəl-Möminin (ə) haqqı deyirlər.”

Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi məarifinə açdı. O öz təşnə ruhunu həzrətin (ə) bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi.

Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-Möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm “elme-əcəl” və ya “elme-mənaya və bəlaya” adlanır. Məsum İmamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər.

Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: “Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: “Hansı elmi?” Əbu-Bəsir deyir: “Əmirəl-Möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam (ə) buyurur: “ Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: “Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam (ə) buyurdu: “Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!”
İmamların (ə) Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini məarif öyrədərdi. Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır!

Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin (ə) Allahla razniyaz etdiyi irfani gecələrin şahididir. Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, İlahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də İmam Həsənlə (ə) İmam Hüseyn (ə) ehtiramla yanaşar, eləcə də sonrakı İmamlar (ə) onun İlahi şəxsiyyətini xatırlayardılar.

Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: “Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə İmam Baqir (ə) buyurur: “Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir. Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: “Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam...” İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər.

 

Şəhadət xəbəri

 

Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar. Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: “Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!”İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: “Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.” Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı.

Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı. Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: “Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: “Ey vay, Meysəm! Əmirəl-Möminin (ə) haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: “Danışırdılar ki, Əhli-Beytin (ə) hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savayı kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: “Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər.

Həzrət Peyğəmbər (s) Qədir-Xum günü mənim əlimi qaldırıb buyurdu: “Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlə-rimizdən xalqa danışın.” Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq.

Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi. İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: “Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: “Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!...”

 

Mənbə: İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ