Xanım Zeynəb (s.ə) kimdir? (II hissə)

Xanım Zeynəb (s.ə) kimdir?

 

Əvvəli burada

 

 

ZƏRURƏTİN SÜBUTU

İmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan əlavə müxtəlif yerlərdə özünü və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir başa xəbər vermişdi: Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa müvəffəq olmayacaqdır. Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi.

Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir. Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı tərk etməmişdir.

Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır.

 

YEZİDLƏ BEYƏT? HEÇ ZAMAN!

Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti imam Hüseyn (ə)-la qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.

İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə imamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.

Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq İmamın qəti mövqeyi əvvəldən bəlli idi. Onun cavabı həmən cavab idi ki, ilk dəfə hökumətin Mədinədən nümayəndəsinə buyurdu və mövqeyi də həmən mövqe idi ki, imamət məqamında nabələdlərin qarşısında tutmuşdu: “Yezidin istədiklərinə təslim olmayıb onunla beyət etmək.”

Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun imamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.

 

DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT

İmam Hüseyn (ə)-ın və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə İmam, dostları su gətirsələr də şücaət və şəhadət günü olan Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə Hüseyn (ə)-ın xeymələri qarşısında əsas problemlərdən biri olmuşdur.

Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş həzrət Zeynəb (s) bu məsələnin həllində tədbir və isar ilə uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və zillət büruzə verməməli idi.

 

TASUA GÜNÜ

Tasua doqquzuncu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, imam Sadiq (ə)-ın sözünə əsasən imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.

Əhli-beyt düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.

Kufə şəhərindən, Ubeydullah ibni Ziyaddan ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.

Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: “Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: “İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”

Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam isə buyurdu: “Sakit ol bacı, Allah sənə rəhm etsin.”

Bu zaman İmam üzünü bayraqdarı və qəhrəman əsgəri Əbbasa tərəf tutub buyurdu: “Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”

Əbbas, Züheyr və Həbib ibni Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra isə, qardaşının yanına qayıdıb əhvalatı danışdı.

İmam buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.

Beləliklə Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.

Bəli, Aşura gecəsi İmam və dostları üçün son fürsət idi. Tarix bu gecə haqqında gözəl və parlaq səhnələr nəql etmişdi.

 

AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ

Aşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseyn (ə)-ın məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.

Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda Zeynəbin gözünə yuxu getmiş ola.

İmam Səccad (ə)-ın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri imam Səccaddan nəql olunmuşdur.

Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti həzrəti imam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi. Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə imam Səccad (ə)-ın canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və etirazlarına məruz qalmışdı.

 

ZEYNƏB BƏNİ-HAŞİM MÜDRİKİ

Əli və Fatimə məktəbində, Həsən və Hüseyn yanında böyümüş Zeynəb, həyatın mənasını, insani təkamülü yaxşıca dərk edir və könül verdiyi bu yolda hərəkət edirdi. Elə ona görə də, keçdiyi məqsəd yolunda əsla tərəddüd etmədən, özünə məxsus əzəmət və vüqarı ilə diqqəti cəlb edir.

O böyük və təsirli hadisələrdə hissiyata qapılıb, duyğularının təsiri altına düşmür və öz mühüm vəzifəsini unutmurdu. O, ən isti məhəbbət duyğularına malik olmaqla yanaşı, həm də müdrik bir insandır. Yəni qadın və qadına məxsus insani hisslərə malik olmasına baxmayaraq, bütün acı və dərdli səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmur. Bu xüsusiyyət, Zeynəbə öz yolunu sonacan davam etdirməkdə, Kərbəla şəhidlərinin qanlarını səmərəyə yetirmək və Aşura hərəkatının əsil ideya və məqsədlərini hamıya çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəlada və ondan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olur.

 

ZEYNƏBİ ÜZƏN XƏBƏR

İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını təmir edirdi. Atam neçə dəfə bu şeri oxuyurdu:

 

Ya dəhru uffin ləkə min xəlil

Kəm ləkə bil işraqi vəl əsil

Min sahibin və talibin qətil

Vəd-dəhru la yəqnəu bil bədil

Və innəməl əmru iləl cəlil

Və kullu həyyin salikun səbil

 

“Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.”

Atamın bu şerləri oxumaqdan məqsədini anladım. Məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir. Lakin, bunları eşidən bibim özünü saxlaya bilmədi. Pərişan halda atamın yanına gəlib dedi: “Kaş ölüm gəlib, mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimə, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gün kimidir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!

İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: “Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın.”

Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: “Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.” (Yəni düşmən bizdən əl çəkməyəcək.)

Sonra bibim dilləndi: “Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.” Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.

 

SEYYÜDÜŞ-ŞÜHƏDA MÜSİBƏTİNİN ƏZƏMƏTİ

Hzərət Zeynəbin taqətsizliyi və huşdan getməsi, onun imam Hüseyn (ə)-a olan sonsuz məhəbbəti və habelə seyyüdüş-şühəda müsibətinin əzəmət və böyüklüyündən xəbər verir. Bu əzəmət və böyüklük Allah kəlamı olan “Aşura ziyarətində də aydın nəzərə çarpır.”

«Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu. Vəcəllət və əzumətil musəbtu bikə ələyna və əla cəmii əhlil islami vəcəllət və əzumət musibətukə fissəmavati əla cəmii əhlis-səmavat».

“Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.”

Sənin müsibətin göylərdə bütün səmavi mövcudlara da böyük və əzəmətlidir.

Həzrət imam Hüseyn (ə)-ın müsibətinin əzəmət və böyüklüyünü imam Zaman (ə)-ın müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir: “Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin döüşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecə-gündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!”

İmam Hüseyn (ə)-ın şəhadətinin ağırlığı imam Rza (ə)-ın kəlamında da əks olunmuşdur.

«Ləqəd bəkətis-səmavatis-səbi vəl ərəzunə liqətlihi».

“Seyyidüş-şühəda (ə)-ın şəhadətində yeddi asiman və yerlər ağladılar.”

Həmçinin buyurur:

«Ləmma qutilə cəddiyəl Husəyn əmtərət-tisəmau dəmən və turəbən əhmərə».

“Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.” Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!

Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.

Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.

 

İMAMIN ZEYNƏBƏ TÖVSİYƏLƏRİ

Gördük ki, imam Hüseyn (ə)-ın acı şəhadət xəbəri Zeynəbə necə təsir etdi. Bu xəbər o qədər ağır idi ki, onun taqətini alıb bihuş edərək yerə yıxdı.

İmam Səccad (ə) buyurur: “Atam Hüseyn bibimin üzünə su səpib ayıltdı və buyurdu:” Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.”

İmam Səccad (ə) buyurur: Atam bu tövsiyələrdən sonra bibimi mənim yanımda oturtdu:

Zeynəbin vəhy və vilayət evində tərbiyə olmasına baxmayaraq, qardaşı və imamının dilindən eşitdiyi tövsiyələr onda dərin təsir qoydu. Zeynəbin ruhunu daha müqavimətli, qamətini daha mətin, müsibətlər qarşısında iradəsini daha möhkəm etdi və həqiqətdə ona böyük iman bəxş etdi.

 

ZEYNƏBDƏN ÖYRƏNİLƏSİ DƏRS

Tarix göstərir ki, Zeynəb zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın.

O, qiyamın hədəf və məqsədlərini çatdırmaq barədə öz imamının tövsiyələrinə əməl etməklə sübut etdi ki, həqiqi mömin kimi dağdan möhkəmdir, zillət və müsibətlərə boyun əyməz. Bəli, Zeynəbin tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.

Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb kimi asan və gözəl hesab etsinlər.

 

GECƏNİN QARANLIĞINDA

Aşura və Aşura gecəsinin əzəməti demək, eşitmək, oxumaq-yazmaqla dərk olunası deyil. Onun zirvəsinə fikir çatmaz. Ürək bu əzəməti dərk etməyə acizdir.

O gecə və o günün əzəmətini Aşuraçılar dərk edərlər. Onlar ki, Hüseyn və Allahına iman gətirmiş və onun üçün can vermək intizarında onları sayırdılar. Onlar ki, Büreyr və Əbdürrəhman kimi Aşura gecəsinin son saatlarında çox şad idilər. Onlar ki, Aşura gecəsi sübhəcən dua, münacat və istiğfarla məşğul idilər. Onların razi-niyaz səsləri arı pətəklərinin səsləri kimi fəzanı doldurmuşdu. Hərəkatın rəhbərliyi və ən ağır məşğuliyyətlər çiyininə düşmüş imam Hüseyn (ə) o gecənin qaranlığında xeymələrdən uzaqlaşır. İmamın dostlarından nafe ibni Hilal adlı birisi özünü imama çatdırıb onun bu qeyri adi hərəkətindən narahat olduğunu bildirir. İmam cavabında buyurur: “Gəlmişəm xeymələrin ətrafının alçaq-hündürlüyünə baxam. Olmaya, orada bir pusqu ola, düşmən oradan hücum edə və ya müdafiə oluna.”

Sonra imam nafenin əlini ovcunda tutduğu halda buyurdu: Bu gecə həmin vəd olunmuş gecədir, labüd bir vəd!

Sonra imam uzaqdan görünən iki daşı ona göstərib buyurdu: Bu gecənin qaranlığında özünü xilas etmək üçün bu iki daşın arsından qaçmaq istəmirsən?

nafe bu sözləri eşidən kimi özünü imamın ayaqlarına salıb dedi: Anam matəmimdə otursun! Mən qılınc və atımı, hərəsini min dirhəmə almışam. Məni sənin vücudunun neməti ilə bəhrələndirən Allaha and olsun, onlar durduqca səndən ayrılan deyiləm.

 

ZEYNƏBİN İMAMLA SÖHBƏTİ

Həzrət ətrafı yoxladıqdan sonra xeymələrə tərəf qayıdıb bacısının xeyməsinə girir. nafe deyir: “Mən xeymənin çölündə durmuşdum. Eşitdim ki, Zeynəb imama belə deyirdi: Qardaşım dostlarını sınamısanmı? Olmaya çətinlikdə səni tək qoyalar? Həzrət, Zeynəbin cavabında belə buyurdu: Allaha and olsun, onları sınadım, onlar hamısı şücaətli, dilavər və möhkəmdirlər. Onların mənim yolumda ölümə olan həvəsləri südəmər uşağın öz anasının sinəsinə olan həvəsi kimidir.

nafe deyir: Bu söhbəti eşitdim və ağlamaq boğazımı tutdu. Həbib ibni Məzahirin yanına gəlib eşitdiyimi ona söylədim. Həbib dedi: And olsun Allaha, əgər imamın hücum fərmanını gözləməsəydik elə bu gecə düşmənə hücum edərdik.

nafe deyir: Həbibə təklif etdim ki, indi imam bacısı Zeynəbin xeyməsindədir. Bəlkə qadın və uşaqlar da oradadırlar. Yaxşı olar ki, sən bir az adam götürüb onların xeyməsinə get və öz vəfadarlığınızı bildir ki, onlar da rahat və arxayın olsunlar. Həbib uca səslə imamın dostlarını səslədi. Hamısı xeymələrdən çıxdılar. Həbib Bəni-haşimdən olanları xeymələrə qaytarıb, əhvalatı danışdı. Bütün səhabələr öz hazırlıqlarını elan etdilər. Həbib dedi: Gəlin, xanımların xeyməsinə gedib, onları arxayın edək. Xeymələrə çatanda isə, Həbib Bəni-haşim qadınlarına xitabən dedi: Ey Peyğəmbər qızları və ey Allah Rəsulunun hərəmi! Bunlar sizin fədakar cavanlarınız, bu da onların parıldayan qılınclarıdır. Hamısı and içiblər ki, bu qılınclar sizin düşmənlərinizin boynundan başqa qına salmasınlar. Bu iti və uca nizələr də sizin qullarınızın ixtiyarındadır. Onlar da and içiblər ki, onları sizin düşmənlərinizdən başqa bir yerə sancmasınlar. Bu vaxt hərəm xanımlarından biri onlara cavab verdi: “Ey pak və mərd insanlar! Peyğəmbər qızlarını və Əmirəl-möminin ailəsinin qadınlarını müdafiə edin. Bu söz səhabələrin qulağına dəyən kimi hamısı uca səslə ağlayıb, hərəsi öz xeymələrinə qayıtdılar.

Zeynəb imam Hüseyn (ə)-ın dostları barəsində ona verdiyi arxayınlığı Aşura günü müşahidə etdi. Zeynəb gördü ki, onlar öz imamlarının qarşısında şəhid olmaq üçün bir-birindən qabağa düşmək üçün çalışırdılar. Gördü nə qədər ki, onların bir nəfəri belə sağdı, qardaşına heç bir zərər dəymir və gördü ki, yarım gün ərzində Əhli-beyt (ə) və şiə məzlumiyyəti tarixinin əsla unudulmayacaq qanlı səhifəsi yaşandı.

 

SÜBH AÇILIR

Hər iki cəbhə gecəni oyaq qaldı. Bir cəbhə sevinc, şadlıq və şəhadət eşqindən, o biri cəbhə isə qorxu, iztirab və həyacandan yata bilmirdi.

 

nəhayət sübh açıldı və imamın səhabələri bütün vücudlarıyla Allah düşmənləri ilə qarşılaşmaq üçün özlərini hazırladılar.

 

Əba Əbdillah səhabələrinin gecə yatmaq və istirahət əvəzinə namaz və Quran, Allaha istiğfar və münacatla keçirmələrinə baxmayaraq, onların cismi və fiziki gücü azalmamış, eşq onlara yeni güc və qüvvə bəxş etmişdi. Allah, Allah yolunda və Allahın Höccəti, zamanın imamı həzrət Hüseyn (ə)-ın qarşısında şəhadətə olan eşq!

 

EŞQ NAMAZI

İmam və səhabələr sübhi camaat namazı və Allah dərgahına dua və münacatla başlayırlar. Bu namaz çoxları üçün son namaz olacaqdır: Eşq və vida namazı.

 

Canlarını Allah yolunda qurban etməyə hazırlaşan bu ilahi insanların və xalis Allah bəndələrinin bərpa etdiyi camaat namazının əzəmət və cəlalı yeri-göyü doldurmuşdu.

 

İndiyə qədər heç bir səhabə üçün belə merac nəsib olmamışdı. nə gözəldir Aşura gününün Kərbəla çölündəki sübh namazı: İmamı Seyyüdüş-şühəda, məmumları isə onun vəfalı dostları, imam Hüseyn (ə) Aşura gecəsində belə buyurmuşdu:

 

«Fəinni la ələmu əshabən ovfa vəla xəyrən min əshabi».

 

“Mən öz səhabələrimdən yaxşı və vəfalı səhabələr tanımıram.”

 

İMAMIN SÖZÜ

Camaat namazı sona çatdı. İmam namaz qılanlara üz tutub, Allaha həmd-səna edərək buyurdu: «Allah mənim və sizin ölümünüzü bu gün üçün imza etmişdir».

 

“Ey kəramətli və böyük insanların övladları! Səbr edin. ölüm, sizi çətinliklərdən qurtarıb, geniş və əbədi behiştlərə çatdıran bir körpüdən başqa bir şey deyildir. Bəs sizin hansı biriniz zindandan qəsrə getmək istəmir? Bu ölüm sizin düşmənləriniz üçün isə qəsirlərdən zindan və işgəncələrə getmək deməkdir. Atam, Peyğəmbərdən nəql edirdi ki, o həzrət buyurub: «Dünya möminin zindanı, kafirin öz cəhənnəmlərinə tərəf körpüləridir. nə yalan eşitmişəm və nə də yalan deyirəm».

 

Beləliklə İmam (ə) səhabələrin qarşıdakı yollarını göstərmək, ölüm və dünya həqiqətlərini bəyan etməklə onların imanını möhkəmlədib qəhrəmanlıq və şücaət dastanı yaratmaq üçün hazır etdi.

 

ÜÇÜNCÜ FƏSİL

ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ

 

Zeynəb Aşura hadisələrində

Əliəkbərin cənazəsi kənarında

Zeynəb övladlarından şəhid

Eşqin nümayişi

Aram və dözümlü olmağın sirri

Əhli-beytlə vida

İmamın son istəyi

İmam (ə)-ın şəhadəti

Zeynəbin fəryadı və düşmənin daş qəlbi

Ürək ağrıdan xəbər

Hadisədən sonra

Düşmənin qarət və talanı

Əzizlərinin cəsədi kənarında

İmam Səccad (ə)-ın müdafiəsi

Məni də onunla öldürün

İmam Səccad (ə)-a tibbi yardım

Zeynəbin imamı sakitləşdirən sözləri

 

Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.

 

Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı.

 

Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.

 

Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında söhbət açacağıq.

 

ƏLİƏKBƏRİN CƏNAZƏSİNİN KƏNARINDA

İmam Hüseyn (ə)-ın qeyrətli oğlu Əliəkbər onun başqa övladları arasında həzrət Peyğəmbərə daha çox oxşayırdı. Onun nurlu çöhrəsi, pak təbiəti və gözəl əxlaqı Zeynəb və Seyyidüş-şühədanın əziz babası həzrət Peyğəmbəri xatırladırdı. Heç şübhəsiz ki, bu xüsusiyyətlər Zeynəbin ona Allah Rəsulunun bu pak sülaləsinə olan məhəbbət və bağlılığını daha da artırmışdı. Bütün bunlar onu, Əliəkbərin imamı ağladan ağrılı-acılı şəhadətində qardaşına şərik etdi.

 

İmamın səhabələri şəhadətə çatmayınca Əhli-beytdən heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-beytdən meydana gedən ilk döyüşçü imam Hüseyn (ə)-ın böyük oğlu Əliəkbər idi.

 

Əliəkbərin gözəlliyi, əxlaqı fəzilətləri və digər xüsusiyyətləri məşhur idi. Bu vilayət mövludunun əsl vəsfini İmamın (ə) dilindən eşidək. İmam Hüseyn (ə) oğluyla vidalaşan zaman onun gözəl üzünə və uca qamətinə məhəbbət dolu nəzər salaraq, üzünü göyə tutub buyurdu:

 

«Əllahümməşhid əla haulail qovmə qəd bərəzə iləyhim ğülamun əşbəhunnasi xəlqən və xulqən və məntiqən bi rəsulikə. Kunna izəştəqna ila nəbiyyikə nəzərna ila vəchihi».

 

“İlahi, şahid ol ki, xilqətdə, əxlaqda və danışıqda Peyğəmbərinə ən çox oxşayan cavan onlara tərəf gedir. Bir cavan ki, Peyğəmbər üçün darıxanda onun üzünə baxırdıq.”

 

Təbii ki, belə bir övladdan ayrılmaq imam Hüseyn (ə) üçün heç də asan deyildi.

 

Heç bir tarix kitabında görünməmişdir ki, imam Hüseyn (ə) Əliəkbərdən başqa bir nəfər üçün ağlamış olsun: Vidalaşan zaman, meydandan qayıdıb atasından su istəyəndə və doğranmış bədəni yanında.

 

Seyyüdüş-şühədanın dilavər oğlu meydana gedir. Yorğunluq və möhkəm susuzluqla yanaşı düşmənə çoxlu zərbələr endirir. Sonra, aldığı çoxlu yaralarla atasının yanına gəlib su istəyir: İstəyir ki, su içib, düşmənə qarşı yeni qüvvə ilə vuruşsun. İmam Hüseyn (ə) ağlayıb deyir: “Oğlum, get meydana. Tezliklə cəddim Rəsulullahın əlindən su içəcəksən.”

 

Əliəkbər yenidən meydana gedir. Amma bu dəfə çox keçməmiş onun səsi ucalır. O, atası ilə vidalaşırdı. İmam Hüseyn (ə) özünü meydana çatdıraraq oğlunun cəsədi yanında üzünü onun üzünə qoyub buyurdu: Allah səni öldürənləri öldürsün. Səndən sonra kül olsun dünyaya və onun həyatına.

 

İstəkli övladının müsibətinə İmamın ürəyi yanır, göz yaşı tökür. O vaxtacan heç kim imam Hüseyn (ə)-ın ağlamaq səsini eştməmişdi.

 

Zeynəb hər şeyi görür və qardaşının ağlamasını eşidirdi. Qəzəb və nifrət qəhri boğazını tutduğundan, qəm ürəyinə ağırlıq edir, qardaşının ağlar səsi isə canına od salır. Qəmli sifətlə tələsik xeymədən çıxıb Əliəkbəri “Ey əziz, ey əziz qardaş oğlum”  - deyə novhəylə çağırırdı. Tez özünü ona çatdırır. Onu qucaqlayır ki, qəlbi təskinlik tapsın və dərdələri sakitləşsin. Amma neyləmək ki, bu ağır müsibətə də dözmək məcburiyyətindədir. Qardaşı imam Hüseyn (ə) ona toxtaxlıq verərək, oğlunun cəsədi başından qaldırıb xeymələrə tərəf qaytarır.

 

Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin, Zeynəb üçün bütün bunlara dözməyi asanlaşdıran, onun islama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi vəzifəsini düşünür, Allahın məsləhəti və imamının fərmanına tabe olurdu. Elə bütün bunlar Zeynəbə səbr, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mənəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.

 

ZEYNƏB ÖVLADLARINDAN ŞƏHİD

Məlum olduğu kimi, Zeynəbi-Kubranın əri Əbdullah ibni Cəfər, imam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ounu məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Oun, Əbdullahın həzrət Zeynəbdən olmuş oğludur.

 

Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:

 

“Əgər məni tanımırsınızsa, mən Cəfərin - həqiqi şəhidin oğluyam ki, behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”.

 

Sonra düşmənə hücum edib, atlılardan üçünü piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.

 

Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq məlumat yoxdur. Amma, Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən məlum olur ki, yeniyetmə olmuşdur. çünki, o ziyarətnamədə belə oxuyuruq: “Salam olsun sənə, ey Oun ibni Əbdullah ibni Cəfər ibni Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!

 

Zeynəb (s)-ın öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi və «Ənnəbiyyu ovla bil mömininə min ən fusihim» ayəsinin mənasını çox gözəl başa düşürdü. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.

 

EŞQİN NÜMAYİŞİ

Aşura gününün hər anı, Allah yolunda fədakarlıq və mübarizənin ən böyük qəhrəmanlarını özüylə meydana aparır. Seyyüdüş-şühədanın səhabə və köməkçiləri bir-bir eşq və isarın ən əzəmətli səhnələrini tamaşaya qoyur və Kərbəla çölünü elə kişilərin canfəşanlıqlarının tamaşasına çevirir ki, onlardakı vəfa və paklığın misli tarixdə görünməmiş və görünməyəcəkdir. Belə bir tamaşa və Zeynəb kimi bir tamaşaçı ki, hər şəhadət ürəyinə bir dağ qoyur, yalnız qamətinə müsibət zərbəsi endirir. Lakin, bu zərbələr onun müqavimət və möhkəmliyi qarşısında sınır, aram, böyük ruhuna baş əyir.

 

Və indi Zeynəb Əhli-beytin məzlumiyyəti və yezidlərin alçaqlığı üçün fəryad qoparan ən acı səhnələrdən birinə şahiddir.

 

İmam Hüseyn (ə) son anlarda Zeynəbin xeyməsinin yanına gəlir.

 

Bacı, kiçik uşağımı mənə ver, onunla vidalaşım.

 

Zeynəb qardaşının südəmər oğlunu ona verir. Susuzluğun əldən saldığı bir südəmər körpənin halını kim təsvir edə bilər? Və kim ağır müsibətlərdən sonra kiçik uşağının öldürücü susuzluğu və qızdırmasına baxan bir atanın halını doğru-düzgün təsəvvür edə bilər?

 

Ata, belə susuz bir körpə ilə necə vidalaşsın? Vidalaşmaq üçün onu öpməkdən başqa bir yolu varmı? Amma, atanın dodaqları uşağın hərəkətsiz üzünə çatmamış düşmən Hərmələnin oxu onun kiçik boğazını deşib, qəmli Kərbəla torpağına qan toxumu səpir. Bir ərəb şairinin təbiriycə desək, düşmənin oxu uşağın boğazını Hüseynin dodaqlarından tez öpür.

 

İmam Hüseyn (ə) uşağı Zeynəbə qaytarır. Hər iki əlini körpənin boğazının qanı ilə doldurub, göyə səpir və bu gözəl kəlamı buyurur:

 

«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».

 

“Mənə nə (müsibət və çətinlik) olsa asandır. çünki, Allah onu görür və bütün bunlar, onun gözləri qarşısındadır.”

 

İmam Baqir (ə) buyurmuşdur: “O qandan bir damcıda da yerə qayıtmadı.”

 

Əliəsgərin atasının qucağında acı şəhadət səhnəsi çox ağır və təsirli ola bilərdi, amma bütün bunları asanlaşdıran yalnız imam Hüseyn (ə)-ın eşqi idi. Aşura - Allaha eşq günü, Kərbəla isə Hüseynin öz Allahı ilə ən böyük eşq meydanıdır.

 

Seyyüdüş-şühəda (ə) hər şeyini öz məşuquna qurban etmək üçün meydana gətirilmişdi və bütün bunları özünə asan bilirdi. çünki, o, öz məhbub və məşuqunu öz yanında və hadisələrə şahid bilirdi.

 

ARAM VƏ DÖZÜMLÜ OLMAĞIN SİRRİ

Bəlkə də imam Hüseyn (ə)-ın südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə) yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.

 

«Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».

 

Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mərifət, tovhid, iman, təvəkkül, təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini təəccübə gətirən səbrindən ilham alır. öyrənir ki, ən ağır dərd və əzablar da Allah yolunda asandır.

 

Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı etimad yeri imam Hüseyn (ə)-ın və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın qarşısında bilirlər.

 

ƏHLİ-BEYTLƏ VİDA

İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.

 

Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!»  İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?

 

Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.

 

İmam (ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: “Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!”

 

Aşura günüdür. İmam Hüseyn (ə) anbaan öz məbudunun görüşünə yaxınlaşır. Köməkçi və müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün bunlarla yanaşı, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də etiraf edir ki, müsibət və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.

 

Hər an şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.

 

Bu təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən mühasirəsində qala?!

 

Bu vaxt imam Hüseyn (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və öz imamının fərmanını yerinə yetirir. Amma, deyəsən qardaşının başına gələnlərin ağırılığı, ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah Hüseyn (ə)-a tərəf qaçır. Zeynəb sürətlə onu təqib edir. İmam Hüseyn (ə)-da əmr edir ki, Zeynəb onu saxlasın. Amma, Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki, əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən Hərmələ, ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir. Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.

 

İMAMIN SON İSTƏYİ

Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır.

 

Düşmən cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn (ə)-ın köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar gətirdilər.

 

İmam fəzilət nümunəsidir. O, izzətlidir və heç vaxt zillətə boyun əyməz. Onun şüarı:

 

«Heyhat minnəz-zillət».

 

“Heyhat, alçaqlıq bizdən uzaqdır” sözləri.

 

İmamın istədiyi son paltarı kimin gətirdiyi tarixdə qeyd olunmamışdır. Amma, güman etmək olar ki, o, Zeynəb olmuşdur. çünki, İmama ən yaxın adam o idi.

 

O, İmamın sözlərini xeymələrə çatdıran və onunla Əhli-beyt arasındakı rabitəçi idi. Onun bir qulağı hərəm əhlinin “Əl-ətəş” nalələrində, o biri qulağı isə döyüş meydanında, Hüseyn (ə) səsindədir. Bir gözünü xeymələrə, o biri gözünü isə Hüseyn (ə) tərəf dikmişdir. O, Zeynəbdir, Hüseyn bacısı və onun istəyəni. Onun cismi xeymələrdə, qəlbi isə Hüseynlədir. Hüseyn (ə)-ı xatırlamaqla ürəyi sakitləşir. çünki, Hüseyn varlıq dünyasının aramlığı, Allahın höccətidir və yer-göy hamısı onun vücudu ilə aramdırlar.

 

İmam, düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.

 

«Fələmma qətələ cərrəduhu minhu».

 

“İmam şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar.

 

“Paltarının altından köhnə libas geyindi ki,

 

rəzil və alçaq düşmən onu da əynindən çıxarmasın.

 

Axı atların dırnağı altında paltara nə ehtiyac var?

 

Daha bədən qalmadı ki, paltar və ya kəfənlə örtsünlər.

 

İMAMIN ŞƏHADƏTİ

Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.

 

İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayanır.

 

Əbdullah ibni Əmmar ibni Həcus deyir: Mən çoxlu düşmən hücumuna məruz qalan heç bir məğlubu, Hüseyn ibni Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli, sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından qaçır, pərən-pərən düşürdülər.

 

ömər ibni Səd qoşun üzvlərinə qışqırırdı: Bu Ənzəi Bətin (Əli ibni Əbi Talib) oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib hər tərəfdən ona hücum edin!

 

4000 nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.

 

Həzrət Seyyüdüş-şühəda fəryad etdi.

 

«Ya şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təzumun».

 

«Ey Əbu Süfyan davamçıları! Əgər sizin üçün bir din yoxdursa və məaddan da qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər düşündüyünüz kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq olun!»)

 

Şimr, Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?

Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu çoxaldı.

 

İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:

 

«La hövla və la qüvvətə illa billah».

 

“Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət yoxdur.”

 

Əbul Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: “Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan.

 

İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!

 

Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üç guşəli oxla mübarək qəlbini hədəf seçdi.

 

Peyğəmbər övladı Allaha ərz etdi:

 

«Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfəə rəsəhu iləs-səmai və qalə: İlahi innəkə tələmu ənnəhum yəqtülunə rəcülən leysə əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».

 

!Allahın adı və özüylə, Allah Rəsulunun milləti və dini xatirinə (bu şəhadət mənə nəsib olur).” Başını göyə tərəf qaldırıb, dedi: “Mənim Allahım! Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan başqa Peyğəmbər övladı yoxdur!”

 

Əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.

 

Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.

 

O qandan bir damcı da yerə tökülmədi.

 

Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş, üz və mübarək saqqalını qana boyayıb dedi: “Allahla və cəddim Peyğəmbərlə görüşənədək elə bu halda qalacağam”.

 

Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt Malik ibni Bosr gəlib Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.

 

Dəbilqə - yəni Həzrətin başında olan hündür papaq qanla doldu. Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bəzilərinə görə isə dəsmal bağladı.

 

Zürət ibni Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibni Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibni Vəhəb də böyründən oxladı.

 

Hilal ibni nafe deyir: Hüseyn can verəndə mən onun yaxınlığında durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha onun, üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.

 

O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:

 

«Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl mustəğisin».

 

“Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!

 

Həzrət Məhəmməd Baqir (ə)-dan rəvayət olunmuşdur ki, həzrətin atı uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə gəlirdi: “Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin qızını və oğlunu öldürürlər.”

 

Sonra hərəm xeymələrinə fikir verdi:

 

Ummu Gülsüm fəryad edirdi:

 

«Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cəfəra, va Həmzəta».

 

“Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb.”

 

ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ

Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:

 

«Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi və leytəl cibalə tədəkdəkət ələs-səhli».

 

Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı. Qardaşının yanına gəldi. Gördü ki, ömər ibni Səd adamlarından bir dəstə ilə Həzrətə yaxınlaşmışlar. Qardaşı Hüseyn can verirdi:

 

«Fəsahət ey ömər əyuqtəlu Əbu Əbdillah və əntə tənzuru iləyh».

 

“Ey ömər ibni Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan?

 

ömər üzünü çevirdi. Göz yaşları saqqalına axırdı. Zeynəb fəryad etdi:

 

«Və yəhkum əma fikum muslim?»

 

“Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?

 

Heç kəs cavabını vermədi. ömər ibni Səd qışqırdı: Atlardan düşün Hüseyni rahat buraxın...

 

Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir.

 

ÜRƏK AĞRIDAN XƏBƏR

Sonra ölüm mələyi cəddin Rəsulullahın qəbri yanında dayandı, göz yaşı tökməklə sənin ölüm xəbərini ona çatdırdı və dedi: Ey Allahın Rəsulu, qızının oğlu və mərd övladın şəhid oldu, itrət və ailənə pis hadisələr üz verdi.

 

(Bu xəbəri eşidəndən) sonra Peyğəmbər qəmgin və pərişan oldu, dərdli qəlbi ağladı. Mələk və Peyğəmbər (sənin müsibətin xatirinə) ona başsağlığı verdilər. Anan Zəhra (sənin müsibətin kədərindən) dərd-qəm etdi. Müqərrəb mələklər get-gəldə idilər və atam Əmirəl-mömininə başsağlığı verirdilər.  “Əla illiyyətində sənin üçün əza və matəm üz-başlarına vurdular. (Sənin matəmində) asiman və onun sakinləri, cənnətlər və gözətçiləri, dağlar və yamacları, dəniz və balıqları, bağlar və cavanları, Kəbə evi, İbrahim məqamı, Məşərül-həram, həcc və hərəm hamısı ağladılar”.

 

HADİSƏDƏN SONRA

Həzrət Əba Əbdillahın ürəkyandıran şəhadətindən sonra Əhli-beyt qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir.

 

Və Zeynəb bu saysız çətinliklərə hamıdan artıq dözməlidir ki, o əzəmətli karvanı istənilən mənzilə yetirsin.

 

Demək olar ki, müsibət yükü və acı hadisəlrin çoxu Aşura günü günortadan sonrakı anlarda idi. Bu hadisələr bir-birinin ardınca, dəhşətli tufan kimi Əhli-beytə üz tuturdu. İmamın onların istəklərinin qarşısında təslim olmamasından qəzəblənən və qarşı tərəfdən heç bir müqavimət görməyən düşmən isə, hər növ cinayət və talançılığı mümkün bilir və heç bir vəhşilikdən çəkinmir.

 

DÜŞMƏNİN QARƏT VƏ TALANI

O namərdlər Peyğəmbər xanədanı və Zəhranın gözlərinin nuru xeymələrini talan etməkdə bir-birlərindən qabağa düşməyə çalışırdılar.

 

Onlar xanımların başından çadraları çəkirdilər. Peyğəmbər qızları və onun bütün Əhli-beyti ağlayır, öz əziz və hamilərinin ayrılığına nalə və fəryad edirdilər.

 

Ravi deyir: O namərdlər qadınları çıxarıb, xeymələri odladılar. Başı açıq və ayaq yalın xanımlar isə ağlaşaraq xeymələrdən çıxıb, düşmənin əsirinə çevrildilər.

 

Bəli! Bu əsir düşmüş əzizlər və əzizlərini əldən vermiş müsibət sahiblərinin dastanı elədir ki, daş ürəkləri əridir və insanın gözlərindən yaş axıdır. Haradadır Əhli-beyt himayəçiləri? Haradadır Peyğəmbər xanədanının müdafiəçiləri? Haradadır Hüseyn dostları? Hanı Əbbas, hanı Əli? Hanı Seyyidüş-şühəda ki, gəlib Peyğəmbər, Fatimeyi-Zəhra və Əliyyi-Mürtəza övladlarının himayə etsinlər.

 

ƏZİZLƏRİNİN CƏSƏDİ KƏNARINDA

Əhli-beyt əsirləri hərəkət vaxtı düşmənə and verdilər ki, onları Hüseyn qətligahından aparsınlar. Bəlkə onları görmək ürək yaralarına məlhəm ola. Ürəklərini boşaldıb, hicran qəmi dastanını əzizlərinə söyləsinlər ki, müsibət yükləri yüngülləşib, ürəkləri bir qədər sakit olsun.

 

Əzizlərinin qana bələşmiş cəsədlərini və tikə-tikə olmuş bədənlərini görəndə isə, taqət gətirməyib, ürəklərini əldən verdilər. Ürək dağları təzələndi, canları odlandı, göz yaşları axdı və hər tərəfdən nalə və şivən ucaldı.

 

Əhli-beytin əzizlərinin ölü bədənləri ilə görüşü o qədər qəmli və kədərli idi ki, dost və düşmənin ağlamasına səbəb oldu.

 

Bu ilk əzadarlıq məclisi idi ki, qətligahda, Seyyidüş-şühədanın pak bədəni yanında bərpa oldu və tarixdə belə qəmli və yanıqlı məclis qurulmamışdır.

 

Bu arada Zeynəbin naləsi daha sarsıdıcı və ürək yandırandır. Zeynəb qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, yüz ah və yanğı ilə ürək səhifəsi açır. O ən isti hiss və duyğularını inkar etməklə yanaşı, özünün təbliğ vəzifəsini də unutmur. özünü və iftixarlı ailəsini, Peyğəmbər, Əli, Fatimə və Həmzəni tanıtdırır və dünyaya bildirir ki, belə bir xanədan heç vaxt zillət qəbul etməz. O böyük qadının qəmli nəğməsini düşmən cəbhəsinin rəsmi yazarı Həmid ibni Müslümün dilindən eşidək: And olsun Allaha, unutmaram ki, Əli qızı Zeynəb ağlayır, dərdli avaz və qəmli qəlblə deyirdi: Ey Məhəmməd! Göyün mələkləri sənə salam göndərir. Bu qanlı və tikə-tikə bədən sənin Hüseynindir. Onun üzvləri bir-birindən ayrılmış və sənin qızların əsir düşmüşlər. Allaha, Məhəmməd-Mustəfaya, Əliyyi-Murtəzayə, Fatimeyi-Zəhra və Həmzə-Seyyüdüş-şühədaya şikayət edirik. Ey Məhəmməd! Bu sənin Hüseynindir, çöldə düşüb. Külək onun bədəninə toz-torpaq səpir. O, zinazadələrin əli ilə öldürülmüşdür. Heyf və əfsus! (Elə bil) bu gün cəddim Rəsulullah vəfat etmişdir. Ey Peyğəmbər dostları! Bunlar Mustəfa övladlarıdırlar ki, əsirlər kimi aparırlar.

 

Ravi deyir: Hamısı öz əzizlərinin müsibətinə elə yanıqlı nalə edir və onlarla dərdləşirdilər ki, Allaha and olsun, dost-düşməni ağlatdılar.

 

 

Ardı burada

 

 

Mənbə: Məhəmməd İştiharidi, "Xanım Zeynəbin (s.ə) həyatı", Tərcümə edən: Vüsal Hüseynzadə və Maqsud Sayil, «Məhdiyyə» nəşriyyatı, 2000

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ