Ayətullah Məkarim Şirazi yeniyetmə və gənclərə müraciət edərək vurğulayıb ki, qarışıqlıq və iğtişaşlar heç bir problemi həll etmir.
İslamazeri.com xəbər verir ki, mərcə təqlid Ayətullah Məkarim Şirazi iranlılara müraciət edib.
O bildirib ki, bazardakı vəziyyət və insanların yaşayış problemlərinin mövcudluğu hər kəsi narahat edir. Lakin cəmiyyətin bütün təbəqələri, xüsusilə də ziyalılar diqqətli olmalıdırlar ki, bu haqlı etirazlar sui-istifadə üçün zəminə çevrilməsin.
O, geniş ictimaiyyətə, xüsusilə yeniyetmə və gənclərə müraciət edərək vurğulayıb ki, qarışıqlıq və iğtişaşlar heç bir problemi həll etmir.
Ayətullah Məkarim Şirazi deyib:
“Əziz övladlarım! Qoymayın düşmən amilləri sizin haqlı tələblərinizdən istifadə etsinlər, bunu bəhanə edərək müqəddəslərə təhqir etsin, ictimai əmlakı, ümumi məkanları və məscidləri dağıtsınlar, hətta insanların şəxsi mülkiyyətinə və toxunulmazlığına zərər vursunlar. Siz öz yolunuzu onlardan ayırmalısınız.”
O əlavə edib ki, hamı birlikdə təhlükəsizliyi qoruyan qüvvələrə kömək etməlidir ki, cəmiyyətdə tam sakitlik və asayiş bərpa olunsun. Ayətullah Məkarim Şirazi Suriya, Liviya və oxşar ölkələri nümunə göstərərək qeyd edib ki, bu ölkələr necə həm öz izzətini, həm də təhlükəsizliyini itirib və xarici düşmənlərin nəzarəti altına düşüblər.
Onun sözlərinə görə, bu qüvvələr xalqların qayğısına qalan deyil, əksinə həmin torpaqlara zərbə vurmaq və onların sərvətlərini ələ keçirmək niyyətindədirlər.