Livan Müqavimətindən İsrailə genişmiqyaslı pusqu əməliyyatları

Livan Müqavimətindən İsrailə genişmiqyaslı pusqu əməliyyatları
Yayınlanma tarixi: 6/14/2026 12:35:51 PM

Livan Müqavimətindən İsrailə genişmiqyaslı pusqu əməliyyatları

İslamazeri.com xəbər verir ki, Livan müqavimət hərəkatı Hizbullah İsrail ordusunun cənub sərhəd xəttindəki sızma cəhdlərinin qarşısını aldığını və onlara qarşı genişmiqyaslı pusqu əməliyyatları qurduğunu elan edib.

Müqavimət hərəkatının yaydığı əməliyyat hesabatlarına əsasən, Məcdəl Zun və Kəfər Təbnit bölgələrində İsrail bölmələri ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalıb.

Məcdəl Zun istiqaməti: Məcdəl Zun qəsəbəsinə sızmağa çalışan İsrail bölməsini aşkar edən müqavimət döyüşçüləri iki saat davam edən şiddətli atışmaya başlayıblar. Yüngül, orta və raketatan silahlardan istifadə edilən döyüşdə İsrail qüvvələrini müşayiət edən bir sıra hərbi texnika məhv edilərək yandırılıb. Paralel olaraq, qəsəbənin cənub və cənub-şərq ətraflarında yerləşən İsrail toplanma məntəqələrinə üç ayrı raket zərbəsi endirilib.

Kəfər Təbnit istiqaməti: Gecə saatlarında Ərnun-Zafata yolu vasitəsilə sızma cəhdi göstərən İsrail piyada bölməsi isə Kəfər Təbnit qəsəbəsində əvvəlcədən hazırlanmış “ölüm zonasına” çəkilib. Döyüşçülər partlayıcı qurğuları işə salaraq və intensiv artilleriya atəşi açaraq piyada bölməsini geri çəkilməyə məcbur ediblər. Qarşıdurmanın davamında qəsəbə kənarındakı İsrail hərbi karvanı raketlərlə vurulub.

Gün ərzində davam edən əməliyyatlar çərçivəsində Yəhmər əş-Şəkidəki İsrail komandanlıq mərkəzi “Ababil” tipli zərbə PUA-ları ilə vurulub; Xiyam şəhərindəki canlı qüvvə cəmləşməsi və “Namera” tipli bir zirehli texnika hədəf alınıb. Bundan əlavə, Əl-Ədisədəki artilleriya mövqeləri və Cədidə Meys əl-Cəbəldəki hərbi nəqliyyat qrupları zərərsizləşdirilib.

Müqavimət qüvvələri Əl-Tuffah bölgəsinin hava məkanına daxil olan İsrailə məxsus “Hermes 450-Zik” tipli pilotsuz uçuş aparatını zenit raketi ilə vuraraq bölgədən uzaqlaşdırıblar.

Hizbullah vurğulayıb ki, bu əməliyyatlar İsrailin atəşkəs razılaşmasını mütəmadi olaraq pozmasına, həmçinin Beyrutun cənub məhəllələrində və cənub kəndlərində mülki şəxsləri, tibb işçilərini və yaşayış binalarını hədəf almasına qarşı qanuni bir cavabdır. Müqavimət cəbhəsi Livanı və xalqını müdafiə etmək naminə sərhəd xəttindəki hərbi qarşıdurmaların və pusqu strategiyasının davam edəcəyini bildirib.

GÜNÜN MANŞETLERİ