Naxçıvana PUA düşdü, nə baş verdi? - YENİLƏNİR

Naxçıvana PUA düşdü, nə baş verdi? - YENİLƏNİR
Yayınlanma tarixi: 3/5/2026 8:30:01 PM

Martın 5-də günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

İslamazeri.com xəbər verir ki, bundan sonra Azərbaycan XİN bəyanat yaydı.

Xəbərləri xülasələşdirərək təqdim edirik:

 Azərbaycan XİN rəsmi saytı yazır: “Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.

Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.”

  İran xarici işlər nazirinin müavini Kazim Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.

Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.

Biz əvvəldən bildirmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir.

 İran Qərargahı təkzib edir. Rəsmi Tasnim agentliyi yazır: "İran İslam Respublikası bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşaraq, Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına tərəf pilotsuz uçuş aparatının buraxılması faktını təkzib edir.

Müsəlman ölkələri arasındakı münasibətləri müxtəlif yollarla pozmağa yönəlmiş bu növ addımlar saxta sionist rejimi tərəfindən əvvəllər də dəfələrlə atılmışdır. Aparılan araşdırmalara əsasən məlum olmuşdur ki, bu cür hərəkət həmin rejim tərəfindən İran İslam Respublikasını ittiham etmək məqsədilə həyata keçirilmişdir."

 Azərbaycanın Müdafiə Nazirliyi də məsələyə rəsmi saytında münasibət bildirib: "İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz. 

Texniki vasitələrlə təsbit edilmişdir ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.
Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyəti qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik."

  Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi. Açıqlama verdi:

Prezident.az yazır: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.

Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq."

Bundan sonra Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub. 

 *İranın xarici işlər naziri ölkəsinin Azərbaycanla xoş qonşuluq siyasətini vurğulayaraq bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə bütün sahələrdə münasibətlərin genişlənməsini istəyir. Əraqçı bu gün Naxçıvan Muxtar Respublikasında baş verən partlayışlara toxunaraq, İran tərəfindən Azərbaycan istiqamətinə hər hansı cismin (PUA, mərmj) atılmasını təkzib edib. O qeyd edib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri hazırda bu məsələ ilə bağlı zəruri araşdırma və təhqiqat aparır. Əraqçı xüsusilə bu növ hücumlarda İsrail rejiminin roluna diqqət çəkərək bildirib ki, bu cür hərəkətlər ictimai rəyi yayındırmaq və İranın qonşuları ilə olan yaxşı münasibətlərini pozmaq məqsədi daşıyır. O, son günlərdə buna bənzər digər nümunələrin də müşahidə olunduğunu qeyd edib.  İranın xarici işlər naziri bu hadisə nəticəsində bir neçə Azərbaycan vətəndaşının yaralanmasından təəssüfünü ifadə edib və onlara şəfa diləyib.

*Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.  İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

GÜNÜN MANŞETLERİ