Hizbullahın Baş katibi Şeyx Naim Qasım, Livan İslami Müqavimətinin rəmzi simaları olan Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin şəhadətlərinin birinci ildönümü ilə bağlı açıqlamalar verib
İslamazeri.com xəbər verir ki, "Əl-Əhd" informasiya agentliyinə müsahibə verən Şeyx Naim Qasim, xalqın bu liderlərə bəslədiyi sonsuz sevginin müqavimətin cəmiyyətdəki dərin köklərindən xəbər verdiyini vurğulayıb.
"Sözümüzə sadiqik" şüarı gələcək hədəflərin rəmzidir
Dünyanın şahidlik etdiyi son hadisələrin Livan xalqının müqavimət iradəsini və qətiyyətini açıq şəkildə ortaya qoyduğunu bildirən Naim Qasim, "Sözümüzə sadiq qalırıq" şüarının təkcə bu günü deyil, həm də müqavimətin gələcək strategiyasını əks etdirdiyini qeyd edib. O, vida mərasimlərinin hər birinin hərbi və siyasi bəyannamə mahiyyəti daşıdığını, bu prosesin müqavimətə olan bağlılığı yenilədiyini və xalqın birliyini daha da poladlaşdırdığını ifadə edib.
Müqavimət sarsılmazdır: "Məğlubiyyət bizim üçün yaddır"
Şeyx Naim Qasim müqavimətin məruz qaldığı bütün qəsdlərə, hücumlara və verilən ağır itkilərə baxmayaraq sarsılmayacağını bildirərək deyib:
"Bu ideoloji, milli və fədakar müqavimət yenilməzdir; çünki o, haqq üzərində və haqq uğrunda qurulub. Bu yola inananlar, istər şəhadət, istərsə də zəfər yolu ilə olsun, mütləq uğura layiqdirlər."
Nəsrullahın mirası və yeni məsuliyyət
Seyid Həsən Nəsrullah ilə uzun illər davam edən silahdaşlıq yoluna toxunan Şeyx Qasım, hər iki liderin müqavimətin bütün kritik mərhələlərində çiyin-çiyinə mübarizə apardıqlarını xatırladıb:
-
"Rəhbərimiz ən uca məqama ucaldı, lakin mən şəxsən çox böyük itki verdim. Bir sığınacağımı, bir lideri və dahi bir zəkanı itirdim. Onun üçün darıxıram"
-
"Hizbullah və İslami Müqavimətə rəhbərlik etmək məsuliyyəti çox ağırdır. Bu hərəkatın əsas güc mənbəyi xalqdır; hərəkat onlara məxsusdur və onun əsl sahibi də onlardır."
Qətiyyətli mesaj: "Geri çəkilməyəcəyik"
Müqavimətin rəhbərliyini üzərinə götürdükdən sonra xalqa olan bağlılığının daha da artdığını qeyd edən Baş katib, qarşıdakı 15 aylıq kritik dövrdə səbir və strateji intizamla hərəkət edəcəklərini bildirib. O, əməliyyat planları barədə net mesaj verərək çıxışını bu sözlərlə tamamlayıb:
"Hərəkət vaxtı çatanda tərəddüd etməyəcəyik. Yolumuz aydındır: Torpaq bizimdir, müdafiə və müqavimət haqqımız qanunidir. Nə qədər fədakarlıq tələb olunursa olunsun, bizim lüğətimizdə məğlubiyyətə yer yoxdur. Şübhəsiz ki, zəfər yalnız mütləq güc və hikmət sahibi olan Allah tərəfindəndir."