İsrailin Livanda RT (Russia Today) çəkiliş qrupuna hücumu Rusiyadan diplomatik reaksiya alıb.
İslamazeri.com xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, İsrailin Moskvadakı səfiri Oded Cozef 20 mart cümə günü RT əməkdaşlarının aldığı xəsarətlərlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir Cozef diplomatlarla təxminən 40 dəqiqə davam edən görüşdən sonra nazirliyi tərk edib. O, gedərkən müxbirlərin suallarını cavablandırmaqdan imtina edib.
RT əvvəllər müxbiri Stiv Suini və operatorun Livanın cənubunda İsrailin hücumu nəticəsində yaralandığını açıqlamışdı.
Hücumun Suini ərazidən reportaj hazırlayarkən müxbirlərin yaxınlığına raket düşməsi nəticəsində baş verdiyi bildirilir.
Hadisə zamanı RT əməkdaşlarının aydın görünən "Press" şəxsiyyət vəsiqəsi geyindikləri vurğulanıb. Hər iki yaralı media işçisi müalicə üçün xəstəxanaya aparılıb.
Hücumdan xəsarətlərlə sağ çıxan müxbir Stiv Suini xəstəxanadan verdiyi açıqlamada İsrail hücumundan əvvəl heç bir xəbərdarlıq edilmədiyini bildirib.
Çəkiliş zamanı təyyarələrin səsini daim eşitdiklərini deyən Suini, yaşadıqları dəhşəti "Sağ qalmağımız təəccüblüdür" sözləri ilə ifadə etdi. Suini hücumun birbaşa mətbuat fəaliyyətinin həyata keçirildiyi ərazini hədəf aldığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı jurnalistlərə edilən hücumun təsadüf hesab edilə bilməyəcəyini bildirib.
Zaxarova raketin "strateji əhəmiyyətli hərbi obyekt"ə deyil, xəbərlərin yayımlandığı yerə düşdüyünü qeyd etdi. Sözçü Zaxarova açıqlamasında yaralı jurnalistlərə tezliklə sağalmalarını arzulayıb.