Qalibaf: Yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Qalibaf Məşhəddə İndoneziya Xalq Məclisinin sədri ilə görüşdə ABŞ-a etibar etmədiklərini bildirərək deyib: "Yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər".
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Məşhəddə İndoneziya Xalq Məclisinin sədri Əhməd Muzanini və onun nümayəndə heyətini qəbul edib.
Qalibaf İndoneziya hökumətinə, parlamentinə və xalqına İrana qarşı başsağlığı və həmrəylik mesajlarına görə təşəkkür edərək, "İndoneziya xalqını İsrailə qarşı antiimperialist mövqeyi və mübarizəsi ilə tanıdıqlarını" söyləyib.
İranın heç vaxt müharibə istəmədiyini bildirən Qalibaf, Quranın onlara zülmə müqavimət göstərmək məsuliyyətini qoyduğunu və İran xalqının təzyiq qarşısında təslim olmayacağını qeyd edib.
Qalibaf bildirib ki, ABŞ, İsrail və NATO son münaqişələrdən əvvəl İranı tez bir zamanda ram edə biləcəklərini düşünürdülər, lakin məqsədlərinə çata bilmədilər.
ABŞ-a etibar etmədiklərini vurğulayan Qalibaf bildirib ki, "Danışıqlar zamanı ABŞ vitse-prezidentinə onlara etibar etmədiyimizi açıq şəkildə bildirdim. Mənim fikrimcə, yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər".
İran rəsmisi ölkəsinin müdafiə hazırlıqlarından əl çəkməyəcəyini və Vaşinqtonun razılaşmanı pozacağı təqdirdə İranın hərtərəfli cavab verməyə hazır olduğunu bildirib.
Qalibaf həmçinin İran və İndoneziya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsinə, eləcə də parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə çağırıb.
İndoneziya Xalq Məclisinin sədri Əhməd Muzani şəhid lider üçün İran xalqına başsağlığı verib və İndoneziya xalqının ağrını İran xalqı ilə bölüşdüyünü bildirib. Muzani ölkəsinin İran və ABŞ arasında müharibənin sona çatması səylərini dəstəklədiyini və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını istədiyini bildirib.
Görüşdə iştirak edən İndoneziya xarici işlər naziri Sugiono hökuməti adından İrana başsağlığı verib və xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın artırılmasını dəstəklədiklərini bildirib.