İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bakıya səfərinin ilk dəqiqələrində Azərbaycan xalqına və möminlərə başsağlığı verib.
İslamazeri.com xəbər verir ki, "Mehr" agentliyinin ezam olunmuş müxbirinin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə və rəsmi şəxslərə açıqlama verən parlament sədri, Məhərrəm ayının matəm günlərinin gəlişi münasibətilə Azərbaycan xalqına dərin hüznlə təziyələrini çatdırıb.
Görüş zamanı Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı da Məhərrəmlik rəmzinə toxunaraq, bu müqəddəs ayın İslam dünyası üçün bir birlik rəmzi olduğunu vurğulayıb.
Bu tədbir əməkdaşlığı gücləndirəcək
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Parlamentləri İttifaqının (PUIC) konfransında iştirak etmək üçün gələn Qalibaf, regionun mövcud həssas şəraitində bu sammitin böyük əhəmiyyət daşıdığını bildirib. O, iş qrafikinin həddindən ziyadə sıx olmasına baxmayaraq, qonşu və dost Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyi üçün bu səfərə gəldiyini ifadə edib.
Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı isə öz növbəsində qonşuluğumuzda müharibənin tərəfdarı olmadığımızı bildirub: “Əgər qonşunun evində bir hadisə baş verərsə, şübhəsiz ki, qonşuların da rahatlığı pozulacaq. Buna görə də etiraf etmək lazımdır ki, rifah və əməkdaşlıq mehriban qonşuluqdadır və xoşbəxtlikdən iki ölkə arasında yaxşı iqtisadi əlaqələr və parlament münasibətlərinin inkişafı üçün gözəl şərait mövcuddur.”
Musa Qasımlı: "Azərbaycan tərəfindən qonşulara zərrə qədər də zərər gəlməyəcək. İslam dini birlik, əməkdaşlıq və qardaşlığı əmr edir. Mehriban qonşuluq və iqtisadi-parlament əlaqələrinin inkişafı hər iki xalqın rifahı üçün əsas şərtdir."
Görüşdə həmçinin regionda sülhün bərqərar olması, qonşuluqda müharibələrin yolverilməzliyi və parlamentlərarası dostluq əlaqələrinin gələcək perspektivləri ətrafında mühüm fikirlər mübadiləsi aparılıb.