EURO 1,8748 TRY 0,2873
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:19.06.2019 11:15:38

Xaçmaz sakini 10 il ərzində tikib başa gətirdiyi evinə sənəd almadığı üçün ehtiyacı olduğu ünvanlı sosial yardımı (ÜSY) ala bilmədiyini deyir.

Xaçmaz sakini 10 il ərzində tikib başa gətirdiyi evinə sənəd almadığı üçün ehtiyacı olduğu ünvanlı sosial yardımı (ÜSY) ala bilmədiyini deyir.

120 manatlıq 3-cü qrup əlillik pensiyası ilə özü də daxil olmaqla 6 nəfərlik ailəsini dolandıran Vüqar İmanquliyev Azərbaycanda sənədsiz ev problemi olan yüzlərlə vətəndaşdan biridir.

Xaçmaz Rayon İcra Hakimiyyətindən deyirlər ki, vətəndaş evinin sənədlərini düzəltmək üçün dövlət qurumlarına müraciət etməlidir. 

Təhlilçilərə görə, vətəndaşın evinin sənədsiz olması, həm onun özünə, həm də dövlət üçün ziyanlıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı yaxın zamanlarda konsepsiya təqdim edəcəyini bildirib. 

Xaçmazın Müşkür kəndində yaşayan Vüqar İmanquliyevin daimi iş yeri yoxdur, bu da ona övladlarına təhsil verə bilməkdə maneə törədir.

Ailə ünvanlı sosial yardımı almaq üçün bir neçə dəfə müraciət etsə də, buna nail ola bilməyiblər. Səbəb ondan istənilən ev sənədinin olmamasıdır.

Sumqayıt şəhərində qeydiyyatda olan Vüqar İmanquliyev elə bu səbəbdən hazırda yaşadığı əraziyə qeydiyyata düşə bilmir.

Azərbaycan qanunvericiliyinə görə şəxs 6 aydan çox yaşadığı ərazidə qeydiyyata düşməlidir. 

Xaçmaz Rayon İcra hakimiyyətindən deyirlər ki, vətəndaş evin sənədlərini almaq üçün özü Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir.

"Sənədsiz evlərdə yaşayan vətəndaşlar incidilmir", qurumun şöbə müdiri Rafiq Mirzəyev deyir.

Cənab Mirzəyevin sözlərinə görə, vətəndaşın tikdiyi ev qeyri-qanuni deyilsə, məsələnin həlli ola bilər. 

Vüqar İmanquliyev onu da deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Xaçmazdakı nümayəndəliyinə yaxınlaşıb və ünvanlı sosial yardım üçün müraciət edib.

Vüqar İmanquliyev əlavə edir ki, qurumdan ona "Müşkür kəndində kiminsə üstünə qeydiyyata düşməyi və sonra ÜSY üçün müraciət etməyi" təklif ediblər.

ƏƏSMN-dən BBC News Azərbaycancaya deyiblər ki, vətəndaşın sənədlərində hansısa problemi olarsa, bunu sosial yardım sistemi ilə bağlaması düzgün və obyektiv deyil.

"Sosial yardım təyinatı elektron qaydada aparılır, burada məmur-vətəndaş təması sıfıra bərabərdir, elə olan təqdirdə vətəndaşa "Qeydiyyatın yoxdursa, başqasının üstünə qeydiyyata düş və sosial yardım al" tələbinin edilməsi barədə qeyd edilənlərin də əsası yoxdur", nazirlik deyib.

İcra Hakimiyyətinin Müşkür kənd üzrə nümayəndəsi Polad Bədəlov deyir ki, o, Vüqar İmanquliyevin həqiqətən də o kənddə yaşaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz üzrə nümayəndəliyinə təqdim etmək üçün sənəd verə bilər. 

Vüqar İmanquliyev evinin sənədi olmadığı üçün problem yaşayan tək vətəndaş deyil.

Azərbaycanda sənədsiz evlərin sayı qeyri-rəsmi rəqəmlərə görə 500 mindən çoxdur, bunu əmlak məsələləri üzrə mütəxəssis Ramin Osmanov deyir.

Onun sözlərinə görə, bu rəqəmi təkcə Bakı və Abşerona aid etmək olar. "Ümumilikdə Azərbaycanı götürsək bu rəqəm daha da böyüyəcək", o deyir.

Cənab Osmanov sənədsiz ev məsələsini "çox ciddi" problem sayır.

"On minlərlə ailənin bir çox istiqamətdə, mülkiyyət hüquqlarının təminatilə bağlı problem yaşadığını görürük. Vətəndaşlar öz əmlaklarından ölkə qanunvericiliyinin tələblərinə görə müvafiq istifadə edə bilmirlər. Alqı-satqı əməliyyatına cəlb edə, girov qoya, vərəsəlik formasında bağışlaya bilmirlər. Onların əmlakları üzərində sərəncam hüquqları məhduddur", o deyir. 

Ramin Osmanovun sözlərinə görə, dövlət də bu məsələdən iqtisadi baxımdan ciddi ziyan çəkir.

"On minlərlə əmlak qeyri rəsmi qaydada alqı-satqı predmetinə çevrilir və buna görə də dövlətə rüsumlar və xidmət haqları ödənilmir. Proses vergi əməliyyatlarından kənar qalır. Notariat kontorlarında alqı-satqı əməliyyatları aparılmadığına görə Ədliyyə Nazirliyi itirir. Bələdiyyələr bu əmlakları vergiyə cəlb etməkdə ciddi problemlərlə üzləşirlər", o deyir.

Mütəxəssis hesab edir ki, bu vəziyyətdən çıxış yolu kimi ən optimal variant mühafizə zolağına və seysmik zonanın ərazisinə düşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsiylə bağlı qərar qəbul edilməsidir.

"Bütün evlərə sənəd veriləcək"

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, qurum özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır.

"Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcəkdir", məlumatda bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BBC News Azərbaycancaya müsahibəsində "sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ölkə prezidentinin göstərişi olduğunu" deyir.

"Bütün evlərə sənəd veriləcək, amma buna vaxt lazımdır", millət vəkili deyib.


Özbaşına və sənədsiz inşa edilmiş tikililərə sənəd veriləcəkmi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO
    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa edib.
     15.10.2019
    Türkiyədə əməliyyatlar: HDP-li bələdiyyə sədrləri saxlanıldı - FOTO
    Türkiyədə HDP-li 4 bələdiyyə sədri saxlanılıb
     15.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ