"İran limanlarının təhlükəsizliyi təhdid altında olarsa, bölgədəki heç bir liman təhlükəsiz olmayacaq"
İslamazeri.com xəbər verir ki, İran Silahlı Qüvvələri daxilində döyüş idarəetməsindən məsul olan Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü podpolkovnik İbrahim Zülfiqari ABŞ prezidenti Donald Trampın "dəniz blokadası" ilə bağlı təhdidləri ilə bağlı açıqlamalar verib.
Zülfiqari İranın "ərazi sularında təhlükəsizliyi qətiyyətlə təmin etməyə davam edəcəyini" bildirib və əlavə edib ki, ABŞ-İsrail əlaqəli gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək, digər gəmilər isə bunu Silahlı Qüvvələr ilə əlaqələndirilmiş şəkildə edə bilərlər.
ABŞ-ın beynəlxalq sularda İran gəmilərinə qarşı müdaxilə qərarını "qanunsuz hərəkət və piratçılığın əlaməti" kimi xarakterizə edən Zülfiqari deyib: "İran Silahlı Qüvvələri birmənalı şəkildə bəyan edir ki, Fars körfəzi və Oman körfəzindəki limanların təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün deyil. Fars körfəzi və Oman körfəzindəki İran limanlarının təhlükəsizliyi təhdid altında olarsa, bölgədəki heç bir liman təhlükəsiz olmayacaq".