Trampdan Türkiyə də daxil olmaqla bölgə ölkələrinə təhdid: İbrahim sazişini imzalayın.
İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Tramp bir daha İranla danışıqlarda Türkiyə və İsrail də daxil olmaqla regional ölkələr arasında münasibətlərin normallaşmasını nəzərdə tutan İbrahim Sazişlərini gündəmə gətirib. Əvvəllər onların "dərhal" imzalanmalı olduğunu bildirən Tramp bu dəfə kabinet iclasında deyib: "Əgər onlar sazişi imzalamazlarsa, İranla razılaşma əldə etməyimizə əmin deyiləm".
ABŞ prezidenti Donald Tramp İranla davam edən atəşkəs və nüvə danışıqlarında İbrahim Sazişlərinin şərtini bir daha qaldırıb. Ağ Evdə kabinet iclasında çıxış edən Tramp bildirib ki, onlar İranla ortaq məxrəc axtarırlar, lakin regional ölkələrin İsrail ilə münasibətlərin normallaşmasını nəzərdə tutan İbrahim Sazişlərində iştirakı prosesin bir hissəsi olmalıdır.
Tramp xüsusi nümayəndəsi Stiv Vitkovdan prosesin vəziyyəti barədə soruşduqda, Vitkov bildirib ki, "Biz mütləq buna təkid edirik".
Tramp İranla hər hansı potensial razılaşmanı İbrahim Sazişlərinin genişləndirilməsi ilə əlaqələndirib.
ABŞ prezidenti, "Əgər onlar imzalamasalar, razılaşma əldə etməyimizə ehtiyacımız olduğundan əmin deyiləm" deyərək, regional ölkələrlə İsrail arasında münasibətlərin normallaşdırılmasını İran razılaşmasının siyasi şərtlərindən biri etdiyini bildirdi.
Tramp, Körfəz və regional ölkələrin İbrahim Sazişlərində iştirakının "tarixi" bir inkişaf olacağını iddia edərək, "Düzünü desəm, bunu bizə borcludurlar" deyə əlavə edib.
Həftəsonu verdiyi açıqlamada Tramp İranla atəşkəs danışıqlarını da İbrahim Sazişləri ilə əlaqələndirib.
Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla regional liderlərlə görüşünü xatırladan Tramp, Səudiyyə Ərəbistanı və Qətərin İbrahim Sazişlərini "dərhal" imzalamalı olduğunu və Türkiyə də daxil olmaqla digər ölkələrin də buna əməl etməsinin vacib olduğunu söyləyib.
Bu açıqlamada Tramp İranla razılaşmanın ya "hər kəs üçün əla bir razılaşma" olacağını, ya da "heç bir razılaşmanın olmayacağını" göstərərək, əks halda münaqişənin daha da şiddətlənə biləcəyi mesajını verib.