Dəstəmazda ayaqlar yuyulur ya məsh edilir?
Bu sualın olmağı belə bir neçə şübhəyə əsas verir: necə olur ki, Rəsulullah (sallallahu aleyhi və alih) illərlə səhabənin içində namaz qılsın, dəstəmaz alsın, amma onlar arasında bu mövzularda ixtilaf olsun? Minlərlə səhabə var idi, birinə ayağını yu, o birinə məsh et deyilməmişdi ki? Hələ gülməlisi odur ki, Rəsulullahın (s.a.a) ailə üzvləri məsh dediyi halda, yenə də ixtilaf edirlər. Onun dəstəmazını ailəsindən yaxşı kim bilə bilər? Elə Qurani Kərimdə də açıq-aşkar, birbaşa məna "məsh et" mənasındadır. Həm nəhv (sintaksis) qaydalarına əsasən, həm də ayələrinin təfsirini ən yaxşı bilən şəxslərin dediyinə əsasən.
Quranda dəstəmaz ayəsi bu cür nazil olub:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ
"Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. Başınızı və hər iki bəndə qədər ayaqlarınızı məsh edin."
Maidə surəsi, 6-cı ayə
Ya əyyuhəlləzinə aamənuu iza qumtum iləs-səlati fəğsiluu vucuhəkum və əydiyəkum iləl-mərafiq vəmsəhuu biruusikum və ərculəkum iləl kə'abəyn.
Deməli burada iki əmr şəklində fel var. Yuyun və məsh edin. Bizim dildə hərfi tərcümə ilə yazsaq belə olacaq: Yuyun üzünüzü və əllərinizi, məsh edin başınızı və ayaqlarınızı. İndi bəziləri iddia edir ki, Yuyun əmri başdan keçib ayaqlara da aid edilir. Qrammatik cəhətdən nə izah verirsinizsə verin, görək əməldə sübut olunurmu? Əgər Quranı ən yaxşı bilən şəxslər "məsh edin" olaraq deyirlərsə, üstəlik Rəsulullahın (s.a.a) da belə etdiyini deyirlərsə, deməli ayəni ən doğru bilən şəxslər kimi etməliyik.
Əhli-xilaf mənbələrində məsh barədə gələn rəvayətlərdən bəzilər:
Rəsulullah (s.a.a): Sizlərdən heç birinin namazı kamil olmaz, ta ki Allahın əmr etdiyi kimi dəstəmaz alana qədər: üzünü və əllərini dirsəklərə qədər yuyar, başına və ayaqlarına (topuqlara qədər) məsh edər. Sonra Allahu Əkbər deyər, Uca Allahı həmd və tərif edər, sonra Allahın ona icazə verdiyi Qurandan istədiyi qədər oxuyar..."
Sələfi alimi Albani bu hədisi səhih bilir:
Səhih Sünən Əbu Davud, cild 4, səh. 8
Əli (ə): Ayaqlarının altının məsh edilməsini daha doğru hesab edirdim, Rəsulullahın (s.a.a) onların üzərinə məsh etdiyini görənə qədər.
Musnəd, Əhməd ibni Hənbəl, hədis 737
(Bəziləri bu hədisdə guya ayaqqabı, corabı məsh etməyə işarə etdiyini iddia edirlər, amma orada ayaq sözündən başqa bir şey yoxdur. Əli əleyhissalam demək istəyir ki, ayağın altı daha çox çirklənir, əgər təmizlik üçün olsaydı gərək altına məsh çəkərdi. Ancaq məsh təmizlik üçün deyil. Təmizlik istəyən ya dəstəmazdan əvvəl ayaqlarını yusun, qurulasın, sonra dəstəmaz alsın. Ya da əvvəl dəstəmazda məsh etsin, sonra nə qədər istəyir yusun, təki dəstəmaz niyyəti ilə yumasın)
Əli (ə) ilə birlikdə zöhr namazını qıldıq. Sonra oturduğu məclisə getdik. O da oturdu, biz də onun ətrafında oturduq. Nəhayət, əsr namazının vaxtı çatdı. Ona içində su olan bir qab gətirildi. O, ondan bir ovuc su götürdü, ağzını yaxaladı və burnuna su çəkdi. Sonra üzünü, qollarını yudu, başına və ayaqlarına məsh çəkdi. Daha sonra ayağa qalxıb qabda qalan sudan içdi və dedi:
"Bəzi insanlar ayaq üstə su içməyi xoş qarşılamırlar. Halbuki mən Rəsulullahın (s) mənim etdiyim kimi etdiyini gördüm."
"Musnəd", Əhməd ibni Hənbəl, cild 2, səh. 463 (Şueyb əl Arnauta görə hədis səhihdir)
(Diqqət etsəniz Əli əleyhissalam da şiələr kimi gündüz vaxtı ayaqüstə su içməyi caiz bilir)
Rəfaə ibn Rafi'dən, o da atasından nəql edir:
Rəsulullahın (s) yanında oturmuşduq. Bu zaman bir nəfər məscidə daxil oldu və namaz qıldı. Sonra gəlib Rəsulullaha (s) salam verdi. Rəsulullah (s) salamını aldıqdan sonra buyurdu:
"Qayıt və namazını yenidən qıl. Çünki sən namaz qılmamısan."
Bu hadisə iki və ya üç dəfə təkrar olundu. Nəhayət, həmin şəxs dedi:
"Mən bundan yaxşısını bilmirəm. Namazımı mənə öyrət."
Rəsulullah (s) buyurdu:
"Sizlərdən heç birinin namazı Allahın əmr etdiyi kimi dəstəmaz almayınca kamil olmaz. O, üzünü və əllərini dirsəklərə qədər yuyar, başına və ayaqlarına topuqlara qədər məsh çəkər. Sonra 'Allahu Əkbər' deyər, Allaha həmd və tərif edər, Allahın ona icazə verdiyi qədər Qurandan oxuyar. Sonra təkbir deyib rükuya gedər, əllərini dizləri üzərinə qoyar və oynaqları aramlaşana qədər rükuda qalar. Sonra 'Səmiəllahu limən həmidəh' deyərək ayağa qalxar və bütün sümüklər öz yerinə qayıdana qədər düz dayanər. Sonra təkbir deyib səcdəyə gedər, alnını yerə qoyar və oynaqları aramlaşana qədər səcdədə qalar. Sonra təkbir deyib başını qaldırar, oturar və oynaqları aramlaşana qədər oturmuş vəziyyətdə qalar. Sonra yenidən təkbir deyib səcdəyə gedər..."
Daha sonra buyurdu:
"Sizlərdən heç birinin namazı bunu etməyincə kamil olmaz."
Mustədrək aləs-Səhiheyn, Hakim Nişapuri, cild 1, səh. 368
Albani də bu hədisi səhih bilir:
"Səhih Camius-Səğir", 2415-ci hədis.
(Bu hədisdə nə ayaqları yumaq var, nə əlləri bağlamaq var, nə də xalçaya səcdə)
İmam Əli (ə) və əl-Baqir (ə) ayaqlara məsh çəkməyi deyirdilər. Əlidən (ə) bu barədə çoxlu rəvayət gəlib.
"Fiqh əl-Al", Əmin ibni Saleh, səh. 128
İbn Əbu Xeysəmə öz tarixində belə nəql edir: Yəqub ibn Kəb əl-Əştaidən, o da Əta ibn Müslim əl-Xəffafdan, o da Əla ibn Müsəyyibdən nəql edir ki, dedi:
Məhəmməd ibn Əlidən (İmam Baqirdən) ayaqlara məsh etmək haqqında soruşdum. O buyurdu:
"Əli (ə) ayaqlara məsh edirdi. O, sizin dininizi sizdən daha yaxşı bilirdi və Quranı sizdən daha yaxşı oxuyurdu."
"Əvnul-Məbud" kitabının müəllifi:
Əbu Davudun şərhi olan Əvnul-Məbud (1/119)-da Nəvəvinin sözünü nəql etdikdən sonra deyir:
"əl-Mütəvəssit" kitabında belə deyilir: Bu məsələdə mübahisə var. İbn Münzir bəzi şafiilərdən və İkrimədən ayaqlara məsh etməyi nəql etmişdir. Həmçinin, səhih sənədlərlə Əli, İbn Abbas, Həsən, Şəbi və başqalarından da bu görüş nəql olunmuş və bunun üzərində bir qrupun icması sabit olmuşdur.
İmam İbn Qudamə əl-Muğni (1/150)-də yazır:
"Ayaqların yuyulması əksər alimlərin görüşünə görə vacibdir."
Sonra Əbdürrəhman ibn Əbu Leyladan belə nəql edir:
"Peyğəmbərin (s) bütün səhabələri ayaqların yuyulması görüşündə idilər."
Lakin daha sonra İmam Əlidən (ə) belə bir rəvayət də nəql olunur:
"O, nəleynin üzərinə məsh etdi. Sonra məscidə daxil oldu, nəleynini çıxardı və namaz qıldı."
Burada incə bir məsələ var. Ərəblərin geyindiyi nəleyn, bizim indi "vyetnamka" adlandırdığımız, barmağın arasına keçirilən ipli ayaqqabı növüdür. Orada ayağın üstün onsuz da açıq olur və məsh etmiş sayılırsan.
İmam İbn Həzm əl-Mühəlla (2/56, məsələ 200)-də yazır:
Ayaqlara məsh edilməsini sələfdən bir qrup qəbul etmişdir. Onlardan:
Əli ibn Əbu Talib, İbn Abbas, Həsən, İkrimə, Şəbi və başqaları. Bu, həmçinin Təbərinin də görüşüdür. O, bu barədə bir sıra rəvayətlər nəql etmişdir.
İmam Baqir (əleyhissalam):
İbn Cərir onun dəstəmaz ayəsinin təfsiri haqqında iki rəvayət nəql etmişdir:
Birinci rəvayət:
İmam buyurdu:
"Başına və ayaqlarına məsh çək."
İkinci rəvayət:
İmam buyurdu:
"Allah sizə ayaqlara məsh etməyi əmr etmişdir."
İbni Cərir Təbəri, Camiul-Bəyan, Maidə surəsinin təfsiri
İmam Fəxrəddin ər-Razi
O, Təfsir əl-Kəbirdə (5/487, 38-ci məsələ) yazır:
"İnsanlar ayaqların məsh edilməsi və ya yuyulması barədə ixtilaf etmişlər."
Sonra əlavə edir:
"Qəffal İbn Abbas, Ənəs ibn Malik, İkrimə, Şəbi və Əbu Cəfər Məhəmməd ibn Əli əl-Baqirdən nəql etmişdir ki, ayaqlarda vacib olan məshdir. Bu da İmamiyyə şiələrinin məzhəbidir."
Müəllif qeyd edir ki, bu məzmun İbn Əbu Xeysəmənin rəvayətində də yaxın şəkildə nəql olunmuşdur.
İbn Sədin "ət-Təbəqat əl-Kübra" əsərindən bir rəvayət nəql edir:
İbn Hənəfiyyə deyir: Mən Ənəs ibn Maliki gördüm. Dəstəmaz almaq istədi, ayaqqabılarını çıxardı və ayaqlarına məsh çəkdi.
Əbdürrəzzaqın "əl-Müsənnəf" əsərində (1/90, hədis 54) gələn rəvayətdir. Mə'mər, Qətadədən, o da Cubeyr ibn Nüfeyrdən nəql edir ki, İkrimə belə demişdir:
"İbn Abbas dedi: Quranda iki yuma və iki məsh vardır."
Sonra İkrimə əlavə edir:
"Mütərrif əl-Vərraq ayaqlara məsh etməyi qəbul edənlərdən idi."
Buna görə də Qəffal demişdir:
"Ayaqlara məsh edilməsini qəbul edən fəqihlər çox olmuşdur."
Müəllif daha sonra yazır:
Sələfdən olan bir qrup alim Allahın Kitabında yalnız məshin vacib olduğuna inanmışdır.
Onlardan biri İbn Abbasdır.
İbn Əbu Şeybə əl-Müsənnəfdə (1/27, hədis 199) nəql edir:
ər-Rəbi binti Muəvviz deyir:
İbn Abbas mənə dedi:
"Sən Peyğəmbərin (s) ayaqlarını yuduğunu gördüyünü söylədiyin hədisi mənə danış."
Mən hədisi ona danışdım.
İbn Abbas dedi:
"İnsanlar yalnız ayaqların yuyulmasını qəbul etmişlər. Halbuki Allahın Kitabında məshdən başqa bir şey yoxdur."
İbn Əbu Şeybə əl-Müsənnəfdə (1/26, hədis 184) nəql edir:
Şəbi demişdir:
"Cəbrail (ə) ayaqlara məsh hökmünü nazil etmişdir."
İbn Həzm, əl-Mühəlla (2/56,) - da yazır:
"Ayaqlar barədə hökm məshdir. Çünki Quran məsh hökmü ilə nazil olmuşdur."
Sonra Allahın bu ayəsini zikr edir:
"...başlarınıza və ayaqlarınıza məsh edin..." (Maidə, 6)
və deyir:
İstər "ərculikum" sözü kəsrə ilə, istərsə də fəthə ilə oxunsun, hər iki halda o, "ruusikum" (başlarınıza) sözünə bağlanır. Bu bağlanma ya söz baxımından, ya da məna baxımındandır. Bundan başqa bir ehtimal ərəb dili qaydalarına uyğun deyildir. Çünki ərəb qrammatikasına görə atf olunan sözlə atf edildiyi söz arasında yad bir ifadənin girməsi caiz deyildir.
əl-Amidi də ayənin ayaqların yuyulmasına dəlalət etdiyini söyləməyi uzaq ehtimal hesab etmişdir.
O, əl-İhkam (1/68–70, səkkizinci məsələ)-də yazır:
"Ayənin ayaqların yuyulmasının vacibliyinə dəlalət etdiyini söyləmək ən uzaq yozumlardandır."
Çünki ayənin zahiri mənası başlarla ayaqların birlikdə zikr edilməsinə görə məshə dəlalət edir. Bu zahiri mənadan çıxmaq üçün güclü dəlil lazımdır.
əl-Amidiyə qarşı irad tutulmuş və hətta onun namazı tərk etməklə ittiham edildiyi də nəql olunmuşdur.
Zəhəbi Siyəru Ə'lamin-Nübəla əsərində onun haqqında belə yazır:
Qazi Təqiyyuddin Süleyman ibn Həmzə öz müəllimi İbn Əbu Ümərdən nəql edirdi:
"Biz onun namaz qılıb-qılmadığı barədə şübhəyə düşdük. Nəhayət, damdan onu müşahidə etdik və iki gün ərzində onun dəstəmaz aldığını gördük. Beləliklə, onun namaz qıldığı məlum oldu. Allahdan dinimizdə salamatlıq diləyirik."
Bu ittiham əsassızdır. Çünki əl-Amidinin görüşünə görə dəstəmazda ayaqlara məsh etmək kifayətdir və onları yumaq vacib deyildir.
Daha sonra müəllif Əbu Bəkr əl-İsfahani haqqında danışır və qeyd edir ki, Zəhəbi əvvəlcə onu tənqid etsə də, sonradan belə bir hadisə nəql edir:
Hakim demişdir:
"Mən üç gün onun yanında qaldım və gördüm ki, o, ayaqlarını yumaq əvəzinə onlara məsh edirdi."
Musanın (Ənəsin oğlu) babası Ənəsdən belə nəql etdiyi rəvayət olunur:
"Ey Əbu Həmzə! Həccac Əhvazda bizə xütbə oxudu. Dəstəmazdan danışdı və dedi:
"Üzünüzü yuyun, əllərinizi yuyun, başınızı məsh edin, ayaqlarınızı da (yuyun). Şübhəsiz ki, ayaqlar insanın çirkə ən yaxın üzvüdür. Buna görə də onların altını, üstünü və topuqlarını yuyun."
Bunun üzərinə Ənəs dedi:
"Allah doğru buyurmuşdur, Həccac isə yalan demişdir. Allah-Təala belə buyurur: 'Başlarınızı və ayaqlarınızı məsh edin.'"
Musa deyir:
"Ancaq Ənəs ayaqlarına məsh edərkən onları isladardı."
Asim əl-Əhvəl də Ənəsdən belə nəql etmişdir:
"Quran ayaqlara məsh edilməsini nazil etmişdir, sünnə isə onların yuyulmasını göstərmişdir."
Muğirə isə Şəbidən belə rəvayət etmişdir:
"Allah-Təala dəstəmazda yuyulmasını əmr etdiyi üzvlərin (üz və əllərin) təyəmmümdə məsh edilməsini əmr etmiş, dəstəmazda məsh edilməsini əmr etdiyi iki üzvün (baş və ayaqların) isə təyəmmümdə tərk edilməsini bəyan etmişdir."
Həccac təharət (haqqında) demişdir: "Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başlarınıza məsh çəkin və ayaqlarınızı (yuyun)." Həqiqətən, Adəm oğlundan heç bir şey onun murdarlığına ayaqlarından daha yaxın deyildir. Ona görə də onların altını, üstünü və topuqlarını yuyun — dedi. Ənəs dedi: Allah doğru söylədi, Həccac isə yalan söylədi. Allah buyurmuşdur: "Başlarınıza məsh çəkin və ayaqlarınızı (yuyun)." Dedi: Ənəs ayaqlarına məsh çəkdiyi zaman onları islatardı.
(Sonra öz sənədi ilə yenə Asim əl-Əhvəldən, o da Ənəsdən rəvayət edir ki, o demişdir: Quran məsh (çəkmək) ilə nazil oldu, sünnə isə yumaqdır.)
(Yenə öz sənədi ilə Həccacın rəvayətini başqa bir ifadə ilə — Humeyddən, o da Musa ibn Ənəsdən nəql edir ki, dedi: Həccac xütbə oxuyub dedi: Üzünüzü, əllərinizi və ayaqlarınızı, onların altını, üstünü və topuqlarını yuyun, çünki bu, sizin murdarlığınıza daha yaxındır. Ənəs dedi: Allah doğru söylədi, Həccac isə yalan söylədi. Allah buyurmuşdur: "…başlarınıza və topuqlara qədər ayaqlarınıza (məsh çəkin)".)
Yenə öz sənədi ilə İkrimədən nəql edir ki, o demişdir: Ayaqların üstünə yumaq (vacib) deyildir, onlar barəsində ancaq məsh (əmri) nazil olmuşdur. Və İmam Baqirdən (ə.s) öz sənədi ilə məshi təsdiq edən bir rəvayət qeyd edir — Cabirdən, o da Əbu Cəfərdən nəql edərək demişdir ki, o buyurmuşdur: «Başına və ayaqlarına məsh çək».
Öz sənədi ilə Şəbidən nəql edir ki, o demişdir: Cəbrail məsh ilə nazil oldu. Sonra Şəbi dedi: Görmürsənmi ki, təyəmmüm yumaq olan şeyə məsh çəkir və məsh olan şeyi isə ləğv edir?
Şəbidən rəvayət olunur ki, dedi: Yumaq əmr olunan şeydə təyəmmüm (etmək) əmr olunmuşdur.
Şəbidən rəvayət olunur ki, o demişdir: Ayaqların üstünə ancaq məsh (çəkilir); görmürsənmi ki, (təyəmmümdə) yumaq vacib olan şey(lər)ə məsh qoyulmuş, məsh vacib olan şey isə (yenə) məsh üçün münasib olmuşdur?
Amirdən (Şəbidən) rəvayət olunur ki, o demişdir: Dəstəmazda başa və iki ayağa məsh çəkmək əmr olunmuşdur.
Şəbidən rəvayət olunur ki, dedi: Təyəmmümdə torpaqla məsh çəkmək əmr olunan şey suyla yumaq əmr olunan şeydir, suyla məsh çəkmək əmr olunan şey isə (təyəmmümdə) tərk edilmişdir.
İsmaildən rəvayət olunur ki, dedi: Amirə dedim: Bəzi insanlar deyirlər ki, Cəbrail (ə.s) ayaqları yumaqla nazil olmuşdur. Dedi: Cəbrail məsh ilə nazil olmuşdur.
Yunusdan rəvayət olunur ki, dedi: Mənə İkrimə ilə Vasitə qədər yoldaşlıq edən şəxs danışdı ki: Mən onun ayaqlarını yuduğunu görmədim, o, oradan çıxana qədər ancaq onların üstünə məsh çəkərdi.
Öz sənədi ilə Qatadədən onun sözünü nəql edir: "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başlarınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun)." Allah iki yuma və iki məsh (əməlini) fərz etmişdir.
Öz sənədi ilə Ələqəmədən nəql edir ki, o "وأرجلكم" (kəlməsini) lam hərfi məcrur (kəsrəli) oxumuşdur.
"Camiul-bəyan", Təbəri, Maidə surəsi 6-cı ayənin təfsiri
Şöbə rəvayət etdi və dedi: Əbdülməlik bin Məysərə mənə belə dedi: Nəzzal bin Səbərənin belə dediyini eşitdim: “Əli – Allah ondan razı olsun – məsciddə zöhr namazın qıldı. Sonra əyləşib insanların problemləri ilə məşğul oldu. Ta ki, əsr vaxtı gəldi. Sonra ona bardaqda su gətirdilər. Həmin sudan ovcuna töküb üzünü və əllərini yudu. Başına və ayaqlarına məsh çəkdi”.
Müsnəd Əbu Davud Təyalisi, c. 1, səh. 125, hədis 141
Adəm bizə rəvayət edərək dedi: Şöbə bizə rəvayət edərək dedi: Əbdülməlik bin Məysərə bizə rəvayət edərək dedi: Nəzzal bin Səbərənin Əlidən – Allah ondan razı olsun – belə nəql etdiyini eşitdim: “O, Kufə məscidində zöhr namazın qıldı. Sonra məsciddə əyləşib insanların problemləri ilə məşğul olmağa başladı. Ta ki, əsr namazının vaxtı yetişdi. Sonra ona su gətirdilər. Sudan bir az içdi, üzünü və əllərini yudu. Başını və ayaqlarını zikr etdi...”
Səhih Buxari, c.4, s.245, hədis 5616
Gördüyünüz kimi, Buxari yenə öz "təhrif qayçısını" işə salıb. Dəstəmazda başı və ayaqları zikr etdi nə deməkdi?Səhih Buxaridən daha öncə yazılmış kitabda məsh gəldiyi halda, Buxari bunu niyə gizlədir?
Səbəbi budur:
Ənəs ibni Malikin rəvayətində dediyimiz kimi, Həccac kimi Əməvi zalımları dini öz keflərinə uyğun dəyişdirdilər. Hətta ayəni də gördüyünüz kimi səhv oxuyur. Bu yeganə hal deyildi./ Mahdi.az