İsveçdə Quranın təhqir olunmasına göstərilən reaksiyalar davam edir

İsveçdə Quranın təhqir olunmasına göstərilən reaksiyalar davam edir
Yayınlanma tarixi: 22.07.2023 11:00:53

İsveçdə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin təhqir olunmasına dünyanın hər tərəfindən göstərilən reaksiyalar davam edir.

İslamazeri.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın tapdalanmasına reaksiya verib.

İƏT-in Baş katibi Hüseyn İbrahim Taha tərəfindən edilən yazılı açıqlamada təxribat xarakterli hərəkət pislənilib və İsveç hakimiyyətinin bu alçaq hərəkətin ağır nəticələrinə baxmayaraq, bu cür hərəkətlərə icazə verməsindən dərin məyusluq ifadə olunub.

Bəyanatda İsveç hakimiyyət orqanlarını “ekstremist qruplara və ayrı-ayrı şəxslərə imkan verməməyə, belə təhlükəli təxribatçı əməllərin təkrarlanmamasına” çağırılıb.

Qətər Stokholmda Qurani-Kərim təhqir edilməsinə icazə verilməsinə cavab olaraq İsveçə etiraz notası verib.

Etiraz notasında “İsveç hakimiyyətinin bu biabırçı əməlləri dayandırmaq üçün lazımi addımları atması” tələbi yer alıb.

Xarici İşlər Nazirliyinin açıqlamasında İsveçdə Qurani-Kərimə yönəldilmiş təkrarlanan hücuma icazə verilməsi və səlahiyyətlilərin bunun qarşısını almaq üçün heç bir addım atmamasını qətiyyətlə pisləndiyi bildirilib.

Bəyanatda “ifadə azadlığı” adı altında Qurana qarşı hücumlara icazə verilməsinin nifrəti alovlandırdığı və sülh içində bir arada yaşamaq mədəniyyətini təhdid etdiyi vurğulanıb.

Pakistan da İsveçdə Qurani-Kərimi hədəf alan hücumu sərt şəkildə qınayıb.

Vurğulanıb ki, dini nifrətə qarşı qəsdən və təxribat xarakterli hərəkətlərə yol verilməsinə ifadə, fikir və etiraz azadlığı adı altında haqq qazandırıla bilməz.

Səudiyyə Ərəbistanı İsveçin hücuma icazə verməsini “məsuliyyətsizlik” adlandırarkən, İran İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdı.

Daha əvvəl İsveçdə Quran yandıran İraq əsilli Salvan Momika dünən Stokholmdakı İraq səfirliyi qarşısında Quranı və İraq bayrağını ayağının altına alaraq İslam dinini təhqir etmişdi.

GÜNÜN MANŞETLERİ