İnqilab Keşikçiləri İordaniya xalqını "ABŞ hərbi bazalarının bölgədən çıxarılmasını tələb etməyə" çağırış edib
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu gün İordaniyadakı hərbi hava bazasında yerləşən ABŞ qüvvələrinə məxsus obyektləri və mühüm bir hərbi məntəqəni ballistik raketlərlə hədəf aldığını bəyan edib.
İnqilab Keşikçiləri 9 nömrəli bəyanatında İordaniya xalqına müraciət edərək bu ifadələri işlədib:
"Ölkənizə qarşı hər hansı bir düşmənçilik bəsləmədiyimizi, əksinə, sizə qarşı böyük sevgi və hörmət bəslədiyimizi çox yaxşı bilirsiniz. Fələstin xalqının çəkdiyi əzabların da fərqindəsiniz."
Bəyanatda həmçinin vurğulanıb:
"İordaniya xalqı İsrail rejiminin Qəzza zolağında törətdiyi və ABŞ-nin birbaşa müdaxiləsi ilə həyata keçirilən cinayətləri digər bütün xalqlardan daha yaxşı bilir."
İnqilab Keşikçiləri İordaniya xalqını "ABŞ hərbi bazalarının bölgədən çıxarılmasını tələb etməyə" çağıraraq, bunun "Fələstin xalqının xilas edilməsinə böyük dəstək verəcəyini, həmçinin regionda təhlükəsizlik və sabitliyin yenidən bərqərar olunmasına töhfə verəcəyini" qeyd edib.
SEPAH bu gün səhər saatlarında da "Nəsr 2" əməliyyatının ikinci dalğası çərçivəsində Bəhreyndəki bir sıra ABŞ hərbi obyektlərini hədəf aldığını elan etmişdi.
Açıqlamada İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələri döyüşçülərinin raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Cufeyr bazasındakı silah təminatı anbarlarını, peyk rabitə mərkəzini və ABŞ hərbçilərinin qaldığı binanı hədəf aldığı, sözügedən hədəflərin isə məhv edildiyi bildirilib.
Əməliyyatın, ABŞ-nin Hörmüz boğazındakı məğlubiyyətindən sonra İranın cənub bölgələrindəki sahil stansiyalarına və bəzi hərbi mərkəzlərə təşkil etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi ifadə edilib.
İnqilab Keşikçiləri digər bir bəyanatda isə Hörmüz Boğazı Təhlükəsizlik Nəzarət Mərkəzinin xəbərdarlıqlarına məhəl qoymayan və minalanmış marşrutla hərəkət edən iki nəhəng neft tankerinin vurularaq sıradan çıxarıldığını elan edib.
Açıqlamada tankerlərin naviqasiya sistemlərini söndürərək qanunsuz marşrutla keçməyə çalışdıqdan sonra "ABŞ tərəfindən aldadıldığı" və bu cəhdin dəniz hərəkətini təhlükə altına saldığı qeyd olunub.