1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:18.05.2019 04:52:55

Sovet İttifaqında yaşayan müsəlmanlar üçün Həcc ziyarəti əlçatmaz arzu idi

Həcc hər zaman müsəlman xalqların həyatında böyük əhəmiyyət daşıyıb. Bu mərasim eyni zamanda müsəlman ölkələri arasında canlı əlaqənin yaradılmasına, ideyalar mübadiləsinə və İslam sivilizasiyasının nailəyyətləri ilə tanışlıq imkanı yaradır. Azərbaycan zəvvarları növbəti dəfə müqəddəs məkana - Məkkəyə gedirlər. Həcc mövsümü böyük bir coşqu ilə başlanıb. Hələ iki ay əvvəl Qafqaz Müsəlmanlar İdarəsi rəsmən elan edib ki, müqəddəs ziyarətə təyyarə ilə getmək istəyənlər üçün ayrılmış yer dolub. Hər il bu mənzərə təkrar olunur. Minlərlə azərbaycanlı müsəlman müqəddəs Kəbəni ziyarət edərək hacı titulunu alır.Amma hər zaman belə fürsət ələ düşməyib. SSRİ zamanında Həcc ziyarətinə getmək mömünlər üçün yalnız şirin arzu idi. Sərt ateist ölkəsində Kəbə arzusunu dilə gətirmək dindarlar üçün “KQB”nin sərt yoxlamaları və Kommunist Partiyasının etimad limitinin itirilməsi demək idi. Sovet İttifaqı sosializm yarışının keçici bayraqlarının qırmızı rənglərinə bürünərkən onun tərkibində yaşayan 60 milyonluq müsəlman dünyası dini inanclarında ciddi korrektələr etməyə məcbur olmuşdu.

İlk sovet hacısı titulu qazanmış SSRİ diplomatı...

Müsəlman torpaqlarını işğal edən Rusiya imperiyası əvvələr “müsəlman” məsələsini sadə yolla-onları xristiana çevirmək yolu ilə həll etmək istəyirdi. Odur ki, ilk illərdə Həcc məsələsinin həlli ilə bağlı çox da dərindən maraqlanmırdı. Lakin bir neçə ildən sonra ruslar vəziyyətin ciddiliyini başa düşdülər. Rusiya imperiyasının qanunvericiliyndə Həcc mərasimi ilə bağlı hüquqi akt yalnız 1803-cü ildə peyda oldu. İmperatorun təsdiq etdiyi bu qanun Rusiyanın tabeliyinə keçmiş buxaralılara Həcc ziyarətinə getməyə icazə verirdi.Qeyd edək ki, XIX əsrdə rusiyalı müsəlmanlar Həccə əsasən üç marşrutla gedirdilər. Zaqafqaziya və İranın şimal hissəsindəki Kirmanşah məntəqəsi ilə Türkiyənin sərhəd şəhəri olan Hanəkinə çıxır və Bağdad istiqamətində hərəkət edirdilər. Burada şiələrin müqəddəs yerləri sayılan Qəzvin, Kərbəla və Nəcəfi ziyarət edib Ərəbistanın qumlu səhralarından keçərək Məkkə və Mədinəyə çatırdılar.İkinci yolla gedənlər Özbəkistandakı Səmərqənd və Buxara şəhərlərindən Əfqanıstanın Məzari-Şərif, Kabul, Peşavər məntəqəsinə keçməklə Hindistanın Bombey şəhərinə, oradan da dəniz yolu ilə Ərəbistandakı Ciddəyə çatırdılar. Üçüncü marşrut isə Qara dənizlə İstanbul və Süveyşi keçib Ciddəyə gəlmək, oradan da Məkkəyə getmək idi. Birinci istiqamət üzrə adətən şiə təriqətinə mənsub müsəlmanlar hərəkət edirdilər.1917-ci il oktyabr inqilabına qədərki rus statistik məlumatlarında bu ziyarətçilərin sayının 12-15 min nəfər olduğu qeyd edilir. Bunların heç də hamısı Məkkəyə getmirdi. Böyük bir qrup Kərbəlanı ziyarət etməklə geri qayıdırdı.İkinci marşrut üzrə əsasən Orta Asiyanın müsəlman ziyarətçiləri hərəkət edirdilər. Bu onların adət etdikləri marşrut idi. Üçüncü yolla isə Rusiya himayəsində olan tatarlar, sünnülər və qazaxlar gedirdilər.Çar zamanında Həcc mərasiminin təşkili üçün Rusiyanın Ciddə şəhərində fəaliyyət göstərən konsulluğunun böyük rolu olub. Ciddədə Rusiya İmperiyasının ilk konsulu tatar Şagimurad İbrahimov olub. İbrahimov imperator tərəfindən bu vəzifəyə 1890-cı ildə təyin olunub. Konsulluğun fəaliyyəti Birinci Dünya müharibəsinin başlanmasına qədər davam edib.Diplomatik idarə bir də Sovet hakimiyyəti dövründə fəaliyyətini bərpa edir. 1924-cü ildə Sovet höküməti Hicazla diplomatik əlaqələrini bərpa edir və Ciddədə konsulluq fəaliyyətə başlayır.1926-cı ilin fevralında SSRİ Hicaz krallığının, Nəcd sultanlığını və ona birləşdirilimiş əraziləri müstəqil dövlət kimi tanıyır. Bu dövlətin tanınmasında sovet konsulu olan tatar Kərim Həkimovun böyük rolu olub. 1925-ci ildə Məkkəyə ümrə ziyarətinə gələn Həkimov bununla da ilk sovet hacısı olur. On illik fasilədən sonra, 1927-ci ildə Odessa dəniz limanından ziyarətçiləri müqəddəs ziyarətgaha daşımağa başlayırlar. Bununla da SSRİ-də müsəlmanların Həcc ziyarətinə getməsinə rəsmən imkan yaradılır. Bu proses 30-cu illərə qədər, SSRİ özünün cənub sərhədlərini tam bağlayana qədər davam edir. 20-ci illərin sonlarında vəziyyət gərginləşir. Sovet İttifaqında dinə qarşı başlanan mübarizə özünün ilk beynəlxalq rezonansını verir. 1928-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyəti “özünü müsəlman hesab edən avropalıların” Məkkəyə girişini qadağan edir. Ciddəki sovet konsulluğu bağlanır. Burada fəaliyyət göstərən ikinci sovet konsulu qazax Nazir Turyakulov leqal olaraq Həcc ziyarətini həyata keçirən sonuncu diplomat olur. Turyakulovun israrlı xahişlərindən sonra ona SSRİ Xarici İşlər Komissarlığından Kəbəni ziyarət etmək üçün rəsmi icazə verirlər. Ziyarətdə olarkən digər ölkələrin müsəlman liderləri və dini qurumların nümayəndələri Turyakulovdan Həccə gələn sovet müsəlmanlarının niyə son dərəcə az olması barədə soruşurlar. Ateist rejimli ölkəni təmsil edən kommunist konsul çətin vəziyyətə düşür. Vəziyyətdən çıxmaq üçün diplomat deyir ki, Bosfor və Dardanel boğazları ingilis və fransızların nəzarəti altında olduğu üçün SSRİ-nin müsəlman əhalisini Həccə göndərmək imkanı yoxdur. Bu əslində kommunistlərin təbliğatından başqa br şey deyildi.

Sovet hacılarının kommunizm təbliği

Kommunistlər din təbliğatını qadağan etməklə bu sahənin fəaliyyətini son dərəcə məhdudlaşdırmışdılar. Sovet rəhbərliyi ölkənin müsəlman əhalisinin ətraf müsəlman ölkələrlə təmaslarından ehtiyat edir və burada öz üsul-idarəsinə təhlükə görürdü. Sovet rəhbərləri SSRİ-nin müsəlman xalqları üçün yad ideologiya olan kommunizm quruculuğunu təbliğ etmək və ideoloji buxovları asmaqda İslam dinini ən böyük maneə sayırdılar. Təsadüfi deyil ki, SSRİ-yə rəsmi səfərə gələn müsəlman ölkələrinin rəhbərləri sovet müsəlmanlarının dini ehtiyacalrının təmin olunmasına yönəlik əlverişli təkliflər irəli sürsələr də, bu sovetlər tərəfindən etirazla qarşılanırdı. Məsələn, 1932-ci ildə Səudiyyə əmiri Feysəl ibn Əbdül-Əziz SSRİ-yə rəsmi səfəri zamanı Stalinə SSRİ-dən olan müsəlman ziyarətçilərin sayının 10-15 min nəfərə çatdırmağı təkilf edir. Lakin sovet höküməti bu məsələyə əhəmiyyət vermir. Əksinə, bir neçə ildən sonra, 1938-ci ildə Ciddədəki sovet missiyası geri çağrılır. Bununla da sovet müsəlmanları üçün Həcc qapısı bağlanır.SSRİ-də Həcc ziyarəti bir də 1945-ci ildə bərpa olunur. İkinci Dünya müharibəsindən qalib kimi çıxan Sovet İttifaqı sosializm ideyalarının Yaxın Şərq ölkələrinə ixrac etmək planı ilə əlaqadar müsəlman dünyası ilə münasibətlərinə ciddi korrektələr edir. Avropanın müstəmləkə sistemi altında inləyən Şərqdə sovet təsirinin formalaşdırılması üçün İslam dini faktorundan istifadə edilməsi qərara alınır. 1945-ci ildə SSRİ-də mufti İşan Babaxanovun rəhbərliyi atında bir qrup ziyarətçi Həccə aparılır. Bir sıra araşdırmaçıların rəyinə görə, bu həcc missiyası daha çox müsəlman Şərqində SSRİ-nin mənfi imicinin dağıdılması üçün təşkil edilibmiş. Allahsız rejim kimi dünyada tanınan SSRİ müharibədən sonra başlanmış yeni dünya düzənində həlledici qüvvə olaraq başa düşürdü ki, müsəlman dünyasında imicini dəyişməyincə, bu ölkələrin etimadını qazanmaq xeyli çətin olacaq. İşan Babaxanovun rəhbərlik etdiyi sovet dindar qrupu keçirdiyi görüşlər zamanı Sovet İttifaqında dinlərin təqib olunmadığını və sərbəst inanc rituallarının həyata keçirildiyini bəyan edir.1953-cü ildə sovet vətəndaşlarından ibarət daha bir ziyarət qrupu Məkkəyə yola düşür. Qrupa artıq vəfat etmiş müfti İşan Babaxanvun oğlu Ziyəddin Babaxanov rəhbərlik edirdi. Sovet ziyarətçi qrupu Məkkədə olan zaman Səudiyyə Ərəbistanının kralı Əbdüləziz ibn Səudla görüşür. İsti qarşılanan sovet hacıları orada bir sıra görüşlər keçirir. Həmin il Babaxanov “Əl-Əhzər” unversitetinin rektorundan SSRİ-dən olan tələbələrin oxuması üçün razılıq əldə edir. 

SSRİ vətəndaşı olan azərbaycanlı hacılar

1945-ci ildən 1990-cı ilədək SSRİ-də 900 sovet vətəndaşı Məkkəyə ziyarətə gedib. Sovet İttifaqı 1945-1990-cı illərdə hər il cəmi 25 nəfəri Həccə göndərmək üçün kvota ala bilmişdi. 250 milyonluq əhalinin 60 milyonu müsəlman olan ölkə üçün bu həddən artıq az idi. Məsələn, 1985-ci ilə qədər Dağıstana ayrılan 3-5 yer böyük hadisə sayılsa da, digər tərəfdən hansı region nümayəndələrinin bu ziyarətə getmələri ilə bağlı mübahisələrə yol açırdı. Hər bir şəxs hesab edirdi ki, məhz onun təmsil etdiyi region müqəddəs ziyarətə getməlidir. Bu illər ruhani idarələri üçün çox çətin illər idi.1985-ci ildə SSRİ-də başlanan yenidənqurma siyasəti Həcc mərasiminə getmək üçün müsəlmanlara yeni imkanlar açdı.Sovetlərə qədər Azərbaycandan hər il minlərlə zəvvar Həcc və müqəddəs məkanların ziyarətinə yollanarmış. Sovet işğalı ilə bu sahədə ciddi problemlər meydana gəldi. Araşdırmalara görə, 1925-1928-ci illərdə Azərbaycandan ildə təxminən 500-600 dindar vətəndaş Məkkə, Kərbəla və Məşhəd şəhərlərindəki müqəddəs yerləri ziyarət etməyə gedərdi. 1930-cu illərin ortalarında Azərbaycandan bu yerlərə gedən zəvvarların sayı azalaraq cəmisi 10-15 nəfər təşkil edib. SSRİ-nin son illərinədək bu vəziyyət davam edib. Yalnız SSRİ-nin son dövrlərində dinə münasibətin dəyişməsi, Həcc ziyarətinə olan münasibəti də dəyişir. Artıq dindarlar asudə olaraq ziyarətə getmək imkanı əldə edirlər.Statistik məlumatlara görə, 1990-cı ildə Həcc ziyarətinə getmiş Sovet dindarlarının ümumi sayı 1500 nəfərdən bir qədər artıq olub. Bu ildə Azərbaycandan olan zəvvarların sayı 151 nəfər olub. Məhz həmin ildə Azərbaycan Məkkəyə suveren respublika olaraq ilk zəvvarlarını göndərib. Azərbaycanlı dindarların müqəddəs yerlərə ziyarəti Sovet dövründə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (indiki Qafqaz Müsəlmanları İdarəsi) beynəlxalq şöbəsi vasitəsilə təşkil edilirmiş.

SSRİ-nin dağılması ilə başlanan müstəqillik paradı sovetlərin tərkibində olmuş müsəlman respublikalarına özünün vicdan azadlığını təmin etməyə imkan yaratdı. Azərbaycan da bu sırada öncül yerlərdən birini tutur. Ateist ölkənin keçmiş vətəndaşlarının bu günkü varisləri bəlkə də vaxtilə Həcc ziyarətinin əlçatmaz bir röya olduğunun fərqində deyillər. Lakin reallıq budur ki, ilk sovet hacıları az olmaqla bərabər, siyasi rejimin ciddi təzyiqləri altında yaşayıblar.

Xaqani Səfəroğlu/ İslamazeri.com-un arxivindən


SSRİ-nin Məkkəyə göndərdiyi sovet hacıları: qapalı tarix

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ