Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İran İslam İnqilabının ildönümü münasibətilə İran İslam Respublikasının Prezidenti Masud Pezeşkiana təbrik məktubunda deyib
İslamazeri.com-un xəbərinə görə, təbrik mesajında iki ölkə arasında münasibətlərin dostluq və mehriban qonşuluq xarakteri daşıdığını vurğulayan Rusiya prezidenti bildirib ki, Moskva Tehranla əlaqələrin inkişafına xüsusi önəm verir.
O qeyd edib ki, Rusiya hazırkı mürəkkəb beynəlxalq şəraitdə İranın suveren hüquqlarını və qanuni maraqlarını qorumaq, eləcə də ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyir.
Vladimir Putin mesajında həmçinin Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın bundan sonra da ardıcıl şəkildə möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.
Rusiya prezidenti məktubunun sonunda Pezeşkiana möhkəm cansağlığı və uğurlar, İran xalqına isə rifah və firavanlıq arzulayıb.