EURO 1,9389 TRY 0,2479
USD 1,7 RUB 0,024

Xanım Zeynəb kimdir?

Xanım Zeynəb kimdir?

Xanım Zeynəb (Ərəbcə: Zeynəb binti Əli) - Hz. Əli və Hz. Fatimənin qızıdır. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü İmam Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəm ayının onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur. Xanım Zeynəb şücaət, fəsahat və bəlağəti ilə nümunə göstəriləcək bir şəxsiyyəti ilə Kərbəla qiyamının daimi olmasına səbəb olmuşdur. Tarixi qeydlərə görə Hicrətin 63-cü ilində Şamda vəfat etmiş və orada dəfn edilmişdir.

 

Nəsil, Ad, Ləqəb və Künyələri
Xanım Zeynəbin atası Hz. Əli (ə), anası isə Hz. Fatimədir (s.ə). [1]

 

Adı
Ən məşhur adı Zeynəbdir. Lüğətdə gözəl mənzərəli ağac [2] və zeyn- əb, yəni atasının bəzək və zinəti mənasına gəlir. Müxtəlif rəvayətlərə görə, Xanım Zeynəbin adını şəxsən Hz. Məhəmməd peyğəmbər (s) qoymuşdur. Əlbəttə, Hz. Məhəmməd də (s) Allah tərəfindən Əli və Fatimənin uşaqları üçün müəyyənləşdirdiyi adı qoymuşdur. [3]

 

Xanım Zeynəbin Hz. Xədicəyə Bənzərlikləri
Hz. Məhəmməd peyğəmbər (s) bələkdəki uşağı qucağına alıb öpdükdən sonra belə buyurmuşdur: Hazırda və qaibdə olan ümmətə tövsiyə edirəm ki, bu qızı qoruyub hörmət göstərsinlər. Həqiqətən bu qız Xədicə kimidir. [4]

 

Ləqəbləri
Xanım Zeynəbin çox sayda ləqəbi vardır. Məsələn: Bəni Haşimin Aqiləsi, Müəllimi olmayan alimə, arifə, muassaka, Fazilə, Kamilə, Ali Əlinin Abidəsi, Məsumə Suğra, Əminətullah, Naibətuz Zəhra, Naibətul Hüseyn, Aqilətun Nisa, Şərikətuş Seyyidüş, Baliğə, Fasihə və Şərikətul Hüseyn [5]

 

Künyələri
Künyələri olaraq Ümmü Gülsüm və Ümmül Məsaibi zikr etmişlərdir. [6]

 

Doğumu və Vəfatı
Xanım Zeynəb hicrətin beş və ya altısında Cəmaziyəlaxir ayının beşində Mədinədə gözlərini dünyaya açdı. [7] Xanım Zeynəb hicrətin 63-cü İlində Rəcəb ayının birində həyat yoldaşı Abdullah ibn Cəfər ilə Şama etdiyi bir səfərdə vəfat etmiş və orada da dəfn olunmuşdur. Bəziləri Mədinə və ya Misirdə dəfn edildiyini söyləmişdir. [8]

 

Uşaqlıq Dövrü
Xanım Zeynəb kiçik yaşlarında ikən atası Hz. Əlidən belə soruşur: "Ata! Bizi sevirsən? Atası deyir ki: Necə sizi sevməyim, sizlər mənim qəlbimin meyvəsisiniz." Xanım Zeynəb cavab olaraq belə deyir: "İki sevgi möminin qəlbində eyni anda olmaz; Həm Allah sevgisi, həm də övlad sevgisi. Əgər qaçılmaz olsa sevgi Allaha, şəfqət və mərhəmət isə övlada məxsusdur ". [9]

 

Hz. Hüseynə Olan Diqqəti
Xanım Zeynəb uşaqlığından etibarən İmam Hüseynə şiddətli diqqət göstərirdi. Hər nə zaman qardaşını görməsə, darıxar və qardaşını görəndə xoşbəxt olurdu. [10] Beşikdə ağlayanda Hüseyni görməsi və ya səsini eşitməsi ilə sakitləşirdi. [11] Bu heyrətamiz hədsiz sevgini görən Xanım Zəhra bir gün məsələni atası Hz. Məhəmmədə (s) açır. Hz. Məhəmməd (s) belə buyurur: "Ey gözlərimin nuru! Bu qız, Hüseyn ilə birlikdə Kərbəlaya gedəcək və qardaşının dərd və müsibətlərinə şərik olacaqdır ". [12] O, Aşura günü Məhəmməd və Oun adlı oğullarını qardaşı Hüseynin yanına apararaq belə ərz edir: "Cəddim İbrahim Xəlil Allah qatında qurbanlığı qəbul etmişdir, sən də bu iki qurbanı məndən qəbul et! Əgər qadınlara cihad caiz olsaydı, mütləq canımı canana fəda edərdim ". [13]

 

Həyat yoldaşı və Uşaqları
Abdullah ibn Cəfərin həyası Hz. Əlinin qızı ilə evlənmək məsələsində bir təşəbbüs göstərməməsinə səbəb olurdu. Axırda bir nəfər onun tərəfindən Hz. Əlinin yanına gedir və deyir: "Ey Möminlərin Əmiri! Siz Məhəmmədin Cəfərin övladlarına qarşı necə maraq göstərdiyini bilirsiniz. Bir gün onlara baxaraq belə deyib: "Qızlarımız oğullarımız üçün və oğullarımız qızlarımız üçündür” bu səbəbdən qızınız Xanım Zeynəbi Abdullah ibn Cəfərlə evləndirməyiniz münasib olacaqdır. Və mehrini anası Fatimənin mehri miqdarı olan dörd yüz səksən dirhəm olaraq müəyyən ediniz." Hz. Əli nikahı təsdiq etmiş və hicrətin 17-ci ilində evlilik baş vermişdir. Qısa bir müddətdə Əlinin duası nəticəsində böyük var-dövlət sahibi olmuş, səxavət və ianə verməkdə məşhurlaşmışdır.

Xanım Zeynəb Abdullahla İmam Hüseynə olan şiddətli əlaqəsi üzündən hər gün onunla görüşmək və onunla səfərə çıxmaq şərti kəsmiş, Abdullah da qəbul etmişdir. Bu izdivacdan dörd oğlu (Ali, Oun, Abbas və Məhəmməd) və adı Ümmü Külsüm olan bir qız uşağı dünyaya gəlmişdir. [14]

 

Elm
Xanım Zeynəbin Kufədə Ubeydullah ibn Ziyad və eyni şəkildə Yezidin sarayındakı Quran ayələriylə dəlil gətirərək alim kimi çıxış və xütbələrinin hər biri onun bilik və elmini ortaya qoymaq baxımından gözəl sübutlardır. Xanım Zeynəb atası Hz. Əli və anası Hz. Fatimədən hədislər nəql etmişdir. [15] Əlavə olaraq, atası Hz. Əlinin xilafəti dövründə Kufə qadınlarına dərs və Quran təfsiri dərsləri qoyması, yenə onun məlumatını ortaya qoymaqdadır. [16] Xanım Zeynəb rəvayət və hədisləri bəyan məqamında idi, Məhəmməd ibn Əmr, Ata ibn Saib, Fatimə bintül Hüseyn və başqaları Xanım Zeynəbdən hədislər nəql etmişdir. [17] Xanım Zeynəb Məsumlardan Şiələrin mövqeyi, Hz. Məhəmməd (s) sevgisi, Fədək hadisəsi, qonşular, Besət və başqa müxtəlif mövzularda hədislər nəql etmişdir. Bəni Haşimin Aqiləsi olan Xanım Zeynəb hətta gələcəkdə baş verəcək hadisələrin məlumatını belə əziz atasından öyrənmişdir. [18]

 

İbadət
Xanım Zeynəbi Kübra gecələri ibadətlə keçirərdi. Həyatı boyu heç zaman təhəccüd (gecə namazı) tərk etməmişdir. İbadətlərlə o qədər məşğul olardı ki ona "Ali Əlinin abidəsi" (ibadət edəni) - deyə ləqəb vermişdilər. [19] Gecə ibadətlərini hətta Məhərrəm ayının onunda və on birində belə tərk etməmişdir. İmam Hüseynin qızı Fatimə belə deyir: "Aşura gecəsi, bibim hər an mehrabda ibadətə dayanır, namaz qılır, dua edir və gözlərindən yaşlar axırdı." [20] Xanım Zeynəbin Allahla olan əlaqəsi elə bir səviyyədə idi ki Aşura günü İmam Hüseyn bacısına vida edərkən belə buyurmuşdur: "Ey bacım! Məni gecə namazlarında unutma ". [21]

 

Hicab və İffət
Xanım Zeynəbin hicab və iffəti haqqında tarixdə belə yazılmışdır: Xanım Zeynəb babasının qəbrinin yanındakı Məscidül-Nəbiyə getmək istəyəndə, Hz. Əli gecə getməsini əmr etmiş, İmam Həsən və İmam Hüseyndən bacısı ilə birlikdə getmələrini istəmişdir. Qabaqda İmam Həsən, ortada Xanım Zeynəb və arxasında da İmam Hüseyn hərəkət edirdilər. Onlar Hz. Əlidən aldıqları əmrə görə Xanım Zeynəbi bir naməhrəm görər deyə hətta Peyğəmbərin qəbri üzərində belə işıq yandırmamağı tapşırardı. [22] Yəhya Mazəni belə deyir: Mən, Mədinədə, uzun bir müddət Hz. Əlinin qonşusu idim. Allaha and içirəm ki, bu müddət ərzində Xanım Zeynəbi görmədim və səsini eşitmədim. [23]

 

Səbr və Düzgün Yol
Xanım Zeynəb səbr və istiqamət vadisinin ən qabaqcıllarındandı. Qardaşı Hüseynin qanlı bədənini eləcə yerdə görəndə, göy üzünə doğru üzünü çevirərək belə deyib: "Allahım! Bu zaman qurbanlarımızı və sənin yolunda öldürülmüş bu şəhidi bizdən (Peyğəmbər Ailəsindən) qəbul buyur "[24] Tədqiqatçı müəlliflərdən biri belə deyir: Xanım Zeynəbin ləqəblərindən biri də "ər-Raziyə bil Tale vəl Qəza" - dır (Qəza və Qədərə razı olan). Bu binəva, çətinlik və sıxıntılar qarşısında durmuşdur. Əgər ona üz verən sıxıntıların bir miqdarı sağlam dağlara olsaydı, dağlar əriyər və yox olardı, ancaq bu tək və tənha, qərib və kimsəsiz məzlum, möhkəm dağ kimi hər şeyin qarşısında ayaq üstə durmağı bacarmışdır. [25] Xanım Zeynəb dəfələrlə İmam Səccadın canını xilas etmişdir; Məsələn İbn Ziyadin məclisində, İmam Səccadın xütbə və dəlil gətirməsindən sonra, İbn Ziyad İmamın öldürülmə əmrini verir. Bu zaman Xanım Zeynəb əlini qardaşı oğlunun boynuna atıb və "mən həyatda olduğum müddətcə, onu öldürməyinizə imkan verməyəcəyəm” - deyə buyurur. [26]

 

Fəsahət və Bəlağət
Xanım Zeynəb fəsahət və bəlağəti ata və anasından irs olaraq alıb. Danışdığı zaman, sanki, atasının dilindən danışırdı. [27] Kufədə, Yezidin məclisində və həmçinin Ubeydullah ibn Ziyadla etdiyi çıxışları, atası Əlinin xütbələri və anası Xanım Fatimeyi-Zəhranın Fədəkiyyə xütbəsiylə birə-bir oxşarlıqlar daşımaqdadır. [28] Xanım Zeynəb Kufədə o bənzərsiz gözəl xütbəni oxuduqdan sonra, insanlar əllərini ağızlarına aparmış və dalğın bir şəkildə bir-birlərinin üzünə baxmışdılar. O zaman qoca bir adam ağlar bir halda belə deyib: Anam və atam, yaşlıları ən üstün yaşlılar, uşaqları ən üstün uşaqlar, qadınları ən üstün qadınlar, nəsil və soyları ən uca və üstün olan bu ailəyə fəda olsun. [29]

 

Xanım Zeynəb Kərbəla Faciəsində
Aşura qiyamı, İmam Hüseynin şəhadəti ilə son məqsədinə çatmamışdır, əksinə onun hidayət və rəhbərliyi Əlinin qızı və Hüseynin bacısı Xanım Zeynəbin əli ilə baş vermişdir. Xanım Zeynəb qardaşı tərəfindən bu vəzifəni öz üzərinə götürmüşdür. Hz. Hüseyn müxtəlif vəsiyyətləri ilə bacısını bu işə hazırlamışdır. Aşura günorta vaxtı, İmam Hüseynin yerə düşdüyünü və düşmənlərin onu öldürmək üçün ətrafını əhatə etdiyini görən Xanım Zeynəb çadırdan bayıra çıxmış və Səd ibn Vəqqasın oğlu Ömər ibn Sədə xitabən belə demişdir: "Ey Sədin oğlu! Əbu Abdullah (Hüseyn) öldürüləcək və sən eləcə baxacaqsanmı !" [30] İbn Sədin etina etmədiyini və bir cavab vermədiyini görən Xanım Zeynəb belə fəryad etmişdir: "Vay qardaşım, vay ağam, vay əhli-beytim! Kaş göy üzü yerdə parçalansaydı! Kaş dağlar parça-parça olub yerə sərilsəydi !" [31] Xanım Zeynəb bu cümlələri ilə qiyamın ikinci mərhələsini başladırdı. Xanım Zeynəb özünü qardaşına çatdırdı, göyə baxaraq belə buyurdu: "Allahım! Bu qurbanı bizdən qəbul et". [32] Xanım Zeynəb daha sonra şəhidləri kədərli ağılarla, göz yaşı tökərək anıb və geridə qalan yetimlərin qulluğunu öz üstünə götürərək həmin gün ütün gecəni gecə namazı qılmış və Allaha yalvarışlar  etmişdir.

 

Xanım Zeynəbin Qardaşının Qatilinə Qarşı Davranışı
Xanım Zeynəb İmam Hüseynin nəşinin yanında, Mədinəyə doğru dönərək dayanmış və ürəkləri parçalayan bu şəkildə ağılar yağdırmışdır: “Ey Məhəmməd! Bu Hüseyndir; Qanına boyanmış və tikə-tikə doğranmış! Bunlar da sənin qızlarındır; əsir edilmiş. Bu zülmləri Allaha, Məhəmməd Mustafaya, Əli Mürtəzaya, Fatimətüz-Zəhraya və şəhidlər Ağası Həmzəyə şikayət edirəm. Ey Məhəmməd! Bu sənin Hüseynindir; Kərbəlada üryan buraxılmış və səhər yeli torpaq səpir üzərinə. Bu sənin Hüseynindir; Zinazadələrin zülmü ilə öldürülmüş. Aman bu kədərdən, aman bu bəladan! Bu gün cəddim Peyğmbərin dünyadan köçdüyü gündür. Ey Məhəmmədin səhabələri, bu əsir aparılanlar sizin Peyğəmbərinizin övladlarıdır!" “Ey Məhəmməd! Qızların əsir edilib və oğulların öldürülüb. Səhər yeli o bədənlərin üzərinə torpaq sovurur indi. Bu sənin Hüseynindir; Başı boynundan arxadan kəsilmiş, sarıq və geyimi talan olunmuş. Atam fəda olsun ona ki, ordusu bazar ertəsi qətlə yetirildi və yağmalandı. [33] Atam fəda olsun ona ki, çadırları yandırıldı dağıdıldı. Atam fəda olsun ona ki, getdiyi yoldan dönməyəcək və yaralarına məlhəm konmayacak.” [34] Xanım Zeynəbin nalə və fəğanları dost və düşmənləri təsiri altına almış və hər kəsi göz yaşlarına boğmuşdu. [35]

 

Həzrəti Zeynəb Kufədə

Aşuradan sonra əsirləri Kufəyə aparırlar və orada canları yandırıcı bir şəkildə əsirləri gəzdiriblər. Kufəyə girən kimi Həzrəti Zeynəb (s.a) oradakılara xitabən bir çıxış etmiş və hər kəsi təsiri altına almışdır.

Buşr b. Xuzeym Əsədi Həzrəti Zeynəbin çıxışı haqqında belə deyir:

Mən bu gün Əlinin (ə.s) qızına diqqətlə baxdım. Allaha and olsun ki, Zeynəb kimi natiqlik sənətində usta birini görmədim. Sanki Möminlərin Əmiri Həzrət Əlinin dilindən çıxış edirdi. İnsanlara müraciət edərək "Səssiz olun!" - deyə qarşı çıxanda, bu sözü ilə yalnız o izdiham camaat səssiz qalmamış, hətta dəvələrin boyunlarındakı zəng səsləri belə səssiz qalmışdı. [36] Həzrəti Zeynəb çıxışını bitirəndə, Kufədə şiddətli bir həyəcan yaşandı və xalqın əhval-ruhiyyəsi dəyişdi. Rəvayəti nəql edən deyir: Həzrət Əlinin qızının söhbəti bitdikdən sonra, Kufə xalqı heyrət içində əllərini ağızlarına aparırdılar.

Çıxış sonunda hökumətə qarşı üsyan və xalqın qiyamı sezildi. Bundan dolayı, ordunun komandiri xalqın dövlətə qarşı baş verə biləcək üsyanının qarşısını almaq üçün Peyğəmbər Ailəsinə mənsub əsirləri Ubeydullah b. Ziyadin hökumət mərkəzi olan darul-imarəyə göndərdi. [37] Həzrəti Zeynəb (s.a) əsirlərlə birlikdə darul-imarəyə girdi və orada Kufənin hakimi Ubeydullah b. Ziyad mübahisə və münazirəyə başladı. [38] Həzrəti Zeynəbin (s.a) çıxışları insanlara dərindən təsir göstərmiş və nəticədə Əməvi xanədanlığını rəzil etmişdir. Daha sonra İbn Ziyad əsirlərin zindana atılma əmrini vermişdir. Həzrəti Zeynəb (s.a) və İmam Səccadın (ə.s) çıxışları və həmçinin Ümmü Güslüm və Fatimə binti Hüseynin darul-imarə və Kufədə etdiyi çıxışlar və həmçinin Abdullah b. Əfif Əzdi və Zeyd b. Ərkamın etirazları nəticəsində Kufə xalqı zalım hökumət qüvvələrinə qarşı qiyam ruhuna büründü. Çünki Həzrət Zeynəbin (s.a) çıxışları iraqlıları dərindən sarsıtmış, onlar peşman olmuş və Peyğəmbər ailəsinə edilənlərin alçaqlığını dəf etmək fikrinə düşmüşdülər. Sonunda bu çıxışlar və xütbələr xalqa Əməvi hökumətinə qarşı yenidən qiyam etmə cürətini vermiş və Muxtarın qiyamı baş vermişdi.

 

Əsirlər Karvanı Dəməşqdə

Kərbəla faciəsindən sonra Yezid b. Müaviyə Kufə valisi Ubeydullah b. Ziyaddan Həzrət Zeynəbin (s.a) də olduğu əsirlər karvanını kəsik başlarla birlikdə Şama göndərməsini istədi. Beləliklə, İmam Hüseynin əhli- beyti Dəməşqə doğru yola çıxdı. [39] Əsirlər Dəməşqə daxil olduğu dövrlər Yezidin hökuməti olduqca möhkəm idi. Şam şəhəri illərlə (Müaviyə tərəfindən) Həzrət Əli (ə) nifrəti ilə yaşadılmışdı. İllərlə Əbu Sufyan və oğlu Müaviyə Həzrət Əliyə qarşı təxribat və təbliğatı bu şəhərdə kuliminasiya nöqtəsinə çatmışdı. Bu səbəbdən də Peyğəmbər Əhli-Beytinin (ə.s) Dəməşqə girdikdə xalqın yeni paltarlarını geyinməsi, şəhərin hər yerinin bəzədilməsi, müğənnilərin hər yerdə mahnılar oxuması və Dəməşq şəhərinin bütünlüklə sevincə bürünməsi təəccüblü vəziyyət deyildi. [40] Ancaq əsirlər karvanı qısa bir müddətdə şərtləri özlərinə tərəf dəyişdirdi. Həzrəti İmam Zeynül-Abidin və Həzrət Zeynəb tərəfindən Dəməşqdə edilən çıxışlar və Üməyyə oğullarının törətdiyi cinayətləri ortaya qoymaları şamlıların Əhli- Beytə (aleyhimus-salam) olan düşmənçilikləri bir anda sevgi və məhəbbətə çevrilmiş və digər tərəfdən ictimaiyyətin qəzəbi bir anda Yezidə qarşı çevrilmişdir. İmam Hüseyni öldürərək hökumətinin əsaslarını gücləndirəcəyini düşünən Yezid, hökumətinin əsaslarının sarsıldığını görməyə başlamışdır.

 

Yezidin Sarayında

Yezid öz sarayında görünməmiş böyüklükdə bir toplantı keçirib və ölkənin ən mühüm hərbi və siyasi xadimlərini dəvət etdi. [41] Əsirlərin qabağında küfr və inkar məzmunlu şeirlər oxudu və özünə görə qələbəsini qeyd edərək, Quran ayələrini təvil edərək öz xeyrinə təfsir etdi. [42] Yezid əlindəki çubuqla Peyğəmbər övladı İmam Hüseynin (a.s) kəsik başına vuraraq ədəbsizliklər etdi. [43] Peyğəmbər (s) və İslam dininə olan kinini aşkar edərək bu məzmunda inkar məzmunlu bir şeir oxudu:

"Ah, haradadı Bədrdə öldürülən əcdadlarım, olsaydılar, görsəydilər necə də Xəzrəc qəbiləsi qılınclarımız zərbəsiylə inləyir. Görsəydilər də bunun sevinci ilə sevinc fəryadı ataraq "Ey Yezid, əllərin qırılmasın" - desəydilər. Bizlər Bəni-Haşim böyüklərini öldürərək, bunu Bədr döyüşünün yerinə hesab etdik və oradakı məğlubiyyətə qarşılıq bu qələbəni qazanmışıq. Bəni-Haşim hökumətlə oynadı, yoxsa nə göylərdən xəbəri var idi, nə də ona vəhy nazil oldu! [44] Mən əgər Əhmədin (Həzrəti Məhəmməd peyğəmbər (s)) uşaqlarından intiqam almasam Xunduqun [45] nəslindən deyiləm.

Bir anda Həzrəti Zeynəbi Kübra (s.ə) məclisin guşəsindən qalxaraq Yezidin sözünü kəsdi və açıq bir şəkildə çıxış edib. Həzrəti Zeynəbin Yezidin yaşıl sarayındakı çıxışı İmam Hüseynin (a.s) haqq olduğunu və Yezidin batil və etdiklərinin səhv olduğunu açıq-aşkar bəyan etdi. Həzrəti Zeynəbin məntiq dolu xütbəsi oradakıları ciddi şəkildə təsir altına aldı. Belə ki, Yezid əsirlərə qarşı bir az da olsa yumşaldı və həlimlik göstərməyə başladı. Və hər cür zorakılıqdan çəkindi. [46] Yezid öz adamlarına əsirlərə nə etməli olduğunu soruşdu. Bəziləri onlara da (İmam Hüseyn və adamlarına etdikləri kimi) eyni şəkildə davranılması lazım olduğunu söylədi, ancaq Noman b. Bəşir ona əsirlərə yumşaq davranması tövsiyəsini etdi. [47] Həzrəti Zeynəbin (a.s) parlaq çıxışları nəticəsində Yezid İmam Hüseynin (a.s) şəhadətini İbn Ziyadin üzərinə atmaq məcburiyyətində qalmış və ona lənət demişdir.[48]

Yezid əsirlərə bir neçə gün Dəməşqdə ölülərinə ağı demələrinə icazə verdi. Əbu Süfyan xanədanına mənsub qadınlar, məsələn Yezidin arvadı Hind, (xarabada) Əhli-Beytin (a.s) yanına gələrək Allah Peyğəmbərinin qızının əl və ayaqlarına qapanaraq öpdü. Ağlayaraq ağı dedi və üç gün əzadarlıq məclisi təşkil etdi. [49]

Nəhayət Həzrət Peyğəmbərimizin ev xalqı olan əsirlər, hörmət və ehtiramla Mədinəyə qayıtdılar. [50]

 

İstinadlar

Şərhlər

  • çox gözəl idi allah şirkəti və bizləri qiyamət gün
    çox gözəl idi allah şirkəti və bizləri qiyamət günü ehli beytle mehşur edain

    06.10.2017 16:17:31

Şərhə cavab yaz!

  • Şərhi şikayət et!

  • Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ