İsrail qüvvələrinin Qəzza zolağında ərzaq yardımı almaq üçün toplaşan minlərlə fələstinliyə atəş açması nəticəsində çoxlu insan yaralanıb.
İslamazeri.com xəbər verir ki, beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsində toplaşan minlərlə fələstinli İsrail ordusunun hədəfinə tuş gəlib.
Məlumata görə, şəhərin cənub-qərbində yerləşdirilən İsrail qüvvələri kömək üçün toplaşan minlərlə fələstinliyə ağır silahlardan atəş açıb.
Sionist rejim qüvvələrinin açdığı atəş nəticəsində çoxlu fələstinli güllələnərək yaralanarkən, hadisədən sonra izdihamda əzilən bir çox insan yaralanıb.
Təxminən 800 min fələstinlinin aclıq və susuzluq təhlükəsi ilə üzləşdiyi Qəzza zolağının şimalına bir ayda ilk dəfə ərzaq yardımı bu gün gəlib.
Digər tərəfdən, sionist rejimin gecə boyu Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və quru hücumları nəticəsində 100-dən çox fələstinli şəhid olub və çoxlu sayda insan yaralanıb.
Qəzzanın mərkəzi hissəsindəki Dərəc rayonunda məskunlaşan Kasım, Hassuna, Zuh və Şubki ailələrinin qaldığı binanın bombalanması nəticəsində 50 nəfər şəhid olub.
Hücum zamanı şəhid olanların cənazələri Şifa və El-Ehli Baptist xəstəxanalarına aparılıb. İsrail artilleriya birliklərinin Zeytun və Sabra məhəllələrinə hücumları nəticəsində 5 nəfər şəhid olub, 10 nəfər yaralanıb.