Pezeşkian: Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəyirəm - ƏTRAFLI

Pezeşkian: Hücuma məruz qalan qonşu ölkələrdən üzr istəyirəm - ƏTRAFLI
Yayınlanma tarixi: 3/7/2026 2:20:01 PM

İran prezidenti Pezeşkian televiziyada xalqa müraciət edərək ölkənin müdafiə strategiyası ilə bağlı kritik açıqlamalar verib.

İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İran xalqına video müraciət ünvanlayıb.

O deyib: “Bir daha ölkəmizin ali rəhbərinin və böyük komandirlərimizin şəhid olmasını başsağlığı verirəm. Həmçinin insan haqları, azadlıq və insanlıq iddiasında olanların bombardmanı nəticəsində şəhid edilən məzlum və günahsız şagirdlərin ölümünə görə təəssüf edirəm. Təəssüf ki, beynəlxalq qanunlara məhəl qoymadan istədikləri yeri bombardman edirlər və ölkəmizdə məktəbləri, xəstəxanaları və müxtəlif mərkəzləri hədəf almaqdan çəkinmirlər.”

Meydanlarda olun

“Ölkəmizin hörmətli xalqından xahiş edirəm ki, mövcud çətinliklərə baxmayaraq hər gecə meydanda olsunlar. İstər iranlı olsun, istərsə də İranda yaşayan hər kəs – hansı dinə mənsub olmasından asılı olmayaraq – İran torpaqlarının bütövlüyünü müdafiə etmək üçün iştirak etməlidir. Bu, düşmənlərin planlarını puça çıxaracaq.”, -deyən Pezeşkian İran xalqına təşəkkür edib.

Xalqa təşəkkür

Sonra o deyib: “Biz bu böyük xalqa minnətdarıq. Aramızda olan bütün ixtilafları bu gün kənara qoymalıyıq. Hamımız birlikdə suyumuzu, torpağımızı və vətənimizi güclə müdafiə etməliyik və son nəfəsimizə qədər dayanaraq İranı mövcud böhrandan başıuca çıxarmağa çalışacağıq.”

Kapitulyasiya düşmənin xəyallarıdır

Pezeşkian “Şərtsiz şəkildə təslim olacağımızı düşünmək düşmənlərin boş xəyallarıdır. Biz beynəlxalq qanunlara və humanist prinsiplərə sadiqik və digər ölkələr də buna riayət etməlidir. Onların İranın və digər ölkələrin hüquqlarını görməzlikdən gəlməyə haqqı yoxdur.”, -deyə bildirib.

Qonşu ölkələrdən üzr istəyirəm, onlardan bizə hücum edilmədiyi halda raket atılmamalıdır

İran prezidenti sonra sözlərinə belə davam edib: “İran tərəfindən hücuma məruz qalan qonşu ölkələrdən – öz adımdan və İran adından üzr istəyirəm. Çünki baş verən prosesdə rəhbərimiz, komandirlərimiz və əzizlərimiz düşmənlərin vəhşi hücumu nəticəsində həyatlarını itirdilər. Komandirlər olmadıqda silahlı qüvvələrimiz lazım olan tədbirləri görərək ölkəmizi şərəflə müdafiə etdilər. Bizim qonşu ölkələrə qarşı təcavüz niyyətimiz yoxdur. Onlar bizim qardaşlarımızdır və bu bölgədə birlikdə sülh və sabitliyi təmin etməliyik. Dünən müvəqqəti rəhbərlik şurasında qərar qəbul edildi və silahlı qüvvələrə bildirildi ki, qonşu ölkələrə hücum edilməməlidir və onlardan bizə hücum edilmədiyi halda raket atılmamalıdır. Bu məsələlər diplomatiya ilə həll olunmalıdır, qonşularla münaqişə ilə yox.”

Biz xalqa xidmət edirik

Hökümətin vəzifə başında olduğunu deyən İran prezidenti “Əziz xalqımız bilməlidir ki, hökumətdə bütün nazirlər və qüvvələr bütün gücləri ilə işləyirlər və əlimizdən gələni edəcəyik. Biz bu xalqa xidmət edirik. Təəssüf ki, müharibə şəraitidir və biz özümüzü tammiqyaslı müharibəyə hazırlamışıq və hazırlayacağıq. Bu mübarək ayda Allahdan istəyirik ki, ölkəmizin bütövlüyünü və xalqımızın qürurunu şərəflə müdafiə etmək üçün bizə iman versin.”, -deyə qeyd edib.

Qonşu ölkələrdəki qruplara xəbərdarlıq

Pezeşkian daha sonra deyib: “Qonşu ölkələrdə bəzi qruplar bu fürsətdən istifadə edib torpağımıza hücum etməyi düşünürlərsə, onlara deyirəm: imperializmin oyuncağı olmasınlar.”

Müxaliflərə xəbərdarlıq

İran prezidenti sözlərinin sonunda “Aramızda fikir ayrılıqları ola bilər, amma indi İsrail və ABŞ-ın dəstəyi ilə törədilən soyqırımı şəraitində onların yanında olmaq şərəfsizlikdir. Azadlıq və ləyaqət yalançılar və dünyanı istismar edənlərin yanında əldə olunmaz. Əgər aramızda problem varsa, onu özümüz həll etməliyik, amma İsrail və Amerikanın oyuncağı olmamalıyıq.”, -deyə qeyd edib.

GÜNÜN MANŞETLERİ