Türkiyə XİN rəhbəri Hakan Fidan: Türkiyə İrandakı prosesləri yaxından izləyir, hərbi müdaxiləyə qarşıyıq
İslamazeri.com-un xəbərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən illik qiymətləndirmə toplantısında çıxış edərək bildirib ki, Ankara İrandakı inkişafları yaxından izləyir və problemlərin diplomatik yollarla həlli üçün səylərini davam etdirəcək.
Nazir vurğulayıb ki, Türkiyə İrana qarşı hərbi müdaxiləyə qarşıdır və ölkə daxilindəki məsələlər iranlılar tərəfindən həll edilməlidir.
Hakan Fidan çıxışında Qəzzada yaşananları 2025-ci ilin beynəlxalq hüquq və humanitar dəyərlər baxımından ən ağır gündəm mövzusu adlandırıb. O qeyd edib ki, mövcud qlobal idarəetmə modeli bu sınaq qarşısında uğursuz olub və qarşıdakı dövrdə atəşkəsin davamlı sülhə çevrilməsi əsas hədəf olmalıdır.
Nazir Rusiya–Ukrayna müharibəsinin transatlantik münasibətlərdə köklü müzakirələrə yol açdığını, Türkiyənin isə sülhün təmin olunması üçün intensiv səylər göstərdiyini bildirib. Avropa təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin uzun müddət gündəmdə qalacağını vurğulayıb.
İran məsələsinə toxunan Fidan deyib ki, regional sabitlik və təhlükəsizlik Türkiyənin əsas prioritetidir. Onun sözlərinə görə, İrana qarşı hərbi gücdən istifadə qəbuledilməzdir və problemlər diplomatik vasitələrlə həll olunmalıdır. Nazir İranın uzun illər sanksiyalara məruz qalmasının və bölgədəki siyasi uyğunsuzluqların davam edən problemlərdən olduğunu xatırladıb.
Türkiyənin İranla tarixi və dostluq münasibətlərinə diqqət çəkən Hakan Fidan bildirib ki, İranda baş verən hər bir hadisə Türkiyəni birbaşa maraqlandırır. O, İranın əsas beynəlxalq aktorlarla problemlərini həll etməsinin Türkiyənin də maraqlarına uyğun olduğunu qeyd edib.
Nazir, ABŞ ilə İran arasında gərginliyin yenidən hərbi toqquşmaya çevrilməsinin arzuolunmaz olduğunu bildirərək, tərəflərin bu məsələləri ya vasitəçilər, ya da birbaşa dialoq yolu ilə həll edəcəyinə ümidvar olduğunu deyib.