Çin İsrailə yönəlik yeni investisiyaları qadağan edib

Çin İsrailə yönəlik yeni investisiyaları qadağan edib
Yayınlanma tarixi: 2/5/2026 10:10:13 PM

“İsraildə toqquşmalar başladıqdan sonra Çin hökuməti İsraili yüksək riskli bölgə elan edib və ölkədəki bütün yeni Çin investisiyalarını qadağan edib.”

İslamazeri.com xəbər verir ki, Livan sərhədində yerləşən İsrail yaşayış məntəqəsi Hanitada yaşayan sakinlər, Hanita Lenses zavodunun 80 faizinə nəzarət edən Çinin Ballet Vision fonduna qarşı Tel-Əviv Regional Məhkəməsində iddia qaldırıblar.

İddiaçı üzvlər bildirirlər ki, fond onların əlində qalan azlıq paylarını almaq üçün nəzərdə tutulan opsiyadan imtina edib və bu səbəbdən 11 milyon dollar tələb edirlər.

Yedioth Ahronoth qəzetinin xəbərinə görə, məhkəmə işinə əlavə edilən cavab məktubunda Çin fondu İsraildə müharibə başladıqdan sonra Pekin rəhbərliyinin ölkəni “yüksək riskli bölgə” (qırmızı kateqoriya) kimi təsnif etdiyini bildirib.

Fond rəhbərliyi Çin hökumətinin İsrailə yönəlik hər cür yeni investisiyanı qadağan etməsi səbəbindən bu satınalma əməliyyatının hüquqi baxımdan mümkün olmadığını müdafiə edib.

Pekin İsraili qırmızı kateqoriyaya salıb

Ballet Vision direktorunun və zavodun müvəqqəti baş direktoru Liu Yuxiao tərəfindən göndərilən məktubda deyilir:

“İsraildə toqquşmalar başladıqdan sonra Çin hökuməti İsraili yüksək riskli bölgə elan edib və ölkədəki bütün yeni Çin investisiyalarını qadağan edib.”

Yuxiao qeyd edib ki, bu məhdudiyyət qüvvədə qaldığı müddətdə satınalma opsiyonundan istifadə etmək üçün praktiki və əməli imkan mövcud deyil.

Kibbutz üzvləri isə 2021-ci ildə tibbi məqsədli göz daxili linzalar istehsal edən zavodun 74 faizini 35 milyon dollar qarşılığında Ballet Visiona satmışdılar.

Razılaşmanın bir hissəsi olaraq azlıq səhmdarlara, qalan paylarını 2025-ci ilin dekabr ayının əvvəlinə qədər təxminən 11 milyon dollara satmaq hüququ tanınmışdı.

Zavodda idarəetmə böhranı dərinləşir

Hanita yaşayış məntəqəsinin rəhbərliyi bildirib ki, müharibə səbəbilə sərhəd bölgəsində son iki ildə çox çətin bir dövr keçiriblər və sözügedən vəsait xüsusilə yaşlı üzvlərin reabilitasiyası üçün təcili şəkildə lazımdır.

İddiada həmçinin qeyd olunur ki, şirkət artıq tamamilə Çinli sahiblərin nümayəndələri tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunur, direktorlar şurası isə artıq toplanmır. Bu şərtlər altında səhmdar olmağın heç bir mənası qalmayıb.

Çin fondu isə satınalmanın dayandırılmasına səbəb kimi təkcə siyasi qadağaları deyil, eyni zamanda zavodda yaşanan ağır əməliyyat itkilərini də göstərib.

Fondun məlumatına görə, şirkət son üç ildə təxminən 15 milyon dollar əməliyyat zərəri edib və 4 milyon dollar bank borcu ilə üz-üzədir.

Keçən ilin mart ayında baş direktor vəzifəsini üzərinə götürən Yuxiao bildirib ki, şirkəti iflasdan xilas etməyə çalışır və bu il başabaş nöqtəsinə çatmağı hədəfləyirlər. Onun sözlərinə görə, səhm alışı ilə bağlı mübahisələr bu həssas bərpa prosesini təhlükəyə ata bilər.

GÜNÜN MANŞETLERİ