EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Qulu Məhərrəmli kimdir?

Qulu Məhərrəmli kimdir?

Həyatı

 

Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.

Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.

1991-ci ildən müntəzəm efirə çıxıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.

1993-1995-ci illər arasında “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub.

1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995-2007) bu qurumun baş redaktoru olub.

Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb.

1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.

2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra “Səhər” proqramının baş redaktoru təyin edilib

2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrın 2-də AzTV QSC-ni tərk edib.

2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də fəaliyyətini davam etdirib. 2007-2012-ci illər arasında Xəzər TV-də “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Hazırda həmin televiziyanın məsləhətçisidir.

2014-cü ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri seçilmişdir.

Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.

Q.Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, 1998-ci ildə baş müəllim, 2002-ci ildə dosent vəzifələrini tutmuşdur. 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir.

Jurnalistika və elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 60-a yaxın xarici ölkədə olmuşdur. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil etmişdir.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuş və "Şikayətlər üzrə komissiya"ya rəhbərlik etmişdir. Hazırda “Jurnalistikanın inkişafına yardım mərkəzi” adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara (“Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” və s.) layiq görülmüşdür.

2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri,

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilmişdir.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir. Gunaz tv-də yayımlanan "Mətbuat aynasında" proqramının aparıcısıdır.

 

Çap olunmuş kitablarının ümumi siyahısı

 

Elmi araşdırmalar (monoqrafik əsərlər)
Radiodramaturgiya dili (monoqrrafiya). Bakı: Elm, 1990.
Televiziya haqqında etüdlər. Bakı: Azərnəşr, 1996.
Deystvie u mikrofona (monoqrrafiya). Baku: Elm, 1998 (ru)

Televiziya nitqi və ədəbi tələffüz. Bakı: Təhsil, 1999.
Radio dalğalarında. Bakı: Azərnəşr, 1999.
Audiovizual nitq (monoqrafiya). Bakı: Elm, 2000.
Ekran və ədəbi dil. Tehran: Zindegi, 2001.
Televiziya dili (monoqrafiya). Bakı: Elm, 2002.
İctimai televiziya. Prinsiplər, reallıqlar, perspektivlər. Bakı: Bakı nəşriyyatı, 2003.
Sədayi Təbriz (fars dilində). Tehran: Əsim, 2006.
Azərbaycan efiri: tarix və müasirlik. Bakı: Nurlan, 2006. (müştərək)
Radioteatr dəvət edir. Bakı: Elm və təhsil, 2010.
Radio verilişlərinin dili və üslubu. Bakı: Elm və təhsil, 2011.
Jurnalistikanın əlifbası. Bakı: Kitab klubu, 2014.


Dərsliklər, dərs vəsaitləri


Televiziya və radio tamaşaları (dərs vəsaiti). Bakı: Təhsil, 1999 (müştərək).
Kütləvi kommunikasiya və dil (dərs vəsaiti). Bakı: Çaşıoğlu, 2004.
Televiziya jurnalistikasının əsasları (metodik vəsait). Bakı: BDU nəşriyyatı, 2005.
Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə (dərs vəsaiti). Bakı: Nurlan, 2007.
Jurnalistikanın əsasları (dərslik). Bakı: Elm və təhsil, 2008.
İctimai yayım monitorinq aynasında (metodik vəsait). Bakı: JİM, 2009.
Mediada debatlar (metodik vəsait). Bakı: Yeni nəsil JB, 2009 (müştərək).
Jurnalistikanın əsasları. 2-ci nəşr (dərslik). Bakı: Qanun, 2012.
Radio jurnalistikası: təməl biliklər (dərslik). Bakı: Elm və təhsil, 2013.


İzahlı lüğətlər


Kino, televiziya, radio terminləri. Bakı: Ensiklopediya PNB, 2002.
Mediada işlənən alınma sözlər. Bakı: Elm, 2008.
Məktəblinin alınma sözlər lüğəti. Bakı: Altun kitab, 2014 (müştərək).
Elmi-publisistik əsərləri
Danışır Təbriz. Bakı: Nurlan, 2004.
Zamanın rəngləri (məqalələr toplusu). Bakı: Elm və təhsil, 2013.


Filmoqrafiya


Azərbaycan dili (1979-1981) (veriliş) (müəllif və aparıcı)
“Azərbaycan dünya meridianlarında” (1982-1984) (veriliş) (müəllif və aparıcı)
“7 gün” analitik-informasiya proqramı (1993-1995) (veriliş) (müəllif və aparıcı)
Azərbaycan qaçqınları (film, 1995) (ssenari müəllifi)
“Təfsilat” müəllif proqramı (1995-1997) (veriliş) (müəllif və aparıcı)
Böyük ömrün anları (film, 1996) (ssenari müəllifi)
Okean üzərindən körpü (film, 1996) (ssenari müəllifi)
“Gerçəklik” müəllif proqramı (1997-2002) (veriliş) (müəllif və aparıcı)
Qobustan (film, 1997) (ssenari müəllifi)
Müstəqil Azərbaycan (film, 1997) (ssenari müəllifi)
“Səhər” musiqi-informasiya proqramı (1995-2007) (veriliş) (müəllif və aparıcı)
Mingəçevir (film, 1998) (ssenari müəllifi)
Alman Yunus (film, 1999) (ssenari müəllifi)
Antropoloji sənəd (film, 1999) (ssenari müəllifi)
Məyusluq. Nəcəf Nəcəfov (film, 2000) (ssenari müəllifi)
Üç dəniz əfsanəsi (film, 2001) (ssenari müəllifi)
"Səhra gülü" (sənədli film 2006) prodüser
“Dost məclisi” (2007-2010) (veriliş) (müəllif və aparıcı)
“Gündəm” (2011-2013) (veriliş) (müəllif və aparıcı)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ