İsrail ABŞ zərbəsi halında İranın mümkün raket hücumlarına hazırlaşır

İsrail ABŞ zərbəsi halında İranın mümkün raket hücumlarına hazırlaşır
Yayınlanma tarixi: 2/20/2026 9:43:54 PM

İsrail Ordusu regiondakı vəziyyətin inkişafı və İran ətrafında aktiv ictimai müzakirələr fonunda hazırlıq səviyyəsinin artırıldığını bəyan edib

İslamazeri.com xəbər verir ki, müvafiq açıqlama İsrail ordusunun nümayəndəsi Efi Dafrin tərəfindən verilib.

Onun sözlərinə görə, İsrail hərbçiləri regionda baş verənləri diqqətlə izləyir və əməliyyat vəziyyətində mümkün dəyişiklikləri təhlil edirlər. O vurğulayıb ki, ordu müdafiə baxımından yüksək hazırlıq vəziyyətindədir və istənilən ssenariyə operativ reaksiya verməyə hazırdır. Dafrin qeyd edib ki, təhlükəsizlik qüvvələri vəziyyəti daim nəzarətdə saxlayır. Eyni zamanda o dəqiqləşdirib ki, hazırda əhali üçün rəsmi təlimatlar dəyişməz olaraq qalır.

SAXAL nümayəndəsi vətəndaşları yalnız ordunun və Arxa Cəbhə Komandanlığının rəsmi və yoxlanılmış kanallar vasitəsilə yayılan məlumatlarına əsaslanmağa çağırıb. Qurum gərgin regional şəraitdə şayiələrin və təsdiqlənməmiş məlumatların yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

İsrail mediası yazır ki, İsrail rəhbərliyi İran ətrafında artan gərginlik fonunda hərbi hazırlığı gücləndirir. Təhlükəsizlik sistemində hesab edirlər ki, regionda birbaşa hərbi toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artıb və hadisələrin müxtəlif inkişaf ssenarilərinə hazırlaşırlar.

İsrail  Ordusu gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə keçirilib. Müdafiə dairələrindəki mənbələrin məlumatına görə, hərbçilər həm cavab zərbələri halında müdafiə tədbirlərini, həm də mümkün hücum əməliyyatlarını işləyib hazırlayırlar. Regional vəziyyətin monitorinqi gücləndirilib, müxtəlif istiqamətlərdən potensial təhdidlərə diqqət artırılıb.

“Maariv” nəşrinin hərbi müxbiri Avi Ashkenazi 103FM radiostansiyasının efirində bildirib ki, İsrail təhlükəsizlik sistemində eskalasiya ehtimalının yüksək olması ilə bağlı demək olar ki, şübhə yoxdur. 

General Şay Klepperin rəhbərliyi ilə Arxa Cəbhə Komandanlığı regional şöbələrin rəhbərləri ilə bir sıra müşavirələr keçirib. Diqqət mərkəzində Səhiyyə Nazirliyi, xəstəxanalar, sığorta şirkətləri və təcili yardım təşkilatları ilə fəaliyyətin koordinasiyası olub. Həmçinin kritik əhəmiyyətli infrastrukturla qarşılıqlı fəaliyyət məsələsi müzakirə edilib.

Təlimlərə raket zərbələrinə cavabın modelləşdirilməsi və xidmətlərin fasiləsiz fəaliyyətinin təmin olunması daxil edilib. Danışıqların pozulacağı təqdirdə ABŞ-ın İrana zərbə endirməsi variantı nəzərdən keçirilib. Bu, Tehranın kəskin reaksiyasına və İsrailə kütləvi raket buraxılışlarına səbəb ola bilər. Zərbələr birbaşa İrandan və ya Yəmən, İraq və Livandakı müttəfiqlər vasitəsilə endirilə bilər.

İsrail Hərbi Hava Qüvvələri general Tomer Barın komandanlığı altında müxtəlif ssenarilərə hazırlaşır. Bazaların və texnoloji komplekslərin qorunması üzrə tədbirlər həyata keçirilir. Məqsəd döyüş hazırlığını və hücumlara cavab vermək qabiliyyətini qoruyub saxlamaqdır.

Qeyd edək ki, 12 günlük müharibə zamanı İsrailin 10 mindən çox ev sahibi "evsiz qaldığına görə" rəsmi qurumlara müraciət etmişdi. İsrail tərəfi isə senzuranı götürmədiyinə görə, 12 günlük real itkilər və müharibənin nəticələrini açıqlamır.

GÜNÜN MANŞETLERİ