İranda cari ilin yanvar ayındakı iğtişaşlar zamanı Mossad ilə əməkdaşlıqda və terror xarakterli əməllərdə ittiham olunan şəxs edam edilib.
İslamazeri.com xəbər verir ki, İranın Məhkəmə Hakimiyyəti 1404-cü ilin yanvar ayında baş vermiş iğtişaşlarda iştirak edən və Mossad kəşfiyyat şəbəkəsi ilə əməkdaşlıqda təqsirli bilinən Əmirəli Mircəfərinin bu gün səhər saatlarında edam edildiyini açıqlayıb.
Məhkəmənin rəsmi məlumatına görə, Məhəmmədrza oğlu Əmirəli Mircəfəri ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, o cümlədən Qolhək Came məscidinin yandırılması, polis qüvvələrinə hücum, ictimai əmlakın məhv edilməsi və iğtişaşların təşkili ittihamları ilə ölüm cəzasına məhkum edilmişdi. Ali Məhkəmə tərəfindən təsdiqlənən hökm bu gün çərşənbə axşamı icra olunub.
İstintaq materiallarında təqsirləndirilən şəxsin 18-19 yanvar tarixlərində Mirdamad və Dövlət küçələrində kütləvi iğtişaşlara rəhbərlik etdiyi, yanıcı maddələrdən və soyuq silahlardan istifadə etdiyi qeyd olunur. Onun təqsiri kamera görüntüləri, mobil telefondakı sübutlar və şəxsi etirafları ilə təsdiqlənib.
Eyni zamanda, həmin iğtişaşlarla bağlı ölkənin müxtəlif bölgələrində aparılan araşdırmalar nəticəsində daha 22 nəfər düşmən qüvvələrlə əməkdaşlıq ittihamı ilə həbs cəzasına məhkum edilib. Məhkəmənin qərarına əsasən, bu şəxslərdən 8-i 10 ildən çox, 14-ü isə 10 ildən az müddətə azadlıqdan məhrum edilib.