ÜST-nın Avropa üzrə regional direktoru Hans Kluge açıqlama yayıb

İslamazeri.com Sputnik-ə istinadən verdiyi xəbərə görə, Meymunçiçəyi virusuna yoluxanların 90 faizi Avropa regionunda qeydə alınıb.
Bunu ÜST-nın Avropa üzrə regional direktoru Hans Kluge deyib.
Onun sözlərinə görə, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlardır. Onların 99 faizi kişilərdir:
“Xəstələrin təxminən 10 faizi müalicə və təcrid üçün xəstəxanaya yerləşdirilib. Onlardan biri reanimasiya şöbəsindədir”.
Qurum nümayəndəsi bildirib ki, ictimai sağlamlıq üçün davam edən təhlükə və xəstəliyin sürətlə genişlənməsi üzündən ÜST meymunçiçəyi riskini diqqətdə saxlayır:
“Avropada meymunçiçəyi virusuna yoluxanların sayı son iki həftədə üç dəfə artıb və 4500-ü keçib, infeksiyanın yayılmasına qarşı təcili tədbirlər görülməlidir”.
Qeyd edək ki, Azərbaycanda meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
Bu, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolda öz əksini tapıb.
Qeyd olunub ki, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar.
Meymunçiçəyi virusuna yoluxanların əksəriyyəti kişilərdir - ÜST