EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Şərəfuddin Musəvi kimdir?

Şərəfuddin Musəvi kimdir?

HƏYATI

 

Bu böyük alimin adı Seyyid Əbdül-Hüseyn Şərəfüddindir. Adı necə də şəxsiyyətinə münasibdir - Əbdül-Hüseyn. Çünki bütün ömrünü İslama, müsəlmanlara və onların düşmənləri ilə mübarizəyə sərf etmişdir. Şərəfüddindir, çünki dinə xüsusi şərəf gətirmişdir. Belə nümunəvi insanlara İslam aləmində az rast gəlinir.

Atası Şərif Yusif ibn Şərif Cavad ibn Şərif İsmayıl, anası Zəhra, Seyyid Hadi ibn Seyyid Məhəmməd Əlinin qızıdır ki, hər ikisi “Şərəfüddin” sülaləsinin böyüklərindən birinə mənsubdur.

O, 1290-cı hicri-qəməri (1869) ilində Kazimeyn şəhərində, elm və bilik üçün lazımı vasitələrin olduğu bir ailədə doğulmuş və mövcud imkan onun ixtiyarına bir müsəlman, bir İslam təbliğatçısı və aliminə lazım təminat və şəraiti ərməğan vermişdir. Nəcəf-Əşrəfdə məşhur alimlərin hüzurunda fiqh (şəriət əhkamları elmi) və üsul elmlərini öyrənmiş, habelə mərhum Seyyid Kazim Təbatəbai, Axund Xorasani, Fəthullah İsfahani, Şeyx Məhəmməd Taha Nəcəfi və Şeyx Həsən Kərbəlayidən lazımınca bəhrələnmişdir.

Bu böyük alim ilə fiqh və üsul elmini öyrənən başqa tələbələr arasındakı fərq bundan ibarət idi ki, o, yalnız elm öyrənməklə kifayətlənməmiş, dövrün ictimai-siyasi vəziyyətindən, İslam ümmətində baş verən hadisələrdən də xəbərsiz olmamışdır. Müsəlmanların çətinliklərinə şərik olmaq, onların aradan qaldırılması barədə daim düşünmək (bu kitab özü bir nümunədir), müəllifi narahat etdiyi məsələlərdən olmuş və özü müqəddimədə bu həqiqətə toxunmuşdur: “Şiə və sünni ixtilafları elə cavanlığımdan məni kədərləndirirdi və həmişə bir çarə ardınca idim.”

 

CƏBƏL-AMİLƏ SƏFƏRİ

 

Seyyid Şərəfüddin Livanın cənubunda yerləşən Cəbəl-Amilə gələrkən onun 32 yaşı var idi və orada alimlər, böyük şəxsiyyətlər və camaat tərəfindən çox səmimiyyətlə qarşılanmışdı. Çox çəkməmiş Cəbəl-Amilin əhalisi başa düşürlər ki, artıq öz həqiqi rəhbərini tapmışlar. Elə buna görə də camaat ona qarşı hüsni-rəğbət göstərərək, islahat işlərində onunla həmkarlıq etməyə hazır olduqlarını elan edir və Şərəfüddin öz islahat işlərinə və zalımlarla mübarizəyə

başlayır: dini möhkəmləndirmək, “əmr be məruf”, “nəhy əz münkər” (yaxşılığa əmr etmə, pislikdən çəkindirmə), ruhanilər və xalq qarşısında təvazökarlıq, hakim rejim ilə mübarizə kimi işlərin əsasını qoyur.

Bu yolda təsirli, məzmunlu xitab və məruzələri ona böyük dayaq olur. Sözü də qələmi kimi hamını cəlb edir və aydın bəyanı ilə bir çox dəyərli ideyalarını damarlarda axan qan tək müsəlmanların canına yeridə bilir.

Ehtiyaclı-ehtiyacsız Şərəfüddinin sorağına gəlir, onun da qapısı hamının üzünə həmişə açıq bir dəstə daxil olar, o biri dəstə çıxar, bir sözlə, onun evi ehtiyacların, kədər və müsibətlərin aradan qaldırılma mərkəzi, millətin pənahgahına çevrilir. Apardığı islahat işləri və mübarizəsi,

xitab və məruzəsi, cəlbedici bəyanı, üzlərə qapısının açıq olması, xalqın müşküllərini yoluna qoyması, camaat ilə həmrəyliyi həqiqətdə onu millətin kamil bir rəhbərinə döndərir.

 

MÜSTƏMLƏKƏÇİLİKLƏ MÜBARİZƏ

 

Şərəfüddin fəaliyyət göstərdiyi məntəqələrdə yalnız yerli müstəkbirlər və İslamın müxalifləri ilə deyil, müstəmləkəçiliklə də var gücü ilə mübarizə aparırmış. O cümlədən, Fransa müstəmləkəçiliyi əleyhinə və azadlıq uğrunda mübarizələrini göstərmək olar. Elə bu mübarizələr və müsəlmanları azadlıq uğrunda qiyama dəvəti Fransanı çətinliyə saldı və nəhayət, çıxış yolunu bu böyük alimin sui-qəsdində gördü. Buna görə də İbn Həllacı məcbur etdilər ki, evinə hücum edib onu öldürsün. Lakin Seyyidin köməkçiləri olmadığına baxmayaraq, bu gözlənilməz hücum nəticəsiz qaldı və görkəmli alimə zərər dəymədi.

Bu xəbərin yayılması ilə xalq ayağa qalxdı və istismar tərəfindən bu işi (sui-qəsd) öhdəsinə götürmüş kəsləri əzməyi o cənabdan tələb etdilər. Lakin, Şərəfüddin özünə xass nəcibliklə camaatı sakitliyə dəvət etdi. Bir-birinin ardınca meydana çıxan çətin hadisələr onu ailəsi və bir sıra mübarizlər ilə birlikdə Dəməşqə getməyə məcbur etdi. Fransa ordusu Seyyidin yolu üstündə pusqu qursa da məqsədinə nail olmadığı üçün onun Şəxurdakı evini yandırdı və Surdakı böyük mənzilini qarət etdilər. Ən dəhşətli hadisə bundan ibarət idi ki, o məşhur alimin çox nəfis və qiymətli kitabxanasını yandırdılar. Bu yanğında onun hələ əlyazma halında olan 19 cild kitabı da külə çevrildi.

Tez bir zamanda Dəməşqin alim və ziyalıları o böyük şəxsin ətrafına toplaşır və öz nitqləri ilə camaatı qarşılarındakı vəzifələri ilə tanış edir. O, bir çox nüfuzlu adamlarla birgə Fransa müstəmləkəçiliyinə qarşı müsəlmanların ictimai məsələləri barəsində danışıqlar aparır və nəhayət, müstəmləkəçiliyə qarşı ciddi toqquşmadan savayı bir yolun olmadığı qərarına gəlirlər. Toqquşmalar nəticəsində Fransa müvəffəqiyyət qazanaraq hərəkatın başçılarını tutub sürgünə göndərir. O cümlədən Şərəfüddini və hərəkatın digər başçılarını Fələstinə sürgün edir.

Fələstində bir neçə ay qaldıqdan sonra möhtərəm yazıçı Misirə gedir. Onun elmi, məzhəbi, ictimai-siyasi şəxsiyyəti tezliklə Misirin böyük alimləri, siyasətçiləri və ziyalılarını hər tərəfdən ona sarı çəkib gətirir.

Əlbəttə, bu o böyük alimin Misirə ilk gəlişi deyildi. Misir onu səkkiz il əvvəl tanıyırdı. Çünki o, 1908-ci (1329-cu hicri) ilin axırlarında o ölkəyə qədəm qoymuş və 1909-cu (1330 hicri) ili də orada qalmış və elə o zaman Misirin alim və elm xadimləri ilə elmi məclis və mübahisələri olmuşdu. Onun Əl-Əzhər universitetinin rektoru Şeyx Səlim Büşri arasındakı məktublaşmaları Əl-Müraciat kitabı şəklində müsəlmanlar üçün bir hədiyyə oldu.

O, 1917-ci (1338-ci hicri) ilin axırlarında Misirdən Fələstinə, Cəbəl-Amilə yaxın olan Ələm adlı bir kəndə mühacirət etdi. Qohumları, yaxın adamları, ailəsi, bütün yoldaşları və dostları onun yanına axışdılar. Ələmdəki evi də, Cəbəl-Amildə olduğu kimi, camaatın pənahgahına çevrildi və hər tərəfdən ora üz gətirdilər.

Fransa dövləti bir sıra müzakirələrdən sonra imam1 Şərəfüddinin və başqa sürgün olunanların Cəbəl-Amilə qayıtmaları ilə razılaşdı və mübarizlərin heç birisinin təqib olunmayacağına söz verdi. Mərhum Şərəfüddin də arxayın olub Cəbəl-Amilə qayıtmağı qərara aldı. Lakin, yolda Beyrutda dayandı və elan etdi ki, mübarizlərin hamısı vətənə qayıtmayınca, o da Cəbəl-Amilə gəlməyəcək. Bütün sürgün olunmuş mübarizlər qayıtdıqdan sonra, o da vətənə yola düşdü.

Camaatın onu qayıtdığı gün necə qarşılamasını və onların şüarlarını təsvir etməkdə qələm və bəyan acizdir. Dəniz dalğasına bənzər insan dalğası uzaqdan Cəbəl-Amilə tərəf hərəkətdə idi. Şairlər şerlərilə, özləri və cəmiyyətin hisslərini şerə çəkmişdilər. Nəhayət, Seyyid öz əziz vətəninə daxil oldu. Sübhdən axşama qədər küçə və dalanlar cəmiyyətlə dolu idi. Natiqlər və şairlər camaatın hisslərini ifadə edirdilər. Əgər bütün o şer və dastanlar toplanarsa, elə özü Cəbəl-Amil üçün böyük tarixi, fikri və siyasi bir sənədə çevrilə bilər.

 

İSLAM DÜNYASINDAKI MÖVQEYİ

 

İslam dünyasının dahi şəxsiyyətləri sırasında bir çoxlarının adı ilə bərabər Seyyid Şərəfüddinin də yeri xüsusi olaraq parlayır. Bütün İslam aləmi onu tanıyır və onun hörmətini saxlayır. O elə bir şəxsdir ki, hansı əsəri bir evə daxil olsa, oxuyanın “afərin”i ilə qarşılanır və onu öz müridlərinə çevirir.

Həqiqətən o, bütün ömrünü dinə, İslama və insanlara xidmət işinə həsr etmiş misilsiz şəxsiyyətdir.

 

ONUN YARADICILIQ HƏYATI

 

Kitabın müəllifi haqqında dediklərimizə əsasən, siyasi və ictimai çətinliklər üzündən o, çox da mütaliə, təlif, tədqiq və s. kimi işlərlə məşğul ola bilməmişdir. Lakin, bütün bunlara baxmayaraq, bərəkətli həyatı dairəsində mütaliə və kitab yazmaq üçün də, vaxt ayırmışdı. O, hər gün bir neçə saat öz kitabxanasına gedər, bütün çətinlikləri unudar, mütaliə və tədqiqat aparardı. Bu yararlı saatlarından tədqiq və mütaliə əhli üçün qiymətli kitablar yadigar

qoymuşdur. Belə adamların kənarından yalnız bir şəxsiyyət kimi ötüb keçmək olmaz.

Bu böyük mütəfəkkirin dərin yazılarını oxuyarkən adama elə gəlir ki, onun mütaliə və tədqiqatdan savayı başqa bir işi yox imiş, halbuki o, böyük çətinliklərlə əlbəyaxa idi. Bundan əlavə o, yalnız bir neçə kitab deyil, çoxlu kitablar yazmışdır ki, insanı təəccübləndirir. Təəccüb doğuran başqa cəhət bundan ibarətdir ki, onun kitablarından bir fəsil oxuduqda mövzuların, samballılığı və tədqiqin dərinliyi adamı valeh etməyə bilmir. Sanki o, bütün işlərində yalnız əbədi bir əsər qoymaq fikrində olmuşdur.

 

ƏSƏRLƏRİ

 

1. “Əl-Muraciat”. Onu tərifləməyə ehtiyac yoxdur. Ərəb dilində dəfələrlə çap olunmuş bu kitab ingilis, ordu, fars, rus, türk dilinə də tərcümə edilmişdir.

2. “Əl-füsulul-muhimmə fi təlifil-ummə”. Onun qiymətli kitablarından biridir. Şiə və sünni arasında olan ixtilaflı məsələlər haqqında əqli və təhlili bəhsləri əhatə edir. 1327-ci hicriqəməri ilində yazmış və ikinci dəfə əlavələrlə 1347-ci ildə çap olunmuşdur.

3. “Əcvibətu məsaili Musa Carullah”. Az həcmli və dolğun məzmunlu bir kitabdır. Adından məlum olduğu kimi, Musa Carullahın dediklərinə cavabdır. Musa Carullah yazdığı bir kitabında şiə alimlərinin qarşısına iyirmi şübhəli məsələ qoymuş və belə fikirləşmişdir ki, şiə alimləri bu suallara cavab verə bilməyəcək. O suallardan bir neçəsi bunlardır: “Şiə, səhabələrin bəzilərini kafir hesab edir və onları lənətləyir; Quranın təhrif olunmasına inanır; cihadı haram sayır; müvəqqəti izdivac məsələsi və s.” Mərhum Şərəfüddin həmin kitabda bütün bu suallara maraqlı, qane edici və məntiqli cavablar vermiş və

heç bir şəkk-şübhəyə yer qoymamışdır. Kitabın əvvəlindəki müqəddimə mübahisə edənləri vəhdətə dəvət edir və sonunda isə sual edən şəxsin şiə kitabları haqqında məlumatı olmaması sübuta yetirilir. Bu kitab 1355-ci hicri-qəməri tarixdə Seyda şəhərində “İrfan” mətbəəsində çap olunmuşdur.

4. “Əl-Kəlimətul-qərra fi təfziliz-Zəhra (ə)”. Bu kitab “Füsulul-mühimmə” nin ikinci çapı ilə birlikdə nəşr olunmuşdur.

5. “Əl-məcalisül-faxirə fi matəmil-itrətit-tahirə”. Bu kitabda həzrət İmam Hüseynə (ə) saxlanılan yas mərasiminin fəlsəfəsi və “Təf” (Kərbəla) şəhidlərinin şəhadətə çatmasının sirri dəqiq surətdə izah olunmuşdur.

6. “Əbu Hüreyrə”. Bu kitab Əbu Hüreyrənin tərcümeyi-halını, yaşadığı dövrü, əlaqələrini, hədislərini, “Sihahi-Sittə”nin və onun hədislərini təhlil və saf-çürük edir.

7. “Büğyətür-rağibin”. Bu kitab onun ailəsinə məxsus olub Şərəfüddinin, görkəmli şəxslərin və ustadlarının şəcərə tarixini əks etdirir. Əslində, bu kitabda şəcərənin bütün şəxslərinin yaşadığı dövr araşdırılmışdır.

8. “Fəlsəfətül-misaq vəl-vilayə”. Öz mövzusuna aid nümunəvi bir risalədir.

9. “Səbtül-əsbat fi silsilətür-rüvat”. Bu kitab İslamın bütün məzhəblərindən başlayaraq İmamlara və Peyğəmbərə (s) qədər ustadların silsilə ilə şərhini yazmış və onların kitablarını xatırlatmışdır.

10. “Məsailun-xilafiyyə”. Bu kitabda beş məzhəb arasındakı bir sıra ixtilaflı fiqhi məsələlər araşdırılmışdır.

11. “Risalətün-hovlər-rivayə”. Öz mövzusuna aid bir risalədir.

12. “Kitabu iləl-məcməil elmiyyil-ərəbi bi-Diməşq”. Bu kitab Dəməşq Universitetinin rəisinin imamiyyə məzhəbinə mənsub etdiyi mövzu haqqında bəhsləri əhatə edir.

13. “Əl-ictihadu fi muqabilin-nəss”. Həzrət Peyğəmbərin (s) hədisləri qarşısında sünni rəhbərlərinin ictihadından 100 nümunə.

 

MƏHV OLUNMUŞ QİYMƏTLİ KİTABLARI

 

Bu böyük alimin başqa kitabları dediyimiz kimi, düşmənin əlinə keçərək, kitabxanası ilə birgə yandırılmışdır ki, “Əl-kəlimətul-ğərra”nın haşiyəsində yazdığı kimi, aşağıdakılardan ibarət idi:

1. Şərhut-təbsirə”.

2.Haşiyətu-istishab”.

3.Risalətun fi münəccəzatil-məriz”.

4.Səbilul-muminin”.

5. Ən nüsusul-cəliyyə”.

6.Tənzilul-ayatil-bahirə”.

7. Tuhfətül-muhəddisin fihə uxrucə ənhussittətü minəl muzəfin”.

8.Tuhfətul-əshab fi hokmi əhlil-kitab”.

9. Əz-Zəriə”.

10.Əl-məcalisul-faxirə”.

11. Muəllifuş-şiə fi sədril-İslam”. Bu kitabın bəzi fəsilləri İrfan jurnalının birinci və ikinci nömrəsində çap olmuşdur.

12. Büğyətul-faiz fi nəqlil-cənaiz”. Bu kitabın çox hissələrini İrfan jurnalı çap etmişdir.

13. Büğyətüs-sail ən ləsmil-əydi vəl-ənamil”.

14. Zəkatul-əxlaq”. Onun bəzi fəsillərini İrfan jurnalı çap etmişdir.

15. Əl-fəvaidu vəl-fəraid”.

16.“haşiyə Buxariyə-Səhih

17.“haşiyə Müslimə-Səhih

18. Əl-əsalibul-bədiə fi rüchani məatimiş-şiə”.

Sadalanmış kitablarına əsasən, bu böyük şəxsiyyət ərəb ədəbiyyatı, məntiq, tarix, hədis, təfsir, rical, üsul və kəlam elmləri haqqında geniş məlumata malik olmuşdur.

 

ƏXLAQİ SƏCİYYƏLƏRİ

 

Qeyd etmək lazımdır ki, Şərəfüddin bir alim olmaqdan əlavə əxlaqi gözəlliklərinə xass xüsusiyyətlərə malik və rəzalətdən uzaq olub, alicənab, yumşaq xasiyyətli, geniş ürəkli, nüfuzlu bir şəxs idi. Hətta onu tanımayanlar belə istər-istəməz ona hörmət etməyə məcbur olurdu. Haqq uğrunda heç bir güzəştə getməzdi, yalnız haqqın tərəfini saxlayardı. Təvazökar bir insan olub, vücudunda daim insaf hökmranlıq edirdi. Buna görə də yoxsul və dövlətli, qohum və yadlar arasında heç bir fərq qoymaz, yalnız haqqı qoruyardı. Adamlara olan məhəbbəti haqqı yerinə yetirməyə mane olmurdu. O, təqvada, nəfs və qəlbin təmizliyində, haqq söz deməkdə qabaqcıl idi. Sadəlövh olmayıb uzaqgörən və iti huşa malik bir şəxs idi. Şücaətli olmaqla yanaşı, camaatın artıq sözlərinə qulaq asmaqdan, onlara diqqət yetirməkdən də yorulmaz və hirslənməzdi.

 

SƏFƏRLƏRİ

 

1328-ci hicri-qəməri (1907) ildə Mədinəyə səfər etmiş və Peyğəmbəri-əkrəm (s) və imamların Mədinədəki müqəddəs “Bəqi” qəbiristanlığındakı qəbirlərini ziyarət etdi. O, 1329-cu ildə qeyd olunduğu kimi, Misirə getdi. Əlinizdəki bu kitab həmin səfərin məhsuludur. Çünki orada müəllif Misir alimləri, xüsusən Əl-Əzhər universitetinin rektoru Şeyx Səlim Büşri Maliki ilə bəhsləri nəticəsində bu qiymətli kitab meydana çıxmışdır.  1338-ci hicri ilində onun həmin dini-siyasi mühacirəti baş verdi ki, Dəməşqə, Fələstinə və Misirə səfərləri ilə nəticələndi və bütün bu ölkələrdə müsəlmanlara dini və elmi faydaları dəydi.

1340-cı ildə dəniz yolu ilə Məkkənin ziyarətinə nail olmuş və bu səfəri Ərəbistanın əmiri şah Hüseynin vaxtına təsadüf etmişdi. Onunla birlikdə bir dəstə dostları da həccə getmişdi. Həmin il həcc mərasimində çoxlu züvvar və müxtəlif İslam ölkələrindən çoxlu alimlər iştirak edirdi. Hörmətli müəllif isə onların hamısından daha səciyyəvi, daha yüksək mövqeyə malik idi. Bu birinci dəfə idi ki, bir şiə alimi Məscidül-Həramda namazda müsəlmanlara imam və pişnamaz dururdu.

Bəli, hörmətli Şərəfüddin Məscidül-Həramda ilk şiə alimi kimi bütün camaata pişnamaz olub, bu həcc o zaman müsəlmanların dillər əzbəri oldu. Şah Hüseyn onu çox ehtiramla qarşıladı və hətta o il Kəbəni də birgə yudular.

O, 1355-ci ildə imamları ziyarət etmək üçün İraqa gəldi və camaat tərəfindən çox böyük ehtiramla qarşılandı. Belə ki, Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərində alimlər və bir sıra başqa böyük şəxsiyyətlər səmimiyyətlə onun pişvazına çıxdılar.

O, İraqdan sonra İrana səfər etdi və həzrət imam Rzanın (ə) ziyarətinə nail oldu. Bu səfərdə İranın Qum, Tehran və başqa şəhərlərini gəzib dolanarkən dövrün alimlərinin diqqətindən yayınmadı.

 

1 - On iki məsumdan əlavə başqa yerlərdə “imam” sözü rəhbər, başçı, böyük mənasında işlənilir.

 

Mənbə: Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi, Əl-Muraciat, "Şəhriyar", 2007, 3000 tiraj, ISBN 964-5934-48-6, səh. 3-8

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ