Prezident İlham Əliyev yanvarın 13-də Tərtər Elektromexanika Zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
İslamazeri.com xəbər verir ki, açılış mərasimində dövlət başçısı zavodun həyətində ucaldılmış Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Müdafiə sənayesi naziri Vüqar Mustafayev müəssisədə yaradılan yeni istehsal imkanları barədə məlumat verib.
Bildirilib ki, 1976-cı ildə yaradılan zavod yenidənqurma işlərindən sonra müasir texnoloji avadanlıqlarla təchiz edilib və burada müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal olunacaq. Müəssisədə istehsal prosesləri milli və beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılır, keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Zavod ərazisində yeni istehsal binaları inşa edilib, mövcud tikililər yenilənib, ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar qurulub.
Qeyd edək ki, son illər Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir. Ötən il ölkədə 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal olunub və bu məhsulların bir hissəsi ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi məhsul ixrac edir.