Ayətullah Xameneinin müşaviri Əli Şamxani uranın zənginləşdirilməsinin 60%-dən 20%-ə endirilə biləcəyini bildirib. O, ABŞ-ın potensial hücumunun böyük bir böhrana səbəb olacağı və İsraili hədəf alacağı barədə xəbərdarlıq edərək deyib: "Əgər Amerika İrana hücum edərsə, biz mütləq İsrailə hücum edəcəyik. Çünki İran bu iki dövləti ayrı qurum kimi görmür".
İslamazeri.com xəbər verir ki, Şəmxani ölkəsindəki uran zənginləşdirmə fəaliyyətləri və ABŞ ilə mümkün danışıqlarla bağlı deyib: "Uran zənginləşdirmə nisbətini 60%-dən 20%-ə endirmək mümkündür".
Şamxani bu sözləri Hizbullaha yaxın olan Əl-Məyadin televiziya kanalına verib.
O, zənginləşdirilmiş uranın İrandan çıxarılması üçün heç bir səbəb olmadığını bildirib və əlavə edib: "Mürəkkəb prosedurlara ehtiyac yoxdur. Əgər onlar narahatdırlarsa, uranın zənginləşdirmə nisbətini 60%-dən 20%-ə endirmək mümkündür, amma bunun üçün ödəniləcək bir qiymət olacaq".
İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı Şəmxani bildirib ki, "Zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı hələ də məlum deyil, çünki onların bir hissəsi dağıntılar altında qalıb və onun çıxarılması təhlükəli olduğundan, bu istiqamətdə hələlik heç bir cəhd edilməyib".
İranın yalnız ABŞ ilə danışıqlar apardığını və danışıqların mövzusunun nüvə məsələsi olduğunu xatırladan Şəmxani ədalətli əsasda və təhdidlərdən azad şəkildə razılığa gəlməyin mümkün olduğunu bildirib.
ABŞ-ın İrana mümkün hücumu ilə bağlı şərh verən Şəmxani ölkəsinə edilən hər hansı bir hücumun böyük bir böhrana çevriləcəyini bildirib.
Hərbi geyimdə televiziya proqramına çıxan Şəmxani hərbi cəhətdən hazır olmağın müharibəni qəbul etmək demək olduğunu bildirib və deyib: "(Hərbi geyim) Bu, praktik bir mesajdır. Biz hazırıq. Biz istənilən ssenariyə hazırıq. Amerika İrana hücum edərsə, biz mütləq İsrailə hücum edəcəyik. Çünki İran bu iki dövləti ayrı bir qurum kimi görmür".
Şəmxani müharibə ehtimalına baxmayaraq, diplomatiyaya üstünlük verdiklərini və potensial fəlakətlərin qarşısını almağa kömək edəcək ağlabatan və təhdid yaratmayan təkliflərə açıq olduqlarını bildiriblər.