İran: Hörmüz boğazı bir daha heç vaxt əvvəlki kimi olmayacaq
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazının, xüsusən də ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.
Bu barədə dəniz komandanlığının sosial media hesabında məlumat verilib.
Bəyanatda deyilirdi: "Hörmüz boğazı, xüsusən də ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq".
İran rəsmilərinin bildirdiyinə görə, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri "Fars körfəzi üçün yeni qayda" layihəsi üçün əməliyyat hazırlıqlarını başa çatdırmaq üzrədir.
Daha əvvəl bildirilmişdi ki, Hörmüz boğazından keçid üçün rüsumlar təklif edən qanun layihəsi 31 martda İran Parlamentində Milli Təhlükəsizlik Komissiyasından keçib.
Qanun layihəsinə "maliyyə qaydaları və ölkənin milli valyutası riala əsaslanan tranzit haqlarının tətbiqi; ABŞ və İsrailə tranzitin qadağan edilməsi; İrana qarşı birtərəfli sanksiyalarda iştirak edən ölkələrin qadağan edilməsi; İranın suveren rolunun və silahlı qüvvələrinin səlahiyyətlərinin həyata keçirilməsi; boğazların və dəniz nəqliyyatının təhlükəsizliyi; ətraf mühit məsələləri; və Omanla hüquqi əməkdaşlıq" kimi müddəalar daxil edilib.