ABŞ rəsmiləri İran raketinin Vaşinqtonun Küveytdəki hərbi bazasına vurduğu zərbəni təkzib etdiyi bir vaxtda, beynəlxalq "Bloomberg" xəbər agentliyi sözügedən hücum nəticəsində 5 amerikalı hərbçinin yaralandığını bəyan edib.
İslamazeri.com-un məlumatına görə, "Bloomberg" öz hesabatında yazır: "Cümə axşamı sübh tezdən İranın ballistik raketi ilə bir hərbi hava bazasına edilən hücum bir neçə amerikalının yaralanmasına və iki ədəd 'MQ-9 Reaper' tipli zərbə pilotsuz uçuş aparatına (PUA) ciddi ziyan dəyməsinə səbəb olub."
"Bloomberg" birbaşa hadisədən məlumatlı olan etibarlı mənbəyə istinadən qeyd edib ki, hücum zamanı podratçılar və xidmətdə olan hərbçilər də daxil olmaqla təxminən beş nəfər yaralanıb. Həmçinin, bir ədəd "Reaper" PUA-sı tamamilə məhv edilib, ən azı daha biri isə ağır xəsarət alıb. Bu PUA-ların hər birinin dəyəri təxminən 30 milyon dollarla qiymətləndirilir.
Sözügedən mənbə "Bloomberg"ə müsahibəsində iddia edib ki, Küveytin hava hücumundan müdafiə sistemləri İranın "Fateh-110" raketini vura bilib, lakin raketin qalıqları zərərsizləşdirildikdən sonra "Əli əs-Səlim" hərbi hava bazasına düşüb.
"Mehr" agentliyi isə bildirir ki, hərbi ekspertlər mənbənin raket qalıqlarının düşməsi ilə bağlı iddiasını rədd edirlər. Çünki sadə raket qalıqlarının düşməsi PUA-ların saxlanıldığı möhkəmləndirilmiş anqarların və ABŞ-ın nüfuzedilməz hərbi bazalarının bu dərəcədə dağılmasına və məhvinə səbəb ola bilməz.
SEPAH-ın rəsmi bəyanatı
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı səhər saatlarında yaydığı bəyanatda ABŞ-ın hücumuna və atəşkəsin pozulmasına cavab olaraq bu ölkənin hərbi hava bazasını hədəf aldığını təsdiqləyib.
SEPAH-ın bəyanatında deyilir: "ABŞ ordusunun bu gün, cümə axşamı sübh tezdən Bəndər-Abbas hava limanının kənarına hava zərbələri endirməsinə cavab olaraq, təcavüzün başladığı ABŞ hərbi hava bazası saat 04:50-də hədəfə alınmışdır."
SEPAH, həmçinin bu hücumu "ciddi xəbərdarlıq" kimi xarakterizə edib və xəbərdarlıq edib ki, ABŞ-ın hücumları təkrarlanacağı təqdirdə, İranın cavabı "daha qətiyyətli" olacaqdır.