"Trampın Braziliyaya kiçik bir uşaq kimi davranmasını qəbul etmirik"
İslamazeri.com xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Braziliyanın şimal-şərqindəki Laranjeyras şəhərində gübrə fabrikinin açılışında çıxış edib.
Vaşinqton administrasiyasının Braziliyadakı iki cinayətkar dəstəni - "Comando Vermelho (CV)" və "Primeiro Comando da Capital (PCC)" - "terror təşkilatları" kimi təyin etməsi ilə bağlı Lula da Silva bildirib ki, "Biz uşaq kimi, kiçik bir banan respublikası kimi davranılmasını qəbul etmirik. Əgər (Tramp) həqiqətən Braziliyaya kömək etmək istəyirsə, Mayamidə yaşayan Braziliya dəstə liderlərini ekstradisiya etməklə başlaya bilər".
Lula da Silva əlavə edib ki, onlar artıq mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə aparırlar və deyib: "PCC və CV artıq böyük şəhərlərin ətrafında yaşayan insanlar üçün terror təşkilatlarıdır. Bu strukturlar insanların əmlakını oğurlayır və zorakılıq yolu ilə onlara zülm edir".
Lula da Silvanın çıxışından sonra Braziliya hökuməti də ABŞ-ı "suverenliyi" barədə xəbərdar edən bir bəyanat yayıb.
Cinayətkar təşkilatlarla mübarizədə əməkdaşlığa hazır olduğumuzu bildirən bəyanatda aşağıdakılar bildirilib:
“Cinayətkar təşkilatlarla mübarizəyə yönəlmiş bütün beynəlxalq əməkdaşlıq formaları xoş qarşılanır. Biz iştirak edən ölkələrə fayda verəcək birgə həllər hazırlamağa hazırıq. Lakin, suverenliyimizə və iqtisadiyyatımıza hücum etmək üçün bəhanə kimi istifadə edilə biləcək xaricdən qaynaqlanan özbaşına tədbirlərin həyata keçirilməsini qəbul etmirik. Milli suverenlik danışıqlara açıq deyil. Braziliya daxili işlərinə hər cür müdaxiləni rədd edir.”
Bəyanatda həmçinin Donald Tramp administrasiyasının CV və PCC təşkilatlarını “terrorçu” kimi siyahıya salmaq qərarının Braziliyanın bu qruplara qarşı mübarizəsini zəiflədə biləcəyi qeyd olunur və əlavə olunur: “Danışıqlar aparılmadan görülən birtərəfli tədbirlər cinayətkarlara qarşı mübarizəni zəiflədə və günahsız insanların həyatını təhlükəyə ata bilər. Bu, həmçinin hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi imkanlarını azalda bilər.”