Kılıçdaroğlu Azərbaycan, İran və Zəngəzur dəhlizi haqda

Kılıçdaroğlu Azərbaycan, İran və Zəngəzur dəhlizi haqda
Yayınlanma tarixi: 25.05.2023 11:55:22

Kılıçdaroğlu “Babala TV” internet televiziyasında Oğuzhan Uğurun “Mövzular Açıq Mikrofon” proqramının qonağı olub.

İslamazeri.com xəbər verir ki, “Millət İttifaqı”nın Türkiyə prezidentliyinə vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “Babala TV” internet televiziyasında Oğuzhan Uğurun “Mövzular Açıq Mikrofon” proqramının qonağı olub.

 CHP sədri verilişdə Azərbaycanla münasibətlərdən də danışıb.

O bildirib ki, prezident seçilsə, səfər edəcəyi ilk ölkələrdən biri Azərbaycan olacaq:

“Prezident olduğumda ilk səfərim dövlət ənənələrinə uyğun olaraq Şimali Kipr Türk Respublikasına, ikincisi də təbii olaraq Azərbaycana olacaq. Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında bir fərq yoxdur. Azərbaycanla olan birliyimiz, dostluğumuz heç bir partiya baxımından fərqli düşünülə bilməz, nə mən, nə də digər partiyalar, bunun altından xüsusilə xətt çəkmək istəyirəm”.

K.Kılıçdaroğlu Zəngəzur dəhlizi məsələsindən də bəhs edib:

“Bizim başlıca hədəfimiz Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək və Türkiyə və türk cümhuriyyətləri arasındakı bağları gücləndirən iqtisadi zəmin yaratmaqdır. Bir də Zəngəzur dəhlizi var, bu dəhlizi açmaq lazımdır. Bu dəhlizin açılması üçün tərəflərin uzlaşması və Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi vacibdir. İranla Ermənistan arasındakı birlik bu dəhlizin açılmasını bir az çətin nöqtəyə daşıyır.

Əgər Türkiyə öz gücündən istifadə edib dostluğu bölgəyə yayarsa, bu dəhlizin açılmasının həm Türkiyəyə, həm İran və Ermənistana, həm də türk cümhuriyyətlərinə böyük fayda verəcəyini və bu ortaya çıxacaq iqtisadi nəticənin bütün ölkələr tərəfindən paylaşıla biləcəyini izah edə və razı sala bilsə, Türkiyə öz bölgəsində çox güclü olacaq.

Azərbaycana gedib-gələn, həm də bürokrat kimi gedib-gəlmiş, azərbaycanlılarla tez-tez bir araya gələn biri olaraq deyirəm, heç kim narahat olmasın. Təkcə mən yox, bütün siyasi partiyalar olaraq Azərbaycanla bağlı eyni şeyləri düşünürük”, – o əlavə edib.

GÜNÜN MANŞETLERİ