İsrail qüvvələri BMT-nin qərargahını buldozerlərlə sökdü

İsrail qüvvələri BMT-nin qərargahını buldozerlərlə sökdü
Yayınlanma tarixi: 1/20/2026 3:47:01 PM

İsrail qüvvələri Şərqi Qüdsdəki Birləşmiş Millətlər Təşkilatının qərargahını buldozerlərlə sökməyə başlayıb. İsrail naziri Ben-Qvir bunu "tarixi bir gün" adlandırıb.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) öz platformasında verdiyi açıqlamada, İsrail qüvvələrinin Şeyx Cərrah məhəlləsindəki qərargaha daxil olduğunu, personaldan elektron cihazları müsadirə etdiyini və işçiləri binadan zorla çıxardığını açıqlayıb.

UNRWA bildirib ki, "Bu, yalnız UNRWA-ya və onun obyektlərinə qarşı görünməmiş bir hücum deyil, həm də beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının imtiyaz və toxunulmazlıqlarının ciddi şəkildə pozulmasıdır".

Binaya buldozerlərin daxil olduğunu göstərən görüntülər sonradan sosial mediada yayılıb.

Qeyd edək ki, İsrail hökuməti uzun müddətdir ki, UNRWA-nı Fələstin tərəfdarı olmaqda tənqid edir və təşkilatı HƏMAS ilə əlaqəli olmaqda ittiham edir. UNRWA bu iddiaları qətiyyətlə rədd edir.

İsrail Xarici İşlər Nazirliyi söküntünü müdafiə edərək, bunun UNRWA-nın fəaliyyətini qadağan edən yeni qanun çərçivəsində həyata keçirildiyini iddia edib.

Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir yazılı açıqlamasında söküntü qruplarına yoldaşlıq etdiyini və bu günü "tarixi bir gün" adlandırdığını bildirib.

UNRWA Qəzza zolağında və işğal olunmuş Qərb Sahilindəki Fələstin qaçqın düşərgələrində infrastrukturu idarə edir; həmçinin Qəzza və Qərb Sahilində, eləcə də İordaniya, Livan və Suriyada məktəblər idarə edir və səhiyyə xidmətləri göstərir.

GÜNÜN MANŞETLERİ