Xanım Rüqəyyənin şəhid olduğunu gündür

Xanım Rüqəyyənin şəhid olduğunu gündür
Yayınlanma tarixi: 7/20/2026 11:36:52 AM

Bu gün – hicri-qəməri tarixi ilə səfər ayının 5-i imam Hüseynin(ə) üçyaşlı qızı Həzrət Rüqəyyənin (s.ə) şəhadətə yetdiyi gündür.

İslamazeri.com xatırladır ki, İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir.
Kitablarda  qeyd olunur ki, İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində aləmi-röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Bilirlər ki, balaca qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Əhli-beyt əsirləri özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də, gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar.

Tahir ibn Abdullah Dəməşqi deyir: Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Məxsusən, Zeynəbi-Kübra (ə) pərvanə kimi, o mübarək başın ətrafına dolanmağa başlayır. Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri imam Hüseynin (ə) müqəddəs başına deyir və ağlayırdı: “Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görmürdüm!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Sonra baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub!

Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər.

 

GÜNÜN MANŞETLERİ