Qalibaf: Şəhid liderin qatilləri cəzalandırılacaq.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran ərazisinə hücum edənlərin və ölkə şəhidlərinin qatillərinin cəzalandırılacağını vurğulayıb.
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam İnqilabının şəhid liderinin tarixi dəfn mərasimi münasibətilə yayımlanan mesajda İran xalqının kütləvi iştirakının ölkənin gələcəyinə doğru qətiyyət və birlik ruhunu simvolizə etdiyini bildirib.
Qalibaf qeyd edib ki, xalq 47 ildir İslam İnqilabının ən böyük dəstəkçiləridir və son dörd ay ərzində hər gecə Amerika və İsrail əleyhinə şüarlarla şəhid liderin qatillərinə qarşı qəzəblərini ifadə edərək qisas tələblərini təkrarlayıblar.
Qalibaf mesajında ilahi vədin mütləq yerinə yetiriləcəyini iddia edərək, İran ərazisinə hücum edənlərin və ölkə şəhidlərinin qatillərinin cəzalandırılacağını və son qisasın Qüdsün azad edilməsi ilə tamamlanacağını bildirib.
Qalibaf bildirib ki, İran xalqı dəfn mərasimində şəhid lideri ilə vidalaşarkən, eyni zamanda yeni Ali Lider Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə də sədaqət andı içib və xalqın İslam İnqilabının yolundan sapmadığını vurğulayıb.
İran Parlamentinin sədri bildirib ki, müdafiə, diplomatiya və danışıqlar prosesləri, iqtisadi problemlərin həlli sahələrində xalqın hüquqlarının qorunması üçün bütün resurslar səfərbər olunmalıdır. O, həmçinin şəhid liderin və hazırkı rəhbərliyin xalqa fasiləsiz xidmət göstərilməsi ilə bağlı tövsiyələrinin hakimiyyət orqanları tərəfindən həyata keçiriləcəyinə ümid etdiyini bildirib.