İsrail qüvvələri bu gün, çərşənbə axşamı günü Suriyanın Dəra əyalitinin qərb kəndlərindən olan Məriyə və Qüneytranın cənub kəndlərindən olan Əl-Bəsali kəndlərinə daxil olub.
İslamazeri.com-un xəbərinə görə, SANA agentliyinin Dərədəki müxbiri xəbər verir ki, işğalçı qüvvələrə məxsus iki hərbi avtomobil və bir ağır texnikadan (traktor/buldozer) ibarət dəstə əyalətin Məriyə kəndindəki Əl-Cəzirə kazarmasından hərəkət edərək Məriyə kəndinə daxil olub. Hərbi qrup kazarmaya aparan yolu açdıqdan sonra ərazidən geri çəkilib.
Qüneytra əyalətindən SANA müxbirinin verdiyi məlumata görə isə, İsrail işğalçı qüvvələrinin digər bir dəstəsi bu gün sübh saatlarında Qüneytranın cənubundakı Əl-Bəsali kəndinə daxil olaraq mülki şəxslərin bir neçə evində axtarış aparıb və daha sonra ərazidən uzaqlaşıb.
Dünən, bazar ertəsi günü də İsrail işğalçı qüvvələrinin üç hərbi texnikadan ibarət dəstəsi Qüneytranın şimalındakı Ofaniya kəndi ilə Xan Ərnəbə qəsəbəsi arasına daxil olaraq müvəqqəti hərbi post qurub və yoldan keçənləri yoxladıqdan sonra ərazini tərk edib.
İsrail Suriyanın cənubuna daxil olmaqla və yerli sakinlərə qarşı təzyiqlər törətməklə 1974-cü il tarixli qoşunların geri çəkilməsi haqqında sazişi (atəşkəs razılaşmasını) pozmağa davam edir.
Suriya hökuməti İsrail işğalçı qüvvələrinin onun ərazilərindən çıxmasını mütəmadi olaraq tələb edir və vurğulayır ki, İsrailin atdığı bütün addımlar beynəlxalq hüquqa görə hökmsüz və etibarsızdır, heç bir hüquqi nəticə doğurmur. Suriya həmçinin beynəlxalq birliyi öz məsuliyyətini yerinə yetirməyə və İsraili Suriyanın cənubundan tamamilə geri çəkilməyə məcbur etməyə çağırır.