İrandan Fars körfəzi ölkələrinə xəbərdarlıq: Yalandırsa rəsmi formada təkzib edin
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü, CENTCOM komandirinin açıqlamalarına istinad edərək, Körfəz Əməkdaşlıq Şurasının beş üzv dövləti və İordaniyadan ABŞ-ın İrana hücumda iştirak etdikləri iddiasını rəsmi olaraq təkzib etmələrini tələb edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial mediada ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandirinin açıqlamalarını ehtiva edən bir video paylaşıb və diqqətəlayiq açıqlamalar verib.
Bəqayi, CENTCOM komandiri Bred Kuperin Körfəz Əməkdaşlıq Şurasının beş üzv dövləti və İordaniyanın ABŞ-ın İrana hərbi hücumunda iştirak etdiyini açıq şəkildə iddia etdiyini bildirib və əlavə edib: "Əgər ABŞ-ın bu iddiası doğru deyilsə, yuxarıda adı çəkilən hökumətlər bunu rəsmi və açıq şəkildə təkzib etməlidirlər".
Bəqayi, İranın özünümüdafiə hüququ çərçivəsində bu ölkələrdəki ABŞ hərbi bazalarını və logistika elementlərini hədəf aldığı təqdirdə, "İran bunu niyə etdi?" sualının heç bir hüquqi və ya siyasi əsası olmayacağını iddia edərək, bunun hücuma verilən dəstəyin təbii nəticəsi olduğunu bildirib.
Bəqayi həmçinin regiondakı qeyri-sabitlik və münaqişələrin əsas səbəbinin ABŞ və İsrailin İrana qarşı hərbi hücumları olduğunu bildirib və əlavə edib ki, hərbi əməliyyatlar üçün bəhanə yaratmaqla bu hücumlara töhfə vermək BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən təcavüz aktı hesab olunur və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini və mehriban qonşuluq prinsipini pozur.
İran sözçüsü vurğulayıb ki, İranın özünümüdafiəsi yalnız öz təhlükəsizliyini təmin etmək deyil, həm də bütün regionda təhlükəsizlik və sabitliyi bərpa etmək məqsədi daşıyır.