Tehrandan Vaşinqtona sərt ultimatum: Qərarı ABŞ yox, İran verəcək

Tehrandan Vaşinqtona sərt ultimatum: Qərarı ABŞ yox, İran verəcək
Yayınlanma tarixi: 7/27/2026 1:40:01 PM

Tehrandan Vaşinqtona sərt ultimatum: Qərarı ABŞ yox, İran verəcək.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İranın milli təhlükəsizliyini və maraqlarını prioritet hesab etdiyini bildirərək əlavə edib: "Biz heç vaxt ABŞ-ın müharibə və sülh vaxtını təyin etməsinə icazə verməmişik və verməyəcəyik".

Həftəlik mətbuat konfransında Bəqayi Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin İranda insan hüquqları ilə bağlı açıqlamalarına cavab olaraq deyib:

"İran xalqının insan hüquqlarından narahat olduğunu deyən və bəzən bu məsələ ilə bağlı açıqlamalar verən xanım Kaja Kallasdan soruşmaq istəyirəm: Onlar iranlı deyillərmi? Həmçinin ötən həftə İran vətəndaş cəmiyyətini dəstəklədiyini iddia edən Fransa hökumətindən soruşuram; onlar iki diplomatının diplomatik toxunulmazlıq adı altında müdaxiləçi fəaliyyətlə məşğul olduqlarına görə İran tərəfindən məsuliyyətə cəlb edilməsi bəhanəsi ilə açıqlamalar veriblər. Bəs niyə Amerika hücumlarına məruz qalan İran xalqının əzab və çətinlikləri sizin humanitar hisslərinizi oyatmadı?"

Bəqayi ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının diplomatiya sahəsində iclasının keçirildiyini və xarici işlər naziri Abbas Əraqçinin iclas çərçivəsində müxtəlif əlaqələri olduğunu bildirib.

İranın atəşkəsi qəbul etdiyi və danışıqlara qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirən Bəqayi deyib: "Amerikalıların müharibəni necə idarə etdiklərini bilmirəm. İranı üç günə çökdürmək üçün planlaşdırılan müharibə, beş aydan sonra belə, onları müharibə bataqlığına sürükləyib. Bu, onların öz əlləri və sionist rejimin təhriki ilə yaratdıqları bir fiaskodur və onlar bunun bədəlini ödəməlidirlər".

Bəqayi əlavə edib: "Milli maraqlarımız hər şeydən üstündür. Bir ölkənin milli maraqlarına qərar vermək tək dəyişənli tənlik deyil; bir çox amillər nəzərə alınır. Bizim baxış bucağımızdan milli təhlükəsizlik müəyyənedici amildir. Biz heç vaxt ABŞ-a müharibə və sülhün vaxtını müəyyən etməyə icazə verməmişik və gələcəkdə də buna icazə verməyəcəyik". Bəqayi sözünə davam edərək deyib:

"Milli maraqlarımız tələb etdikdə özümüzü müdafiə edəcəyik. Və milli müdafiəmizi diplomatiya yolu ilə gücləndirə biləcəyimizə inandığımız zaman, mütləq diplomatik vasitələrdən istifadə edəcəyik".

Bəqayi Ukraynanın İran ticarət gəmisinə hücumu ilə bağlı açıqlamasında Ukrayna hökumətini dəstəkləyən bütün tərəflərin bu hadisəyə görə məsuliyyət daşımalı olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyinin ona Birinci Dünya Müharibəsindən əvvəl təhlükəli təxribatçı hərəkətlər edən anarxistləri xatırlatdığını bildirən Bəqayi qeyd edib:

"Beynəlxalq səviyyədə az çəkiyə malik bir aktyor kimi diqqəti cəlb etmək üçün edilən nümayişkaranə bir hərəkətin yalnız bu səviyyədə qalacağını düşünə bilməzsiniz. Nəticələri sizin üçün gözlənilməz olacaq."

Bəqayi iddia edib ki, Ukrayna son dörd ildə daim müxtəlif ölkələri günahlandırıb, lakin öz problemlərinin həllinə və ölkəsini və regionu müharibədən xilas etməyə diqqət yetirməyib.

Bəqayi Ukraynanın hərəkətinin tamamilə qanunsuz, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd və son dərəcə təhlükəli olduğunu bildirib və əlavə edib: "Bu hərəkət cavabsız qalmayacaq."

Bəqayi deyib: “Zelenskinin himayədarları diqqətli olmalıdırlar. Bu administrasiyanın hərəkətlərinin nəticələri dünyanın müxtəlif yerlərinə təsir edə bilər”.

Sözçü həmçinin qeyd edib ki, Xəzər dənizi ilə həmsərhəd olan ölkələr hadisədən narahatdırlar və Ukrayna məsuliyyət daşımalıdır.

GÜNÜN MANŞETLERİ