Pakistan-Əfqanıstan sərhədində gərginlik artır.
İslamazeri.com xəbər verir ki, Pakistan təhlükəsizlik qüvvələrinin Əfqanıstan sərhədi boyunca keçirdiyi quru əməliyyatında onlarla insanın öldüyünü açıqlayıb.
Associated Press-in Pakistan hərbi rəsmilərinə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca kəşfiyyata əsaslanan quru əməliyyatı həyata keçirib. Əməliyyatdan sonra sərhəd bölgəsindəki silahlı qruplara məxsus sığınacaqları hədəf alan "dəqiq" hava hücumları həyata keçirilib. Əməliyyatda 29 silahlı şəxsin öldürüldüyü bildirilib.
Bu arada, Əfqanıstan hökuməti Pakistanın şərqindəki hücumlarda onlarla mülki şəxsin öldürüldüyünü açıqlayıb.
Taliban sözçüsü Zəbihullah Mücahid bazar ertəsi günü X platformasında yayımlanan açıqlamada hava hücumlarının Paktika, Paktiya və Kunar əyalətlərini hədəf aldığını və onlarla mülki şəxsin öldüyünü və yaralandığını bildirib.
Mücahid Pakistanın hərbi hücumlarını "qorxaqcasına təcavüz aktı" adlandırıb.
Əməliyyat, əvvəlki gün silahlı şəxslərin Pakistanın cənubundakı liman şəhəri olan Karaçidə hərbiləşdirilmiş "Sərhəd Mühafizəçiləri" regional qərargahına odlu silah və partlayıcı maddələrdən istifadə edərək hücumundan sonra baş verib.
Hücumda üç Pakistan təhlükəsizlik zabiti öldürülüb. Sind əyalətinin Təhlükəsizlik üzrə Baş Müfəttişi Cavad Alam Odo, Sind qərargahına edilən hücumda üç hücumçunun da öldürüldüyünü bildirdi. Pakistan ordusu yaralı şəkildə ələ keçirilən dördüncü hücumçunun Əfqanıstan vətəndaşı olduğunu bildirib.
Pakistan Talibanının bir parçası olan Camaat-ül-Əhrar ötən şənbə axşamı yayımladığı bəyanatda Karaçi hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.