Putinin köməkçisi: Bin Laden ABŞ-ın agenti idi
“Əl-Qaidə” terror təşkilatının öldürülmüş başçısı Usama bin Laden ABŞ-ın agenti olub.
İslamazeri.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev bəyan edib.
O bildirib ki, illər öncə Rusiyanın FTX-si ilə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ, CIA) bin Ladenin məhv edilməsi üçün birgə əməliyyat üzərində işləyirdi. Bu əməliyyat isə iki ölkə prezidentlərinin razılığı əsasında hazırlanırdı.
“(Bu əməliyyat zamanı) Rusiya və ABŞ-ın hərəsinin öz rolu var idi: bir tərəfdən FTX, digər tərəfdən isə MKİ idi. Onlar (ABŞ) bizdən xahiş etdi ki, biz bin Ladenin olduğu yerə mayak quraşdıraq. Onları isə həmin nöqtəyə zərbə endirərək onu məhv etməli idilər. Bu cür razılaşmışdıq”, – deyə Patruşev qeyd edib.
O əlavə edib ki, Rusiya xüsusi xidmət orqanları razılığın şərtini yerinə yetirdi, lakin ABŞ tərəfi isə öz işini görmədi.
“ABŞ tərəfi əmin idi ki, biz məsələni həll edə bilməyəcəyik. Lakin biz öz öhdəmizə düşəni etdik. Onlar isə bir iş görmədilər, zərbə endirmədilər”, – deyə Patruşev vurğulayıb.
O deyib ki, bu hadisədən sonra MKİ direktoru əməliyyatın nəyə görə yarımçıq saxlanıldığını, ABŞ tərəfinin öz missiyasını nə üçün yerinə yetirmədiyini izah edə bilmədi.
“Biz ki ben Ladenin onların (ABŞ-ın) agenti olduğunu bilirik. (ABŞ) son ana qədər ondan istifadə etdi. Ben Laden artıq onların əl-ayağına dolaşmağa başladıqda – xüsusi xidmət orqanlarının fəaliyyətinə xələl gətiməyə başladıqda onu məhv etdilər”, – deyə Patruşev bildirib.
Xatırladaq ki, Patruşev daha öncə – 2008-2024-cü illərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi, 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin (FTB, FSB) direktoru vəzifəsində işləyib.